Zelenskinin dostu AYNA-ya danışdı: “Bu, Putin üçün “əcəl zəngi”dir”

12-04-2022, 16:27           
Zelenskinin dostu AYNA-ya danışdı: “Bu, Putin üçün “əcəl zəngi”dir”
Şakir Eminbəyli: “Hərbi təcavüz səbəbindən ukraynalılar uzun illər rus xalqına qarşı nifrət hissi ilə yaşayacaqlar”

Böyük Britaniyanın Baş naziri Boris Consonun gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfəri dünya gündəminin əsas mövzularındandır. Səfər çərçivəsində Prezident Volodimir Zelenski ilə birlikdə mərkəzi Kiyev küçələrini gəzən Conson bununla Ukraynanı ən yüksək səviyyədə müdafiə etdiklərinə dair Kremlə mesaj ünvanladı.

Qeyd edək ki, Böyük Britaniya Rusiyaya qarşı koalisiyada lider dövlətlərdən hesab olunur və Moskvaya qarşı sərt maliyyə və iqtisadi sanksiyaların, Ukraynaya silah tədarükünün əsas təşəbbüskarlarından biridir.

Volodimir Zelenskinin azərbaycanlı dostu, bu günlərdə bu qaynar ölkədən qayıdan və dünyanın bir sıra nüfuzlu informasiya resurslarında çalışmış tanınmış jurnalist Şakir Eminbəyli AYNA-ya müsahibəsində Ukraynada baş verənlər barədə danışıb. Qeyd edək ki, Zelenski hələ Prezident olmamışdan öncə onu Azərbaycana səfəri zamanı Eminbəyli müşayiət edib.

– Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Buçada insanlıq əleyhinə soyrıqım törədir. Kremlin amansız işğal siyasətini doğuran səbəblər nədir?

– İstər Krımın ilhaqı, istərsə də Ukraynanın şərq vilayətlərinin işğalı özlüyündə baş verən qeyri-adi təbiət hadisəsi deyil. Bütün bunlar Rusiyanın qonşu ölkəyə qarşı apardığı hərbi təcavüz nəticəsində baş verib. Uzun illər Rusiya bu müdaxiləyə müxtəlif əcaib adlar qoyaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışsa da, sonunda özünün işğalçı siyasətini gizlədə bilmədi və əsl simasını açıq şəkildə göstərdi. De-fakto işğal etdiyi Donetsk və Luqansk adlı qondarma “xalq respublikalarını” tanımağa qərar verdi. Əslində isə bu qərar həm də Ukraynaya qarşı açıq təcavüzə start fiti idi. 24 fevralda fit çalındı, Ukraynaya ordu yeridildi.

Təcavüzə əsas kimi Putin və onun komandası yeni terminlər icad edərək ağılasığmaz səbəblər göstərir. “Demilitarizasiya” və “denasifikasiya” kimi ikrah doğuran ifadələrin altında əslində heç bir məna dayanmırdı. Ukraynanı faşizmdə ittiham etməyin özü artıq cəfəngiyatdır. Diqqət yetirsək, görəcəyik ki, müharibədən ay yarım müddət keçdikdən sonra rusların ilkin elan etdikləri “səbəbləri” artıq özləri belə, əvvəlki ritorika ilə səsləndirmirlər.

Məsələ burasındadır ki, təpədən dırnağacan korrupsiyaya uğramış, Rusiyaya son 22 ildə rəhbərlik edən Putinin ətrafı onun könlünü açan, ürəyini oxşayan məlumatı çatdırmaqda maraqlıdır. Alternativ mənbələrə etibar etməyən Putinə edilən məruzələrdə Ukraynanın ordusunu zəif və aciz olması, mifik rus hərb maşınının onları bir göz qırpımında darmadağın edəcəyi barədə məlumatlar ötürülürdü. Yaddan çıxarmayaq ki, müharibə həm də milyardlarla vəsaitin maraqlı tərəflərin ciblərinə axması deməkdir. Müharibədə hər kəsin bəlli marağı var. Putinin başlıca marağı Rusiya tarixində “rus torpaqlarını” genişləndirən hökmdar kimi qalmaqdır. Putin isə SSRİ-nin yaranmasının 100 illiyində özünə və ətrafına “hədiyyə etmək” istəyirdi – hansı ki, buna da nail olmadı.

– Böyük Britaniya və Avstriya liderləri gözlənilmədən Kiyevə səfər etdilər. Bu planlaşdırılmamış səfərlərin məqsədi nəydi?

– Dünyanın aparıcı dövlətlərinin Ukraynaya aşkar hərbi, iqtisadi yardımları fonunda indi də gözlənilməz səfərlərinin şahidi oluruq. Rusiyanın ünvanına çox sərt bəyanatlar səsləndirilir. Rusiya bu müharibədən üzüağ çıxmağa çalışsa da, ABŞ və Qərb müharibənin tezliklə bitməsinin tərəfdarı deyil. İqtisadi və hərbi cəhətdən Rusiyanı çökdürmək üçün illərdir aparılan gizli oyunlar Qərbin gözündə öz bəhrəsini verməkdədir. Bu səbəbdən də artıq “açıq kartlarla” oynayırlar. Rusiyanın blef edəcəyi alətlərin siyahısı getdikcə sıfıra enir. Ən vacib təzyiq elementi olan neft və qazdan demək olar ki, bütün Avropa ölkələri artıq imtina etməyə başlayıb. Xaricdəki bütün aktivlər dondurulur. Oliqarxlar təşviş içində artıq etiraz səslərini açıqca bildirirlər. Düşünürəm ki, bütün bu kimi riskləri hesablayan Qərb, risk dərəcəsinin cüzi olduğuna görə son addımlarını rahatlıqla, nümayşkaranə şəkildə atır.

– Moskva özü də bilirdi ki, Ukrayna NATO-ya üzv olmayacaq. Rusiyanın NATO bəhanəsi əslində hansı məqsədlərə xidmət edirdi?

– Putin gözəl bilirdi ki, Ukrayna nəinki sabah, heç yaxın 10 ildə belə, NATO-ya üzv ola bilməyəcək. Sadəcə olaraq Ukraynanı müxtəlif provokasiyalara sürükləmək lazım idi. “KGB” məktəbi üçün bu, adi su içmək kimi bir şeydir. Putin Ukrayna xalqını, Ukrayna dövlətini, təcrübəsiz Zelenskini özündən çıxarmaq üçün “DXR”, “LXR” kimi qondarma respublikaları tanımaqla, Prezident Zelenskini “NATO-ya girmək”, “Ukraynanın nüvə silahına yenidən yiyələnmək” kimi ifadələri dilə gətirməyə vadar edərək, özü üçün “yaşıl işıq” yandırmış oldu. Qalan şeylər texniki məsələlər idi. Məqsəd, heç şübhəsiz, NATO-dan qorunmaq, təhlükəsizlik təminatı almaq adı altında keçmiş ittifaq dövlətlərini, o cümlədən Ukraynanı nəzarətdə saxlamaq idi. Kreml bunu rahat edəcəyini düşünürdü. Hesab edirdi ki, kiçik sanksiyalarla Qərbin təzyiqlərindən yayına biləcək. Bu gün isə artıq özü çıxılmaz durumdadır. Anlayır ki, Rusiyanın çöküşünün əsasını qoyub və hazırda bunun qarşısını almaqla məşğuldur.

– Rusiya təcavüzdən öncə qonşu Avropa ölkələrini nüvə silahı ilə təhdid edirdi, hazırda isə NATO-ya üzvlük məsələsinin onların daxili işi olduğunu bəyan edir. Nə baş verir?

– Düşünürəm ki, bu müharibə artıq dünyanın düzənini dəyişib. Bundan sonra Rusiya istər postsovet məkanında, istərsə də sərhədləri ətrafındakı ölkələrin istənilən hərbi və iqtisadi birliyin üzvü olmasına maneçilik törətməkdə böyük çətinliklərlə üzləşəcək. Dünya formatını dəyişir. Rus hegemonluğu tarixin arxivinə atılır. Ukraynada məğlub duruma düşən, qlobal təzyiqlərin mərkəzinə çevrilən Moskva artıq ritorikasını dəyişməyə başladı. Şübhəsiz ki, bütün bunları istəyərək etmir. Sadəcə buna məcburdur. Əks halda düşdüyü quyunu daha da dərinləşdirə bilər. Avropaya hücum Moskva üçün “əcəl zəngi”dir. Buna başa düşür və son açıqlamalar, o cümlədən Peskovun dilindən ritorikanın dəyişilməsi də məhz bundan qaynaqlanır.

– Bu günlərdə Ukraynadan qayıtmısınız. Müşahidələriniz sizə nə deyir? Ukrayna xalqı Rusiyaya qarşı müqavimətdən yorulmayıb ki?

– Ukraynada qısamüddətlik səfər zamanı müxtəlif ranqlı dostlarla görüşdüm. Əlimdən gələn onlara yalnız mənəvi dəstəyimi göstərmək idisə, onu da gəlişimlə nümayiş etdirdim. Gördüyüm ən əsas mənzərə isə ukraynalıların məğrur, döyüşkən, öz azadlıqları uğrunda sona qədər savaşmağa hazır olduqları idi. Bu keyfiyyətlərinə görə Azərbaycan xalqı ilə son dərəcə oxşarlıqlar var. Təəssüf ki, Putinin başladığı işğal uzun illər Ukraynalıların rus xalqına nifrət hissi ilə yaşaması ilə bitəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.