Mübariz Tağıyev "Avroviziya" təmsilçilərimizin geyimindən danışdı: "Məgər bu günə qədər..."

9-05-2023, 00:08           
Mübariz Tağıyev "Avroviziya" təmsilçilərimizin geyimindən danışdı:
Mübariz Tağıyev "Avroviziya" təmsilçilərimizin geyimindən danışdı: "Məgər bu günə qədər..."

Ötən gün "Avroviziya 2023" mahnı müsabiqəsinin açılış mərasimində Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşlarının geyim tərzi sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Həmçinin təmsilçilərimizin saç düzümü, makiyajı da bəyənilməyib.

Hurriyyet.Az xəbər verir ki, musavat.com Xalq artisti Mübariz Tağıyevin fikirlərini öyrənib. Xalq artisti əkiz qardaşların geyim və ifa tərzinə bu cür mövqe bildirib:

"Məgər indiyə qədər "Avroviziya" təmsilçilərimizin geyimi Azərbaycana uyğun olub? Bəs niyə bu günə qədər bu haqda danışılmırdı? Bəli, Turan və Turan qardaşlarının ötən gün açılış mərasimində geyindikləri geyimdən xəbərdaram. Təbii ki, onlar özləri bu seçimi etməyiblər, bu işə baxanlar seçib. Ola bilsin ki, geyimləri səhnə, dekorasiya ilə uyğunlaşdırılıb Ona görə də tənqid etməyə tələsmək lazım deyil. Hələ bilmirik axırda nə olacaq. Hər halda geyim səhnəyə uyğunlaşdırılıb. Turan və Turan qardaşları bu böyük səhnədə ilk addımlarını atırlar. Onlar indi uğur qazanmağa çalışmalıdırlar və fikirləşməlidirlər ki, Azərbaycanı təmsil edirlər. Geyimlə bağlı bizim deməyimizlə heç nə həll olunmur. Lakin mən hiss edirəm ki, bu gənclərdə nəsə var. Çünki çox sərbəst və kompleksizdirlər. O ki qaldı ifa etdikləri mahnıya, deyə bilərəm ki, babatdır. Gəlin, hamımız tənqidlərdənsə bu gənclərə uğurlar arzulayaq".

Qeyd edək ki, Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşlarının görünüşü üzərində Fuad Hacıyev və Niko Lab çalışıb. Geyimin müəllifi isə dizayner Aysel Sadıqovadır.

"Avroviziya"da Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova axşam.az-a açıqlamasında Tural və Turanın səhnə geyimlərinin fərqli olduğunu deyib. O qeyd edib ki, həmin geyimlər səhnə deyil, firuzəyi xalıya, yəni müsabiqənin açılış mərasiminə geyinilib:

"Mahnımızı və səhnə obrazını tamamlayan, birinci rəsmi məşqdən sonra ictimaiyyətə təqdim olnunan səhnə paltarları isə dəyişilməz olaraq qalıb. "Avroviziya" incəsənət tədbiri olduğundan, burada geyinilən geyim də özünə görə incəsənətdir və obraz kimi qəbul olunmalıdır (olunur da). Təmsilçilərimizin həm səhnə geyimi, həm xalıdakı geyimləri bizim Azərbaycanlı dizayner tərəfindən yaradılıb, bunu biz burada fəxrlə qeyd edirik.

"Avroviziya"da bu il Azərbaycan təmsilçilərini qeyri-rəsmi olaraq ən zövqlü iştirakçılar adlandırırlar. Təbii ki, hər kəsin şəxsi fikrini deməyə haqqı var, amma diqqət yetirsəniz, geyim açıq-saçıq deyil. Müsabiqə çərçivəsində, beynəlxalq ictimaiyyət tərəfindən bizim builki obrazlar böyük maraq və müsbət şərhlərlə qarşılanır. Əlavə edim ki, təmsilçilərimiz öz geyimlərindən razıdırlar. Bildiyiniz kimi, bu günlərdə müsabiqənin ən vacib anlarını yaşayırıq, təmsilçilərimizə geyimə görə tənqid yox, hərtərəfli dəstək və müsbət enerji lazımdır. Ümid edirəm ki, həmvətənlərimiz "Avroviziya"nın incəsənət tədbiri olduğunu yaddan çıxarmayacaqlar".

Xatırladaq ki, Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə Liverpul şəhərində çıxış edəcəklər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.