Şeyx Əbdül: “Hacıbala Abutalıbovun qanunsuz əməlləri ucbatından 11 ildir, “Karlson” kimi damda yaşayıram”
23-06-2022, 12:38
“Mənim “Qayınana” filmi haqqında səsləndirdiyim fikirlərdən sonra özünü “tank altına atan” həmkarlarım mənə olan təxribata qarşı niyə münasibət bildirmədilər? Hacıbala Abutalıbovun qanunazid əməlləri ucbatından mən bu gün hələ də “Karlson” kimi damda yaşayıram. Mənim sənətçi dostlarım onda niyə danışmır, dillənmirdilər? Yaltaqlıq edirlər, qorxurlar ki, çörəklərini kəsərlər? Çox təəssüf ki, Xalq artistini damda yaşamağa məcbur qoyanlar utanmırlar, həmin qorxaqlar isə bunu edənləri müdafiə edirlər”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib.
Kinorejissor “Qayınana” filmi haqqında səsləndirdiyi “bu film Azərbaycan əxlaqına ziddir” fikirlərindən sonra ona irad bildirən həmkarlarına cavab verib.
Şeyx Əbdül fikirlərinə aydınlıq gətirərək, “mən filmə yox, gəlin-qayınana münasibətlərinin o cür təbliğ olunmasına qarşıyam” deyib:
“Məni o fikrə gəlməyə konkret vadar edən səbəblər var. Ailə-məişət məsələlərinin fəlakət vəziyyətinə gəlməsinin səbəbi qayınana-gəlin münasibətləridir. Bütün faciələr gəlin və qayınanaların maariflənməməsi, primitiv düşüncələrlə yaşaması, gəlinin qayınanaya fırıldaq gəlməsidir. Hər bir gəlin-qayınana, ər-arvad, nənə-baba münasibəti düzgün qurulmadıqda biz “yetim uşaqlar” istehsal edirik. Dama-dama göl olur. Nə qədər ki bu hadisələrə qarşı təbliğat aparılmayıb, əksinə, yola veriblər, buna görə də eybəcər qayınana-gəlin münasibətlərinin bu formada nümayişi sosial problemlərin, münasibətlərin çat verməsinə gətirib çıxaracaq.
Nəsibə xanım yüksək peşəkarlığı ilə hər şeyi elə təqdim edir ki, ona yalnız əl çalırlar. Artıq bunu gündəm halına gətirib, təbliğ etmək, ideologiyaya çevirmək lazım deyil. Bu gün boşanmaların, evdən qaçmaların, yetim uşaqların sayının, sosial problemlərin artdığı bir vaxtda bu cür şeyləri təbliğ etməyə ehtiyac varmı?
Mən nə o filmdən, nə də Nəsibə xanımdan danışıram. Mən o əsərin mahiyyətindən, bugünkü mövcud reallığa təsir qüvvəsindən danışıram. Mahiyyəti başa düşməyənlərin, qayınanasının, nənəsinin, anasının elə olmasını istəyənlərin isə Allah işini avand eləsin. Neqativlər var deyə biz neqativləri təbliğ etməliyik?”
Şeyx Əbdül Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevlə yaşadığı qalmaqaldan da danışıb:
“Mənim ağlıma gəlməyən, Rasim Balayev adlı 40 illik bir dostum var. Dörd filmimdə baş rola çəkilib və dövlət mükafatı alıb. Sən indi sədr olmusan, mən də demişəm ki, düz eləmirsiniz, gəlin bir olaq, birləşək. Bunu bir şou etdilər, efirə çıxıb müsahibə verdilər. Rasim müsahibə verib ki, Şeyxin insanlıqda da, sənətdə də heç bir yeri yoxdur. Əlindən tutub kinoya gətirdiyim adam deyib bunu. Deyib ki, Şeyx pul alıb, Tariyel Qasımovu filmə çəkib. Həmin filmdə özü də oynayıb, bu adam başa düşmür ki, həmin dövrdə sponsor olmurdu, kinoya pul vermirdilər, kinonu dövlət çəkirdi. Adam haqqı itirməz. Mən şeyx nəslindənəm, min il də keçsə, mənim ağzımdan bəy qoxusu gəlir. Mən deyirəm ki, barışıq edək. Mən kinoçuyam, artistlər kinoçu deyillər. Artistin yeri teatrdır, biz dəvət edirik, onları çəkirik, sonra pulunu verib, deyirik, yaxşı yol. Kinonun taleyini kino adamları həll edirlər. Puç olanlar, həyatını kinoya qurban verənlər, dilənçi kökündə yaşayan kinoçular... Baba Vəziroğlu gəlib kinodan danışır. Bu, dəhşətlidir, gülməlidir (gülür).
Dilənçi kökündə yaşadığım bir vaxtda gedib kiminsə qanadının altına girmədim. Mənim 78 yaşım var, artıq axirət dünyası haqqında fikirləşirəm. Bunlar o koldan bu kola yalançı bülbül kimi cikkildəşirlər. İndi cikkildəşənlərin vaxtıdır. Bu minvalla günümüz, güzəranımız, ailə münasibətlərimiz bundan da pis olacaq hələ”.
Xalq artisti mənzil problemindən də söz açıb. O qeyd edib ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən getsə də, onun mənzil problemi öz həllini tapmayıb və keçmiş icra başçısı məhkəmənin qərarını icra etməkdən imtina edib:
“Mən ölkə başçısına təşəkkür edirəm ki, mənim fəaliyyətimə qiymət verib, məni dəyərləndirib, ev verib. Amma mənim o evi də təmir etdirməyə imkanım yoxdur. Pandemiyadan əvvəl istədim, təmir edəm, tanışlardan pul aldım, bir dostumdan da 50 min manat götürdüm, təmir etdirmək istədim, amma pandemiya gəldi, qiymətlər qalxdı, iş yarımçıq qaldı.
Mənimlə görüşənlər, məndən dəstək alıb qidalananların biri mənə olunan haqsızlığa dillənib-danışmadı. Sosial problemlərdən danışıram deyə hamısı başladı dil çıxarmağa. Keçməz bu şeylər, reallıq nədirsə, odur. Hacıbala Abutalıbov qəbul olunan üç məhkəmə qətnaməsini - rayon məhkəməsinin, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qətnamələrini heçə sayıb və bu gün də həmin məhkəmə qətnamələri icra olunmadan qalır. Ona görə mən 11 ildir, ölkə başçısının mənə ev verməyinə rəğmən, qalmışam damda, oraya köçə bilmirəm. Bu damı da sənətimə, işimə hörmət edən bir insan verib mənə. Bəs həmin o qayınanası üçün narahat olanlar dövlətin qanununu heçə sayan Hacıbalalardan niyə danışmadılar? Biri səsini çıxarıb, məni müdafiə etmədi. Mən qətnamənin icrasını tələb edirəm.
Hazırda yaşadığım damda üç ailə birgə yaşayırıq - oğlumun ailəsi, qızımın ailəsi və mən. Bir dostumu, qohumumu evimə dəvət edə bilmirəm, utanıram kimisə evimə dəvət etməyə. İnanın, işıqpulunu, qazpulunu, supulunu çatdırıb verə bilmirəm. Yay olanda kondisioner işlədən kimi işıq çox pul yazır, ödəyə bilmirəm, qışda da istilik avadanlıqları işlədirik, yenə ödəməyə imkanım çatmır. Mən də yaşlı adamam, emosional, əsəbi adamam, qalıram belə”.