Hələlik orqan bağışlama vəsiyyətləri mənasızdır”

20-04-2016, 14:10           
Hələlik orqan bağışlama vəsiyyətləri mənasızdır”
Azərbaycanda Milli Məclisdə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Qanun və deputat Qənirə Paşayeva tərəfindən orqanların vəsiyyət edilməsi təşəbbüsü irəli sürüldükdən sonra məsələ aktuallaşdı. Notariat vasitəsilə yüzlərlə insan orqanlarını vəsiyyət etdilər. Lakin bu günə qədər beyin ölümü gerçəkləşən insanlardan orqanların köçürülməsi əməliyyatları həyata keçirilmir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, orqan transplantasiyası üçün lazımi klinikalar yaradılmalıdır.
“Beyin ölümünün protokolları, kriteriyaları müəyyənləşməlidir. Bu, Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Nə vaxt beyin ölümünün kriteriyaları müəyyənləşəcək, ondan sonra komissiya yaradılacaq və o qurum müəyyənləşdirəcək ki, hansı halda dünyasını dəyişmiş insandan orqan götürmək olar. Hər şəhərdə bir klinikanın olması bəs edəcək ki, beyin ölümünü müəyyənləşdirsin və orqan köçürməsini həyata keçirsin. Bu çox aktual məsələdir. Nə qədər biz bu məsələni tez etsək, o qədər insanlarımıza daha çox yardım göstərə biləcəyik”.
Lakin deputat burada insnaların maddi çətinliklə üzləşə biləcəyini vurğulayıb.
“Məsələnin digər tərəfi icbari tibbi sığortaya bağlanacaq. Çünki bu çox bahalı əməliyyatdır və hər kəs öz cibinin pulu hesabına orqan köçürülməsini edə bilməyəcək. Dövlət büdcəsi də bunu qarşılamaq gücündə deyil. Ona görə də icbari tibbi sığorta işə düşəndən sonra bu məsələ daha da aktuallaşacaq. Parlament qanun hazırlayıb, hüquqi baza var. Səhiyyə Nazirliyi protokolları təsdiqləmək üçün Nazirlər Kabinetinə təqdim edib. Onlar isə ola bilsin ki, icbari sığortanın tətbiqinə görə bunu gecikdirirlər”.
M.Quliyev bildirib ki, qanunvericilikdə orqanların vəsiyyət edilməsi ilə bağlı problem yoxdur. Hər kəs notariat qaydada vəsiyyətnamə verə bilər.

“Amma bu işin mexanizmi qurulmadığı üçün o vəsiyyətin də edilməsinin bir mənası qalmır. Bu tətbiq edilsə, insanlarımız da orqanların vəsiyyət edilməsinə hazır olacaq. Təşkilati əsaslar yaradılandan sonra din xadimləri, deputatlar, alimlər ziyalılar, jurnalistlər, millətin önündə gedən insanlar nümunə olmalıdır ki, onlar da hazır olsunlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.