“Ermənistan rəhbərliyi zamanı səhv salır, indi 1994-cü il deyil, 2022-ci ildir” – Rusiyalı POLİTOLOQ
5-08-2022, 09:29
Rusiyalı politoloq Yevgeni Mixaylov Qarabağda son baş verən hadisələr və Rusiya sülhməramlılarının bölgədəki rolu ilə bağlı Bizim.Media-nın suallarını cavablandırıb.
- Sizcə nə üçün Paşinyan cənab Putinin Qarabağla bağlı ona ünvanladığı sülh çağırışlarına cavab vermir?
- Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı çağırışlarına niyə əməl etmədiyinə birmənalı cavab vermək mənim üçün çətindir. Üstəlik, qeyd edirəm ki, o və ətrafı çox vaxt 2020-ci ilin noyabrında verdikləri vədləri yerinə yetirməyə çalışırlar. Başqa bir məqam odur ki, rus atalar sözündə olduğu kimi vəd edilən şeyi üç il gözləyirlər. Rusiya Yerevanın razılaşmalara əməl etməsi üçün hər cür səy göstərir, lakin görünür, bunun üçün daha çox çalışmaq lazımdır.
- 10 Noyabr bəyanatına əsasən erməni silahlı birləşmələri dərhal Qarabağı tərk etməli idi. Bəs nə üçün onlar hələ də Qarabağdadırlar və Ermənistan 10 Noyabr bəyanatında üzərinə götürdüyü öhtəlikləri icra etmir?
- Anladığım qədər, İrəvan siyasətçiləri “Vəd vermək evlənmək demək deyil” qaydası ilə yaşayırlar. Yalnız qarşı tərəfin səbri tükəndikdə və diplomatiya yolu ilə istənilən nəticəni əldə etmək üçün istəyi bitdiyi zaman ermənilər razılaşmalara başlayır və ya vədi yerinə yetirməyə çalışırlar. Bildiyimə görə, Yerevan sentyabrda qoşunlarını çıxaracağını vəd edib və geri qalan bunu gözləməkdir. Lakin Bakının timsalında mən müşahidə edirəm ki, Azərbaycan bundan sonra belə laqeyd münasibətə dözmək fikrində deyil və danışıqlar prosesinin qarantı olan ölkələrə hərbi və diplomatik təzyiqlər göstərəcək.
- Qarabağda sülh missiyasını üzərinə götürən Rusiya sülhməramlılarının olduğu təqdirdə, erməni silahlı birləşmələrinin ərazidə qalmasına nə ehtiyac var?
- Həqiqətən də, sülhməramlılar regionda sülhü tam təmin edir və Qarabağda qeyri-qanuni silahlı birləşmələrin saxlanmasına ehtiyac yoxdur. 2020-ci ilin Noyabr Müqaviləsində hər şey aydın şəkildə təsvir edilib. Ancaq yenə də deyirəm, əgər rəsmi Yerevan nəsə vəd edibsə, səbəb budur ki, Azərbaycanın yenidən hücuma keçəcəyindən qorxur. Onlar çox nahaq elə fikirləşirlər ki, Azərbaycan onları uzun müddət gözləyəcək. Məncə rəsmi Bakı onları daha gözləməyəcək və müvafiq olaraq, yaxın aylarda Moskvanın köməyi ilə Ermənistan rəhbərliyi ilə daha sərt şəkildə danşıqlar aparacaq. Görünən odur ki, hazırkı Ermənistan rəhbərliyi zamanı səhv salır, indi 1994-cü il deyil, 2022-ci ildir. Ermənistan rəhbərliyi bunu unutmamalıdır.
- Rusiya Müdafiə Nazirliyi niyə Qarabağda yaşanan son insidenti Azərbaycanın öz suveren ərazisində anti-terror əməliyatı aparması kimi dəyərləndirməkdən çəkinir?
- Azərbaycanın son hərəkətlərinə qiymət verilməsi məsələsi diplomatik səviyyədə müzakirə olunmalıdır. Hərbçilər diplomat deyillər. Sülhməramlıların məqsədi Ermənistanın və tanınmamış anklavın hərbçilərini deyil, mülki şəxslərin həyat və sağlamlığını qorumaqdır.
İstənilən halda, məncə, “antiterror” statusu verilən istənilən əməliyyat Moskva ilə razılaşdırılmalıdır. Və hər şeydən əvvəl ona görə ki, Qarabağ nizamlanmasında əsas sülhməramlı missiya Rusiyaya məxsusdur.