Ermənistan-Azərbaycan gərginliyi: Hansı ölkələr kimin yanındadır?

18-03-2023, 09:56           
Ermənistan-Azərbaycan gərginliyi:
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edirik.

- Nə separatçılar, nə də son günlərdə mövqeyi dəyişməyə başlayan Ermənistan Baş naziri Nikol Paşinyanın verdikləri bəyanatlar maraqlarmıza uyğundur. Üstəgəl, separatçıların silahlandırılması prosesinin getdiyini görürük. Yəni bu yöndən gələn xəbərlər sülhə xidmət etmir. Belə bir durumda proses hansı istiqamətə dönə bilər?

- Prosesdə vasitəçiliyi öz üzərinə götürmək istəyən və bunun üçün bir-biri ilə rəqabət aparan ABŞ, Rusiya və Avropa Birliyi ya nəticə əldə edilməsinə yönəlmiş səylər göstərmir, ya da etdikləri cəhdlər gərginliyin daha da artırılmasına qulluq edirlər. Məsələn, Brüssel bir yandan sülhyaratma prosesində iştirak edir, digər yandan da Azərbaycan əleyhinə əsassız ittihamlarla dolu qətnamələr qəbul edir. Həmin qətnamələrdə yer alan məsələlərin hamısı əsassızdır. Heç hənanın yeridir? İndi Cənubi Qafqaz üçün ən zəruri məsələlər Azərbaycanın öz ərazi bütövlüyünün təmin olunması, dayanıqlı sülhün əldə edilməsi və bölgənin mədəni-iqtisadi inkişafına nail olmaqdır. Belə bir durumda Azərbaycanı “milli azlıqlara qarşı ayrı-seçkilik”də günahlandırırlar.

Azərbaycanın milli azlıqlarla bağlı siyasəti beynəlxalq hüquqa və yerli qanunvericiliyə əsaslanır. Multikultural durumla bağlı Azərbaycana hansısa “məsləhət” verməyə ehtiyac yoxdur. Bu gün Azərbaycanda talış, ləzgi, saxur, haput və sair dillərdə dərsliklər, kitablar buraxılırsa və bunlar məktəblərdə tədris olunursa, Azərbaycanı nədə ittiham edə bilərlər? Bu, nəyi dəyişəcək? Əksinə, bunu aranı qızışdırmaq üçün ortaya atırlar.

Paşinyanın davranışları ciddi təəccüb doğurmaya bilmir. Dünənə qədər Qarabağ erməniləri ilə bağlı məsələlərin Azərbaycan Konstitusiyası əsasında həllindən danışan, Praqa bəyanatında bunu və ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən bir şəxs öz yurdlarından qovulmuş Qərbi Azərbaycan icmasının haqlı müraciətindən sonra ermənilərin Bakıya, Gəncəyə, Şəmkirə, Şirvana, Xocavəndə qayıtmasından danışmağa başlayıb. Məsələ budur ki, indiki Ermənistan tarixi Azərbaycan ərazisidir, keçmiş İrəvan Xanlığını əhatə edir. Həmin ərazilərdə yüzminlərlə azərbaycanlı yaşayıb. Onların hamısını qovublar. Xüsusən də Bakı və Şamaxıda isə yaşayan ermənilərin sayı o qədər də çox olmayıb. Əgər Azərbaycanda bir neçə min erməni yaşayıbsa, Ermənistanda öz tarixi torpaqlarında yaşayan soydaşlarımızın sayə yüzminlərlə ölüçülürdü.

İndi Azərbaycan tələb edə bilər ki, gəlin, qarşılıqlı şəkildə həm tarixi toponimlərin öz adlarını, həm də bu toponimlər altında yaşayan insanları öz yurdlarına qaytaraq. Azərbaycan buna həvəslə gedər. Amma ermənilər hay-küy salmaqla, bu prosesi və bunun dünyada doğurduğu əks-sədanı yanlış istiqamətə yönəltməyə çalışırlar. Ermənistanın hələ də Azərbaycan ərazisində - Qarabağın dağlıq hissəsində 10-11 minlik tör-töküntüsü qalır, bu, Rusiyanın da iştirakıyla imzalanmış üçtərəfli anlaşmaları kobud formada pozur və sülh prosesinə əngəl olur. Ermənistan Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası və inteqrasiyasına ciddi əngəllər yaradır. Bütün bunlar Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarını şübhə altına alır.

- Bəs Ermənistan kimin ssenarisi üzrə oynayır?

- Bütün bunların ssenarisini yazan Kremlin müəyyən dairələri, onun bu ərazidəki “sülhməramlı qüvvələr”idir. Yəni bunlar Kremldən gələn göstərişlər əsasında baş verir. Bölgə sülhə ehtiyac duyduğu bir vaxtda həm Brüssel, həm Moskva, həm də Parisdən gələn pozucu siqnallar sülhyaratma prosesində ciddi əngəllər yaradır. Belə çağırışları edənlər fikirləşməlidirlər ki, Rusiya həmişə destruktiv olub və bundan sonra da olacaq. Bəs Avropa Birliyi dövlətləri niyə belə destruktiv mövqedə dayanırlar?

Əgər proses bu formada aparılmağa cəhd edilərsə, heç kim hamar yerə çıxmayacaq və bölgədə əmin-amanlıq təmin edilməyəcək.

- Amma Paşinyanın Kremllə əlaqələri hamar görünmür, Rusiya və KTMT-yə qarşı son açıqlamaları sərt idi.

- Paşinyanın Rusiya ilə körpüləri tam yandırdığını düşünmürəm. Çünki Ermənistan Rusiyaya qarşı beynəlxalq sanksiyaların pozulmasındakı roluna görə birinci yerdədir. Bu sanksiyalar başlayan andan Rusiya ilə Ermənistan arasındakı ticari əlaqələr, mal və maliyyə resurslarının mübadiləsi üç dəfədən çox artıb. Ermənistan Qərbdən Rusiyaya lazım olan malların sifarişini edir və Moskvaya göndərir. Ermənistan Rusiyanın Avropa banklarında dondurulmamış hesablarındakı pullarını öz banklarına yönəldərək, Moskvaya çatdırır. Qərb bunu bilə-bilə Ermənistan və onun rəhbərini tənbehləmir. Nəticədə Ermənistan pozucu fəaliyyətlərini davam etdirir və bundan öz qazanclarını götürür.

Paşinyan və Ermənistan həm də Qərbin ciddi şəkildə nifrət etdiyi İranla da sarmaş-dolaşdır. İranın da bölgədəki gərginliyin saxlanılmasında ciddi səylər göstərir. Qərbin “sevimli”sinə çevrilmiş və xristian təəssübkeşliyi ilə qayğı göstərilən Ermənistan da pozuculuğunu davam etdirir. Gah Rusiya, gah Fransa, gah da İranın diktəsi ilə Azərbaycanla qarşıdurmaya getməyə çalışır. Dünya birliyi bölgədəki durumun düzgün təhlilini apara bilmir.

Rusiya baş verənləri bilir, amma öz maraqlarına uyğun hərəkət edir. Qərbin də maraqlarını anlamaq olardı, amma onun məqsədi Rusiyanı bu bölgədən çıxarmaqdırsa, onda ədalətli olmalıdır, tərəf tutmamalıdır. Qərb elə etməlidir ki, bölgə dövlətləri ona inansın, görmək istədiyi tədbirlər şübhə olmadan qəbul edilsin. Amma təəssüf ki, biz bunların şahidi olmuruq. Dünya birliyi hələ də 30 il Azərbaycan ərazilərini işğalda saxlayan, oranı talayan, soydaşlarımızı və mədəni irsimizi soyqırımına məruz qoyan Ermənistanı dəstəkləməkdə davam edir. Bizim haqlı tələbimiz budur ki, Ermənistanın Azərbaycan ərazisindəki tör-töküntüləri çıxarılsın və separatçı rejimə son qoyulsun. Qarabağ erməniləri Azərbaycan ərazisində dinc şəkildə yaşaya bilərlər, bunun üçün separatçı əhval-ruhiyyə aradan qaldırılmalıdır.

Bunlar sadə həqiqətlərdir və bunların ətrafında başqa şeylər axtaran qüvvələrin davranışları təəccüb doğurur. Ya səmimi şəkildə bu məsələləri həll edin, ya da cəhənnəmə gedin, bəlkə onda bu iki xalq barışmağın yolunu özü tapdı.

- Bəs mürəkkəbləşən bu geosiyasi prosesdə Azərbaycanın dəstəkçiləri kimlərdir? Türkiyə, Pakistan və İsraildən başqa...

- Azərbaycana dəstək verən ölkələr az deyil. Bu günlərdə Ankarada toplanan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hamısı bu siyahıya daxildir. Qonşu Gürcüstanla münasibətlərimiz pis deyil, strateji tərəfdaşlıq səviyyəsindədir. Avropa Birliyinin ondan çox dövləti ilə strateji tərəfdaşlıq münasibətləri qurulub. Azərbaycan 12 Avropa Birliyi ölkəsinə öz neft və təbii qazını satır. Bura Bolqarıstanı, Albaniyanı, qardaş Macarıstanı, Serbiyanı, İtaliyanı, Rumıniyanı, Bosniya və Hersoqovinanı və sair ölkələri aid edə bilərik. Böyük Britaniya ilə çox dərin əlaqələrimiz var. Dünyada belə dövlətlərin sayı kifayət qədərdir.

Kim Azərbaycanla bərabərhüquqlu dövlət kimi davranırsa, biz də onunla əlaqələrimizi inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Rusiya Avropanın enerji bazarından çıxarıldıqdan sonra Azərbaycan bu sahədə qitənin strateji tərəfdaşına çevrilib. Amma indi sülhə ehtiyacın olduğu vaxtda Azərbaycanı ayrı-ayrı məsələlərlə bağlı ittiham qarşısında qoymaq cəhdləri heç bir ədalət normasına sığmır. Eyni zamanda, biz Avropa Birliyi ilə ikitərəfli münasibətlər barədə böyük bir sazişi imzalamağa hazırıq. Artıq yaxınlarda bu saziş imzalana bilər.

Azərbaycan getdikcə Avropa Birliyinə inteqrasiya siyasətində daha ciddi addımlar atır. Azərbaycan Ermənistan kimi Rusiyanın müttəfiqi deyil, onunla bağlı üzərinə hansısa öhdəlik götürməyib. Məsələn, Azərbaycan KTMT-nin, Avrasiya Birliyinin və Gömrük İttifaqının üzvü deyil. Azərbaycan Avropa Birliyinə inteqrasiya siyasətini daha azad və sərbəst şəkildə apara bilər. Amma eyni anda iki stulda oturmağa çalışan və işğalçı siyasət aparan Ermənistana göz yumaraq, Azərbaycana qarşı ikili standartlar tətbiq etmək uğursuz siyasətdir. Bu siyasət müsbət nəticə verməyəcək. Əksinə, bu siyasəti aparanların özləri dünya qarşısında biabır olacaqlar. Azərbaycan isə heç nəyə baxmayaraq, öz yolu ilə davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.