“KREMLİN SSRİ-ni BƏRPA ETMƏK PLANI YOXDUR, ÇÜNKİ...” - “Putin oliqarxları sıradan çıxarır və Çin modelinə keçməyi fikirləşir”

24-08-2022, 00:01           
“KREMLİN SSRİ-ni BƏRPA ETMƏK PLANI YOXDUR, ÇÜNKİ...” -
Mehman Əliyev: “Artıq Rusiya dövlət səviyyəsində Duqinin ideologiyasının formalaşmasında və inkişafında maraqlı deyil”

“Rusiya Ukraynanın öz nəzarətindən çıxması və Qərb orientasiyasına keçməsi prosesini sürətləndirmək üçün müharibəyə getdi”


Məlum olduğu kimi, Ukraynada davam etdirdiyi işğalçılıq müharibəsi qətiyyən əvvəldən hazırlanmış plan üzrə getməyən Rusiyanın daxilində də vəziyyət getdikcə gərginləşməyə başlayır. Moskvada “rus dünyası” ideyasının müəlliflərindən olan, Ukraynaya qarşı qəddar müharibənin tərəfdarı və təbliğatçısı Aleksandr Duqinin qızı Darya Duqinanın qətli bunun bariz nümunəsi sayıla bilər. Bəzi ekspertlər ümumiyyətlə, zaman keçdikcə Rusiyada gərginliyin daha da artacağını proqnoz edirlər.

“AzPolitika.info” bu mövzunu “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi analitik Mehman Əliyevlə müzakirə edib:

- Mehman bəy, Ukrayna müharibəsinin yeddinci aya keçməsi fonunda Rusiyada nə baş verir?

- Rusiya keçid mərhələsini yaşayır. Rusiyada daxili və xarici yenidənqurma prosesi gedir və bunlar bir-birilə bağlıdır. Birincisi, Putin SSRİ dağılandan sonra formalaşan yarı bürokrat, yarı oliqarx sistemini təkmilləşdirir. Daha dəqiq desək oliqarxları sıradan çıxarır və daha çox dövlət kapitalizmini nəzərdə tutan Çin modelinə keçməyi fikirləşir. Strateji olaraq oliqarxlarla Qərb arasında qurulan əlaqələri dövlətlə xarici qüvvələr münasibətinə keçirir. Çünki Rusiyadakı bürokratik oliqarx sistemi getdikcə bu ölkənin çökməsi və dağılmasına gətirib çıxarır. Putin 1999-cu ildə hakimiyyətə gəldikdən sonra çalışdı ki, bu prosesə başlasın. Lakin müəyyən işlər görsə də, son nəticəyə çata bilmədi. Ona görə Ukrayna müharibəsinin əsaslarından biri də odur ki, dövlətin idarəetməsi və münasibətlərin qurulması yenilənir. Bu, Rusiyadaxili məsələdir və hazırda Rusiyada bu proses baş verir.

- Xarici yenidənqurma dedikdə nəyi nəzərdə tutursunuz?

- Bu, daha çox müharibə ilə bağlıdır. Hesab edirəm ki, Rusiya Ukraynanın öz nəzarətindən çıxması və Qərb orientasiyasına keçməsi prosesini sürətləndirmək üçün müharibəyə getdi. Ukrayna sürətli formada Rusiyanın təsiri altından çıxaraq Qərbin təsir dairəsinə düşür. Bunun da başqa yolu yoxdur. Uzun illər dinc yolla buna çalışılırdı, amma nəticə olmurdu. Əksinə, geriləmə baş verirdi. Ona görə də müharibə qaçılmaz oldu. Çünki Ukraynanın Rusiyadan ayrılması digər postsovet ölkələrinin də Rusiya təsirindən çıxmasına səbəb olacaq. Ehtimal edirəm ki, bu, Rusiya-ABŞ münasibətlərində çox konseptual məsələdir. Ona görə də müharibədən sonra Rusiya dövlət olaraq ABŞ və Qərb ölkələri ilə münasibətlərini aktiv şəkildə quracaq. Bu proses gedəcək. Əslində, Rusiyanın Qərbin bir hissəsinə çevrilməsi qaçılmazdır.

- Sizcə, “avrasiyaçılıq nəzəriyyəsi”nin əsas simalarından biri, “rus dünyası” ideyasının təbliğatçısı Aleksandr Duqinin qızının öldürülməsi Kremlə, Kiyevə, yoxsa Qərb dünyasına sərfəlidir?

- Açığı, indi bu məsələ ilə bağlı fərqli mülahizələr irəli sürülür. Rusiyada bəziləri deyirlər ki, bunu Ukrayna tərəfi təşkil edib, Ukrayna ekspertləri isə bildirirlər ki, bu, Putinin əməlidir, bununla Duqini çərçivəyə götürmək məqsədi güdür. Mən deyərdim ki, Duqin son illər millətçi, bir az da şovinist nasisit ideologiyasını aktiv formada qabardırdı. Özü də indiki müharibə və Rusiyaya qarşı sərt sanksiyalar şəraitində fikirlərini yayırdı. Əslində isə Rusiyada dövlət özü bu tipli ideyanın formalaşması və inkişaf etməsində maraqlı deyil. Nəzərə almaq lazımdır ki, belə ideologiya Rusiyada vətəndaş müharibəsinə gətirib çıxara bilər. Ona görə də bu sui-qəsdin arxasında Duqinin ideologiyasının yayılması və rusların əsas ideologiyasına çevrilməsinin qarşısını almaq məsələsi ola bilər. Bunu kimlərin etməsi başqa məsələdir. Rusiya hökumətində yüksək səviyyədə bu ideologiyanın inkişafında maraqlı olmayıblar. Bu, hakimiyyətin özü, elə dövlət üçün də kifayət qədər təhlükəli ideologiyadır.

- Demək istəyirsiniz ki, onu Rusiya dövləti aradan götürmək istətyib?

- Məsələn, deyirlər ki, onu FTX aradan götürüb. Sual ortaya çıxır ki, niyə? Mən onu deyə bilərəm ki, müharibə və senzura şəraitində bu ideologiya kifayət qədər təhlükəli görünür. Ona görə də dövlət bu ideologiyanın güclənməsində maraqlı olmayıb. Amma sui-qəsdə gəlincə, burada müxtəlif motivlər ola bilər. Yaxın adamları ilə Duqinin problemi ola bilər, pulun düzgün bölüşdürülməməsi və s. məsələlər də ola bilər. Deyilənlərdən belə anlaşılır ki, avtomobilə Duqin özü minməli imiş, son anda başqa avtomobilə minib.

- Amma Rusiya hüquq-mühafizə orqanları bu terrorun sifarişlə həyata keçirildiyini deyir və Ukraynanın adını çəkir...
Ətraflı

- Rusiya hüquq-mühafizə orqanları ilk olaraq bu hadisəni araşdırsın, ortaya sübutlar gətirsin və sonra elan etsin ki, bütün bunlar kimin sifarişi əsasında olub.

- Aleksandr Duqin Rusiya üçün nə dərəcədə əhəmiyyətli fiqurdur ki, onunla bağlı belə sərt addımlara gedilir?

- Ayrı-ayrı zamanlarda Duqin gah fəallaşır, gah geri çəkilir. Adətən o, böhran dövrlərində aktivləşir. Mən əvvəllər onu oxuyur, konsepsiyası ilə tanış olurdum. Amma son dövrlər Rusiya mediasını və televiziyalarını izləmirəm. Çünki mənim üçün aydındır ki, bu, təbliğatdır və orada başqa əhəmiyyətli bir şey yoxdur. Amma müharibəyə və oradakı iştirakçılara baxsaq görərik ki, onların arasında çoxlu qəddar rəftara yol verən adamlar var. Buna da səbəb odur ki, belə insanların beyni doldurulub, Ukraynanın düşmən obrazı yaradılıb, o, Rusiyaya təhdid kimi göstərilib. Bu aparıcı ideoloji vasitə müharibədə iştirak edən bir çox rusları özlərini qəddar aparmağa vadar edib. Bunun da arxasında qeyd etdiyimiz ideologiya dayanır. Biz rus əhalisinə baxsaq, görərik ki, rusların böyük hissəsi müharibəni alqışlayır, Ukraynanın dağıdılmasına dəstək verir. Yəni, anormal vəziyyətdir. Bu, onu göstərir ki, bəhs edilən ideologiya işləyib. Bütün bunlar ideologiyanın əks-sədasıdır. Əslində, dövlət belə şeylərlə oynayır, lazım olanda istifadə edir, milləti harasa istiqamətləndirir, lazım olmayanda isə bunun qarşısını alır. Duqin isə bu ideologiyanın əsas təmsilçilərindən biridir. Əslində, Duqinin cürbəcür konsepsiyaları var. Amma son vaxtlar daha çox ifrat millətçi səviyyəsində çıxış edirdi.

- Darya Duqinanın həm də Ukrayna müharibəsinin qurbanı olduğunu nəzərə alsaq, hazırda müharibənin gedişini necə qiymətləndirirsiniz?

- Rəcəb Tayyib Ərdoğan Lvova səfəri zamanı bildirdi ki, danışıqlar olmalıdır. Əslində, Ərdoğan Putinin mesajını çatdırırdı. Yəni, Putin danışıqlar istəyir, çalışır ki, hansısa yolla müharibəni dayandırsın və yekunlaşdırsın. Ona görə də radikal ideologiya və çıxışlarda maraqlı deyil. Məsələn, Sergey Strelkov var, bu şəxs 2014-cü ildə Donbasın işğalında aparıcı fiqur olub. O, son zamanlar Putini və onun Ukrayna siyasətini aktiv tənqid etməyə başladı. Getdikcə də radikallaşırdı. Onu faktiki neytrallaşdırdılar. İndi nə çıxış edir, nə də görünür. Söhbət nədən gedir? Bu gün Rusiya radikal çıxışlarda maraqlı deyil. Rus hökuməti danışıqlar, dialoq üçün yollar axtarır. Ona görə də, insanları daha çox radikallaşdırmaq, ukraynalılara qarşı aqressiv yöndə saxlamaq sərfəli deyil. Odur ki, belə xətti aparanlar prosesdən kənarlaşdırılır.

- Kreml təşəbbüsün daha radikal mövqedə duranların əlinə keçməsindən ehtiyat edir?

- Bəli. İş ondadır ki, rus millətinə uzun illər belə zərərli ideyalar yedizdirilib. İndisə dövlət bunda maraqlı deyil. Odur ki, bu kampaniyanın aparıcıları tədricən neytrallaşdırılacaq və yeni simalar ortaya çıxacaq. Bunlar daha çox yaxınlaşma, dialoq tərəfdarı kimi çıxış edəcəklər.

- Bundan sonrakı mərhələdə Rusiyanın radikallaşmadan imtina etməsini proqnozlaşdırırsınız?

- Əslində, məsələn, Qarabağ müharibəsinə baxsaq görərik ki, müharibənin baş verməsi və indiki nəticə Rusiya birbaşa prosesə müdaxilə etmədən baş tutub. Bu, onu göstərir ki, indiki mərhələdə Rusiya öz qonşuları ilə praqmatik, öz xeyrinə olan münasibətlərdə maraqlıdır. Burada Rusiya tək deyil, ABŞ da var. Biz görürük ki, Rusiya öz qonşuları ilə münasibətləri dəyişməyə başlayıb. Bu dəyişikliklər nəticəsində dövlətlər daha çox müstəqil olacaqlar, Rusiyadan əvvəlki asılılıq aradan qalxacaq.

- Bu halda Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, sabiq prezident Dmitri Medvedevin, eləcə də Müdafiə naziri Sergey Şoyqunun sosial şəbəkələrdə SSRİ-nin bərpası haqqında yazdıqlarıının, dediklərinin arxasında hansı məqsədlər dayanır?

- Bu, maraqlı məsələdir. Özləri bilirlər ki, SSRİ-nin bərpası mümkün deyil, çünki resurs yoxdur. Bununla göstərirlər ki, bizim aramızda ortaq tarix, münasibətlər, mədəniyyət var. Rusiya yeni qurulan münasibətləri dəstəkləyir. Mən görmürəm ki, SSRİ-ni bərpa etmək istəyirlər. Kremlin SSRİ-ni bərpa etmək planı yoxdur, çünki bunun üçün onun imkanları və şərait yoxdur. Moskvanın SSRİ-ni bərpa etmək niyyəti vardısa, əslində müharibəyə başlamamalı, gözləməli idi ki, reytinqi düşən Zelenski zəifləsin. Bununla paralel olaraq Ukraynada Rusiyanı dəstəkləyən, SSRİ-nin bərpasını istəyənlər gücləndirilməli idi. Amma biz gördük ki, Rusiya qərbi Ukrayna ərazilərini vurmaq əvəzinə Donbasa zərbələr endirdi. Halbuki, burada yaşayan əhalinin çoxu rusdur. Rusiya onları özündən incik salır, yurd-yuvasından edir. Qərbi Ukraynaya isə 3-5 raket ataraq dayanıb. Nəzərə alınmalıdır ki, Donbasda rus çoxluğu var. Ukraynanın mərkəzi ərazilərində az qala nisbət yarının-yarıyadır. Amma ruslar bu əraziləri vurur, dağıdır, sanki əhaliyə deyir ki, Qərbə gedin, birləşin, həmrəy olun. Normalda bunlar olmamalı idi.

Rasim Əliyev

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.