Bakının mərkəzində 'Uşaq ferması' qurmaq istədilər, sonu dava ilə bitdi
11-06-2016, 23:47
Təşkilatçılarla valideynlər arasında “çəpiş qalmaqalı”
Valideynlər “bizi aldatdılar” deyir, təşkilatçılar isə valideynləri və uşaqları vəhşilikdə, “yaxşılığı başa düşməməkdə” ittiham edir
Bu həftənin ortasında sosial şəbəkədə çox maraqlı bir elan yayılmağa başladı. Məlum oldu ki, bu günə qədər şəhərdə görmədiyimiz, uşaqlar üçün çox maraqlı ola biləcək bir tədbir keçirilir. Badamdarda yerləşən Nəbatat Bağında keçiriləcək tədbir isə “Uşaq Ferması” adlanırdı.
FERMAYA GƏLİN, UŞAQLARINIZ HEYVANLARI YEDİZDİRSİN, SIĞALLASIN...
Bilməyənlər üçün elanın mətnini yada salaq: “Əziz uşaqlar! Əziz valideynlər, babalar və nənələr!
Biz yeni layihəni həyata keçirməyə başlayırıq - "Uşaq Ferması". Bura təşrif buyursanız, çox məmnun olarıq!
Bu qeyri-adi bir ferma təsərrüfatıdır, bizim şəhərdə buna bənzər bir şey yoxdur. Yalnız burada siz bir çox heyvan balaları ilə – çəpiş, dana, dayça, quzu, dovşan, pişik balaları, küçüklərlə oynayıb onlara qulluq edə bilərsiniz, əlavə olaraq təmiz havada əylənib naharı qəbul etmək, kukla teatrının tamaşasına baxmaq kimi fürsətlərdən də istifadə edə bilərsiniz!
Əyləncəli istirahət şənbə, 11 iyun tarixində, Nəbatat Bağında səhər saat 9-dan axşam saat 9-a kimi keçiriləcək.
Bakıda uşaq ilə həftə sonu nə etməli? Əlbəttə ki, istirahət üçün bizə gəlib "Uşaq Ferması"na ziyarət etmək lazımdır!
Burada hər şey etmək olar: heyvanlara su və yem vermək, onları sığallamaq, onlarla oynamaq və s.
Biz burada ev heyvanlara necə qulluq etmək lazım olduğu barədə məlumat verəcəyik: onlara hansı yemək verilə bilər və verilə bilməz, onların vərdiş etdiyi qida nədir və s.
Əziz uşaqlar!
Siz bizim körpələri, yəni çəpişi, dananı, dayçanı, quzunu, dovşanı, pişik balalarını, küçükləri yedizdirə bilərsiniz!
Dostları ilə birgə bizə gəlin! Siz böyük zövq ala bilərsiniz. Uşaqların sevincinə heç kəs laqeyd qala bilməz!
Piknikdə nə ilə məşğul olmaq mümkün olacaq?
• bizim Fermamızın sakinləri olan müxtəlif ev heyvanları ilə tanış olmaq;
• südlə və başqa xüsusi yemlə (yem və süd biletin dəyərinə daxil olur) heyvanları yedizdirmək;
• sığallamaq və körpələrlə oynamaq;
• kukla teatrının tamaşasına baxmaq;
• müxtəlif məzəli tamaşalarda və oyunlarda iştirak etmək;
• bufetdən istifadə etmək;
• dostlarla oynamaq;
• heyvanlarla və dostlarla (fotosessiya biletin dəyərinə daxil olur) şəkil çəkdirmək.
Bizim Fermamız elə bir interaktiv məkandır ki, burada hamı istədiyi şeyə əl vura bilər, baxa bilər, istirahət etməklə və bir çox yeni bilikləri və təəssüratları qazanmaq şansını əldə edə bilər!
Məlumat:
Nə vaxt:
11 iyun, səhər 9-dan axşam 9-a qədər.
Biletin dəyəri:
10 AZN”.
Elan isə bu maraqlı təqdimatla bitirdi: “Bizim kollektivimiz
"Uşaq Ferması"nın komandası - biz öz işinə vurğun olan insanlarıq.
Biz istəyirik ki, Siz hamımızı əhatə edən dünyanı bizim sevdiyimiz qədər sevəsiniz! Bizim fermamıza baş çəkməklə, Sizin uşağınız heyvanların qayğısına qalmağı, həmçinin bütün onu əhatəsində olan bütün varlığını qiymətləndirməyi öyrənəcək!”
BAĞIN GİRİŞİNDƏ DAVA – FERMA GEDİB, QƏZƏBLİ VALİDEYNLƏR PULLARINI TƏLƏB EDİRLƏR
Kor nə istər – iki göz... Şəhərin içində uşaqlarımıza heyvan sevgisi, teatr sevinci, təmiz hava seçimini (üstəgəl sendviçli nahar) yaşatmanın nəyi pisdir ki? Üstəgəl, bütün bunların hamısına 10 AZN ödənirsə... Beləcə, günorta saat 15.00-də bağın yolunu tutduq. Amma içəri girən kimi, elə qapının ağzındaca ilk dava-dalaşın şahidi olduq. Valideynlərdən biri bilet üçün ödədiyi pulu geri tələb edirdi. Səbəb? Ferma yox idi, işçilər heyvanları da maşınlara doldurub getmişdilər! Bu qədər anormallığı elə qapının ağzındaca yaşamaq qəribə oldu düzü. Valideyn qapıda dayanan nümayəndədən haqlı olaraq fermanın Nəbatat Bağından niyə getməsinin hesabını soruşur, “adamları belə dolamaq olar? Bizim biletimizin pulunu kim qaytaracaq?” deyib hayqırırdı. Nümayəndə isə bilet pullarını geri qaytaracaqlarını vəd edir, valideynlərin və uşaqların fermadakı heyvanlarla doğru davranmadığını əsas gətirərək, fermanın yığışdıığını deyirdi. “Başa düşün, vəhşilik edirdilər. Heyvanlar yazıq idi, fermanın işçiləri məcbur olub getdilər”. Valideynlər isə aqressiv reaksiya göstərirdilər. “Bu uşaq üç gündü keçi yemləyəcəm deyə sevincindən yerə-göyə sığmır. Ayıb deyilmi?”
TƏŞKİLATÇIDAN İZAHAT: “ÇƏPİŞİN AYAĞINI QIRDILAR, İTLƏRİ YERƏ ATDILAR, HEYVANLARA YAZIĞIMIZ GƏLDİ, ÇIXIB GETDİK”
Beləcə, girişdə baş verən bu davadan da anladıq ki, hər şey yenə azərbaycansayağı olub. Əlində biletlərlə “ferma, ferma” deyə ondan-bundan soruşan valideynlər, fermanın təşkil olunduğu yerdə “lələnin köçüb, yurdunun qalması” mənzərəsi hər şeydən xəbər verirdi. Qapının girişindəki şəxs isə iddia edirdi ki, ferma bir neçə saat fəaliyyət göstərib, biz gələndən yarım saat öncə gediblər. Diqqəti ən çox cəlb edən isə heç şübhəsiz ki, qəzəbli valideynlərin aramsız olaraq təşkilatçılara zəng etməsi, sonuncuların isə telefon zənglərinə cavab verməməsi idi.
Elə bu yerdə içi mən qarışıq valideynlər əlavə izahat üçün elanın yer aldığı facebook səhifəsinə baxırlar. Səhifədə belə bir elan yer almışdı: “Əziz dostlar! Kukla tamaşası və animatorlar bizi çarəsiz qoyduqlarına görə, biz heç bir tamaşa keçirə bilmədik, və buna görə biz sizdən çox üzr istəyirik!!!”
Bu elan isə göstərirdi ki, vəd olunan teatr da olmayıb və narazı valideynlərin qəzəbi yersiz deyil. Musavat.com “Uşaq ferması” qrupu ilə əlaqə saxlayıb, yaranmış bu durumun səbəbini soruşdu. Özünü qrupun təşkilatçısı kimi təqdim edən Cəmilə adlı xanım (soyadını təqdim etmədi-müəl.) bildirdi ki, nəticənin bu cür olmasında valideynlər günahkardır. Onun sözlərinə görə, “bizim millət heç nəyi başa düşmür”: “Bizim millətə yaxşılıq yoxdur. Bu gün orda günortaya qədər uşaq ferması oldu. Vəd olunanlardan ancaq Kukla teatrı olmadı. Bu da bizim yox, animatorların və kukla tamaşasının günahıdır. Valideynlərə gəlincə, mən anlamıram ki, onlar nə istəyirdilər. Uşaqlar gəldi, heyvanlarla oynadı, sendviçləri götürdülər, Amma inanırsız necə oldu? Hər uşağa 1 sendviç düşdüyü halda, valdeynlər çantalarına 3-4 sendviç qoyurdular. Hələ heyvanlarla necə davrandıqlarını sizə təsvir edə bilmərəm. Çox vəhşicəsinə idi”.
Müsahibimizdən fermanın vəd olunduğu kimi günün sonuna qədər davam etməməsinin səbəblərini soruşduq. Dedi ki, bütün bunlara uşaqların heyvanlarla davranışı səbəb olub: “O yazıq dovşanları yerə atırdlar. Itləri yerə atıradılar. Çəpişin ayağını qırdılar. Biz heyvanları maşına qoyanda itlər yerindən tərpənə bilmirdi, inanırsız? Heyvanları görsəz, yazığınız gələrdi. Valideyn olan kəs isə bir dəfə də uşağına demədi ki, belə olmaz. Elanda qeyd eləmişdik ki, heyvanları yemləmək olar. Biri yemləyir, o birisi gəlir ki, mən də eyni heyvanı bu dəqiqə mütləq yemləməliyəm. Bapbalaca heyvandır, buna nə qədər yem vermək olar axı? Bu iradımızı da deyəndə valideynlərdən elə aqressiv reaksiya görürdük ki. Təsəvvür edin ki, gəliblər, yeyiblər. 3 saatlarını orda keçiriblər. Təkcə Kukla Teatrı olmayıb deyə, pullarını geri tələb edirdilər. Biz də onların biletini qaytardıq və bu münasibəti görüb, dayandırdıq. Sonradan gələnlərin bilet pullarını da özlərinə qaytardıq. Bizim camaata yaxşılıq yoxdur. İnanırsız ki, gedəndə bizi qarğışlayırdılar. Bu, bizim birinci belə aksiyamız idi. Çox güman ki, sonuncudur”.
Təşkilatçı dedi ki, hər kəsə pulunu geri qaytarıblar. Onun sözlərinə görə, cəmi bir nəfər valideyn pulunu ala bilməyib və sabah onunla görüşüb 10 manatını geri verəcəklər.