Gömrük Komitəsinin keçmiş I müavini: “Eyni xəstəliyə Azərbaycan Gömrük Komitəsi də tutulub” - MÜSAHİBƏ

3-12-2022, 00:03           
Gömrük Komitəsinin keçmiş I müavini:
Dövlət Gömrük Komitəsi sədrinin Birinci müavini işləmiş Cümşüd Nuriyev Son günlər Naxçıvan MR gömrük orqanında aşkarlanan korrupsiya faktları, həbslər, dəyişikliklərlə bağlı Turkustan.az-ın suallarını cavablandırıb.

Cümşüd bəy, gömrükdə rəhbər vəzifədə çalışmış şəxs kimi Naxçıvanda Gömrük Komitəsi ətrafında baş verənləri izləyirsinizmi?

Təbii ki, izləyirəm. Əslində 132 milyon bir günə, bir aya yığıla bilməz. Deməli bu çoxdan var imiş, komitə rəhbəri buna göz yumurmuş.

Ona görə, vəziyyət bu qədər gərginləşib, korrupsiya əməlli-başlı orada iş formasına keçib yəni, yaşam forması olub. Amma maliyyə şöbəsinin müdiri bütün bunları edirsə, bəs orda onunla bərabər daxili təhlükəsizlik var, o hara baxır? Ola bilməz ki, bu qədər yüksək səviyyədə rüşvət yığılsın onun xəbəri olmasın. Deməli, onunla əlbirdir. Burda sədr, sədr müavinləri var, yəni maliyyəyə baxan müavin var, məlumatı da Bakıya bunlar verirlər. Burda Bakının da günahı da var. Azərbaycan Dövlət Gömrük Komitəsi daxil olan yüklərə görə hesablayardı ki ,bu qədər bu qədər yük daxil olub, bu qədər vəsait girməlidir. O, yoxdursa bu əvvəldən olmadı, təəssüf ki, bu nəzarətdən kənar qalıb. Qrup şəkilində həyata keçirilir.

Gömrük elə orqandır ki, bir adam, heç üç adam belə bunu edə bilməz. Ən pis xüsusiyyət odur ki, Naxçıvan Gömrük Komitəsində indi ləğv olundu. Yerli adamlar həmişə bir birini dəstəkləyir. Eyni xəstəliyə Azərbaycan Gömrük Komitəsi də tutulub.



Dövlət Gömrük Komitəsində də rəhbər dəyişikliyi oldu...

Bir komitənin işçilərinin 40 faizi bir kənddən olacaqsa bunun nəticəsi belə olmalıdır. Bu məsələyə çoxdan baxılmalı idi. Təəssüf, yalnız cənab Prezident xəbər tutduqdan sonra buna son qoyuldu. Buna son qoymaqla bərabər 4-5 nəfər də yaxalanmalıdır. O, cümlədən də, Dövlət Gömrük Komitəsində o işə baxan yəni, onları kurasiya edən adamlar da işdən çıxmalıdır, cəza almalıdırlar.

Bu maliyyə idarəsinin rəhbəri hara baxır? Yaxşı deyək Naxçıvanda olan yeyib- dağıdır, bəs Muxtar Respublikanın auditin hara baxır? Ona görə, bunu bir adamla qurtarmaq düz deyil, Naxçıvandakı auditin, sədr, sədr müavinləri də sorğuya çəkilməlidir.

Amma DTX bu işin izinə düşüb aşkara çıxardı.

132 min manat hələ DTX -nın üzə çıxartdıqlarıdır. Amma, iş orasındadır ki, gömrüyün işini yoxlamaq üçün SMER sistemi var. Yəni ölkəyə girən, çıxan maşınları bir-bir yoxlamaq lazımdır. Hansı maşınlar girib, eyni maşından neçəsi girib və yaxud qanunsuz yüklər çıxarılıb... Azərbaycan mediası hər gün yazırdı Naxçıvandan keçəndən 75 manat tərəvəz pulu alınırdı, o pullar hara gedib? Burda çox böyük bir yeyinti olub, uzun müddət ərzində və burda bu işdə Naxçıvanın rəhbərliyinin də əli var. Niyə Bakı bütün işləri eləməlidir? Niyə bütün ağırlığı mərkəzi rəhbərliyin üzərinə salırlar.

Hər kəs öz vəzifəsini icra etməlidir. Eynilə də Dövlət Gömrük Komitəsi, nə ordakılar nə də, burdakılar bu məsləyə diqqət olmayıb. Çünki, gömrükdə əsas postlarda bir-biri ilə əlaqəli olan, qohum, kəndli olan adamlardı. Bu da çox pis bir şeydir bir klan yaradıblar. Bir neçə təşkilat var ki, bu klanların əlindədir, bu belə olduqdan sonra nə gözləyə bilərik?

Artıq, Naxçıvanda Dövlət Gömrük Komitəsi ləğv edilib, baş idarə yaradılıb. Hansı yeniliklər gözlənilir? Yoxlamalar davam etdiriləcəkmi?

İndi ora göndərilən adam peşəkar gömrükçüdür. Çoxdan çalışır, maliyyəçidir, elmlər namizədidir. Ona görə inanıram ki, Vüqar Əliyev bu işlərin öhdəsindən gələcək. Bu bir mənalıdır, çünki bu komitənin içində yetişib bişib hazır adamdır. Maliyyə nazirini həbs elədirlər, orada yeyinti var. Orada hələ vergini yoxlayan yoxdur. Bilinmir vergidən yayınma hansı səviyyədədir. Əgər bir şöbə müdiri 132 milyonu yayındıra bilirsə, vergidə görün nə qədər yayınma var. Uzun müddətdir Naxçıvanı dövlət içində dövlət şəkilində formalaşdırıblar. Çox yalnış bir siyasətdir, bunu araşdırdıqca çox şeylər üzə çıxacaq. Bilirinsiz, o vaxtı məni bunun üstündə işdən çıxardıblar. “Naxçıvan Dövlət Gömrük Komitəsi”nin adının üstündə məni cəbhəçilər işdən çıxardılar. Onlar adam göndərmişdi, mən orada “dövlət” sözünü pozdum ki, ola bilməz. Bir dövlətin bir komitəsi olar iki komitəsi olmaz. Naxçıvan nə vaxtdan dövlət olub ki, onun Dövlət Gömrük Komitəsi olsun? Dövlət içində dövlət olmaz. Biz özümüz hüquqi cəhətdən qanunvericiliyi pozuruq, hüquqi separatizmə yol veririk və sonrada başqalarını qınayırıq. Azərbaycan Konstitusiyasının birinci maddəsində yazılır ki, Azərbaycan unitar dövlətdir. Unitar dövlətin daxili eksklav olsa da, belə Naxçıvanın muxtariyyəti ləğv olunmalıdır. Düzgün deyil. Hüquqi cəhətdən onun heç bir əsası yoxdur. Bəli 100 il bundan qabaq etdilər. O vaxt Türkiyə bunu Ermənistan ələ keçirməsin, deyə elədi. Atatürk çox böyük uzaq görən siyasət yürütdü. Naxçıvanda da bir iqtisadi rayon olmalıdır.

Muxtar Respublika statusu ləğv edilə bilərmi?

Naxçıvanın bir dənə Müdafiə Nazirliyi ilə Xarici işlər Nazirliyi çatmırdı. Vasif Talıbovu qınayırlar, amma o, gördü ki, bunun bütün dövlət statusları var, danışıqlar özü aparır, ağılına kiminlə gəldi müqavilə bağlıyır. Və bütün bu işlərin də altında Ramiz Mehdiyevin dəst-xətti var. Bu, Vasif Talıbovun ağlına gələn şey deyil. Vasif Talıbov Heydər Əliyevin ən sadiq adamlarından biri olub. Mən inanmıram ki, Vasif Talıbov öz ağlı ilə indi Azərbaycanın bu vəziyyətində həm şimaldan hücum var, həm cənubdan, həm qərbdən - belə bir vaxtda Azərbaycana xəyanət etsin. Amma kimsə bunun başını yeyib, sənin hər şeyin var, niyə olmasın... Orda ordu və Daxili İşlər Nazirliyi onun əlindən alınmalıdır. Daxili İşlər Nazirliyi Naxçıvanda ləğv olunmalı, hamısı regional baş idarə olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.