“O dövrün hadisələrini qələmə aldığı üçün İlham İsmayıla təşəkkür edirəm”
25-04-2016, 23:54

Bir müddətdir ki, Moderator.az təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Kitabın əvvəlki bölümündə AVP sədri, millət vəkili Fəzail Ağamalı haqqında da maraqlı məqamlar yer alıb. "Zirehli maşınları alanlara Fəzail Ağamalı və Fəhmin Hacıyev rəhbərlik etmişdi" başlıqlı həmin bölümü bu linkdən oxumaq olar. (http://moderator.az/news/133327.html) Millət vəkili Fəzail Ağamalı Moderator.az-a açıqlamasında İlham İsmayıla o dövrün hadisələrini olduğu kimi qələmə aldığı üçün saytımız vasitəsilə təşəkkür edib. Daha sonra isə qısa da olsa həmin hadisələri xatırladıb:
“1990- cı ilin yanvarın ayını 12-də Tovuz rayonunda mitinqdə iştirak edəndən sonra Bakıya qayıtmağa hazırlaşırdım. Xəbər gəldi ki, ermənilər Xanlara hücum edib. Qərara gəldim ki, Bakıya yox, Xanlara gedim və ordakı vəziyyəti tam öyrənim, lazımi reaksiya verilsin. Oradakı dotlarım Elxanın və Qara Tofiqin köməkliyi ilə Gəncəyə gəldim, axşam 11-12 radələrində AXC-nin Gəncədəki qərargahına getdim. Qərargah qaynayırdı, ətrafına xeyli könüllülər yığılmışdı, kimin imkanı nəyə çatırdısa silahlanmışdı, ov tüfəngi götürən də var idi. Həqiqətən də bəlli oldu ki, ermənilər Xanlar istiqamətində hücuma keçiblər və orada ciddi problemlər yaşanmaqdadır. Mən ayın 12-dən başlayaraq Qanlı yanvar hadisəsinə qədər Xanlarda oldum, orada könüllülərlə birgə bir neçə kəndin boşaldılması əməliyyatlarında iştirak etdim.
Həmin dövrdə İlham İsmayıl Sovet Təhlükəsizlik Xidmətinin Xanlar rayonu üzrə məsul şəxsi idi və o da həmin proseslərdə iştirak edirdi, imkanları daxilində öz köməyini bizdən əsirgəmirdi. Yanvarın 16-da qərərgahımızın yerləşdiyi yerlərə vertolyotların hücumu nəticəsində həlak olmuş Səbuhinin mərasimindən çıxıb AXC-nin qərargaha gəlmişdim. Bizə məlumat çatdırıldı ki, Hacıkəndin yüksəkliyində Göygölə gedən yolun üstündə bir BTR, bir BMP, içində də 18 əsgər, 2 zabit saxlanılıb. Uşaqlara tapşırdım ki, heç bir artıq hərəkətə, qarşıdurmaya yol vermədən məni gözləsinlər. Çünki həmin əsgərlər avtomatlarla silahlanmışdı, bizim könüllülərdə isə bir dənə də avtomat yox idi, təbbi ki, qarşıdurma olsaydı böyük faciəyə gətirib çıxara bilərdi. Təcili olaraq qərargahımızın olduğu həmin yüksəkliyə getdim və doğurdan da gördüm ki, BMP, BTR könüllülərimizin mühasirəsindədir. Həmin vaxt İlham İsmayıl da orda idi, komandirlə söhbətimiz oldu. Söhbət zamanı bir hiylə işlətdik, hiylə də ondan ibarət idi ki, qarşıdurmaya yol verməmək üçün onlara avtomatlarının daraqlarını, güllələrini, sandıqlarını çıxararaq bir kisəyə yığmalarını təklif etdim. Onları inandırdım ki, həmin silah-sursat polis tərəfindən təhlükəsiz şəkildə hərbi hissələrinə təhvil veriləcək. Beləliklə iki zabitin silahları özündə qalmaqla 18 avtomat, iki plomyot daraqlarını toplayıb UAZ-a yığdıq və polis şöbəsinin rəisinə təhvil verdim. BTR-lə BMP-ni orada saxladıq, əsgərləri başqa maşınlarla polis şöbəsinə gətirdik. Orda təklif etdim ki, BTR və BMP Xanlara gətirilsin və gizlədilsin, onlara verilməsin. Aramızda Əfqanıstanda döyüşmüş uşaqlar var idi və onlar həmin iki zirehli maşını gətirib müəyyən olunmuş yerlərdə gizlətdilər. Sonradan həmin maşınlar bizə çox lazım oldu. Beləliklə biz onları polis şöbəsinə gətirdik, həmin vaxt orada mitinqər gedirdi və təklif edirdilər ki, onlar mitinq iştirakçılarının əlinə verilsin. Onu da qeyd edim ki, hər iki zirehli maşında bir erməni də var idi, ermənilərin nə üçün onların arasında olduğunu soruşduğumuzda isə onların bələdçi olduğunu dedilər. İki erməni də polis şöbəsinin zirzəmisinə salındı. Əsgərlər gördülər ki, vəziyyət gərgindir, onlara təklif etdim ki, silahlarını polis şöbəsinə təqdim etdikləri təqdirdə təhlükəsiz şəkildə öz hərbi hissələrinə gedə bilərlər. Onlar bizimlə razılaşdılar, polis şöbəsinin köməyilə aftobus tutuldu və onlar hərbi hissələrinə göndərildilər. Beləlikə bizə BMP, BTR,18 avtomat, 2 pulomyot qaldı, ondan bir gün sonra da həmin silahlarla ermənilərin kifayət qədər toplaşmış olduğu üç kənddən ikisini, Kamo və Azad kəndlərini azad etdik. O zaman Göygöldə ermənilərin qərargahı kimi fəaliyyət göstərən Çaykəndə çıxdıq, orada yüksəklik bizim əlimizdə olduğuna görə vəziyyəti nəzarətə götürə bildik. Onu da qeyd edim ki, həmin döyüşdə bir nəfər olsun belə itki vermədik, bircə könüllümüz yüngülvari yaralnmışdı. Əksinə olaraq 20-yə yaxın erməni silahlıları, eləcə də onlara kömək edən iki rus əsgəri qətlə yetirildi. Ayın 19-da Fəhmin Hacıyev Xanlara gəldi və məndən xahiş etdi ki, həmin BTR-lə BMP Qarabağ cəbhəsində istifadə olunmaq üçün verilsin. AXC-nin məclisinin sədri, Göygölün lideri hesab olunan Əli Nadirov ilə məsləhətləşdik və həmin zirehli maşınları Fəhmin Hacıyevə təhvil verdik. Təbii ki, artıq həmin zirehli maşınlar bizə lazım deyildi. Bircə Çaykənd qalmışdı və onun da məsələsini demək olar ki, həll etmişdik.
Səhv etmirəmsə, yanvarın 17-də məni Gəncə şəhər partiya komitəsinə çağırmışdılar, demişdilər ki, Nazrlər Sovetinin sədri Həsən Həsənov gəlib, sizinlə görüşmək istəyir. Ora getdim, Həsən Həsənov, oranın o zamankı birinci katibi Sülyman müəllim, Gəncənin dövlət təhlükəsizlik komitəsinin sədri və səhv etmirəmsə İlham İsmayılovla birlikdə məni qəbul etdilər. Həmin görüşdə vəziyyəti danışdım və dedim ki, Çaykəndi də ələ keçirməliyik. H.Həsənov bununçün bizə nə lazım olduğunu soruşdu, bildirdim ki, bizə bircə dənə dərman səpən təyyarə lazımdır. Həmin təyyarə ilə bircə əməliyyat keçirməklə Çaykənddə vahimə yaradaq və sonra hücuma keçərək Çaykəndi erməni quldurlarından azad edək, günahsız adamların da oradan deportasiyasını həyata keçirək. H.Həsənov bununla bağlı mənə söz verdi və dedi ki, Bakıya qayıdan kimi bu baş tutacaq. Biz bunu gözlədiyimiz vaxt xəbər aldım ki, Bakıda Sovet qoşunları vəhşiliklər törədiblər. Beləcə Çaykənd əməliyyatını başa çatdıra bilmədik. Yanvarın 20-də silah-sursat almaq üçün bizə böyük köməyi olan Gəncənin o zamankı Polis İdarəsinin rəisi Zahid Dünyamalıyevin yanında olanda o, hönkürtü ilə ağladı, mənə dedi ki, Bakıda böyük qırğın törədilib, rus qoşunu Bakıya yeridilib, Bakıda qan su yerinə axıbdır, artıq Gəncə də fövqəlada vəziyyət elan olunub və sən təcili burdan çıxmalısan. Mən çox sarsılmış vəziyyətdə Gəncədən Yevlaxa gəldim, Yevlaxda bütün küçələr qaynıyırdı, çox böyük çətinliklə yanvarın 21-də Bakıda oldum”.