Ermənistana gözlənilməz yerdən təzyiq: Rusiya da önünə keçə bilmir

10-05-2023, 09:53           
Ermənistana gözlənilməz yerdən təzyiq: Rusiya da önünə keçə bilmir
Teref.az yazır ki, Türkiyənin Ankara Universitetinin professoru, siyasi ekspert Toğrul İsmayıl Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bu günlərdə ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dörd günlük müzakirələri baş tutdu. Uzun müzakirələrdən konkret nəticələr çıxmasa da, ABŞ dövlət katibi Entoni Blinken gələcəklə bağlı nikbindir, böyük məsafə qət edildiyini deyir. Sizin ABŞ-ın vasitəçiliyindən gözləntiniz necədir?

- Tərəflər Vaşinqtonun vasitəçiliyi ilə təkbətək uzunmüddətli müzakirələr apardılar. İlk dəfə olmasa da, ABŞ-ın vasitəçiliyi ilə nadir görüşlərdən biri oldu. Amma mənə görə, son dönəmin ən önəmli görüşlərindən biridir. Niyə? Birincisi, görüşlər ATƏT-in Minsk qrupu formatında keçirilirdi. Həmin qrupun həmsədr ölkələrinin (Fransa, ABŞ və Rusiya) hər birinin öz maraqları vardı. Bu maraqlar da çox vaxt üst-üstə düşmürdü, buna görə də status-kvo davam edirdi. 44 günlük müharibə və Rusiya-Ukrayna savaşının başlamasından sonra vəziyyət dəyişməyə doğru getdi.

İndi biz nəyi görürük? ABŞ-ın vasitəçi kimi prosesdə üstünlüyü ələ almasını və Vaşinqtonun Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq cəhdlərini. İlk belə ciddi görüş olduğu üçün bunun nəticə verəcəyini gözləmək hələ tezdir. Amma hər üç tərəf müzakirələrdə müsbət gəlişmələrin olduğunu açıqlayıb, bu da önəmli məsələlərdən biridir.

- ABŞ-ın tezliklə sülh müqaviləsini imzalamaq istədiyi aylardır Ermənistan mətbuatında müzakirə mövzusudur və ermənilər bunun üçün Vaşinqtonun İrəvana təzyiq etdiyini deyirlər. Siz belə bir təzyiqin olduğuna inanırsınızmı?

- Əlbəttə, mümkündür. Çünki ABŞ üçün Cənubi Qafqazda sabitlik önəmli məsələlərdən biridir. Davamlı sabitliyin bərqərar olması, Rusiyanın Cənubi Qafqazdan uzaqlaşmasına səbəb olacaq. Eyni zamanda, bu durumda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə problemləri həllini tapacaq. Bundan sonra Amerikanın bölgədə güclənməsi prosesi daha da sürətlənəcək.

- Bəs Amerika Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmağa nail ola bilərmi?

- Hazırkı gedişat bunu göstərir. Çünki Rusiya özü-özünü çıxılmaz vəziyyətdə qoyub. Məsələn, Ukraynadakı uğursuz hərbi əməliyyatlar, bir çox məsələlərin həllində qərarvermə mexanizmlərinin yanlış olması, atdığı imzalara özünün riayət etməməsi və sair. Bütün bunlar ona qarşı güvəni azaldır.

Rusiyanın imzaladığı ən son bəyanatlardan biri 10 noyabr sənədidir. Həmin sənədin ən önəmli bəndlərindən biri Qarabağın dağlıq hissəsindəki erməni qanunsuz silahlı birləşməsinin çıxarılması ilə bağlıdır. Rusiya bölgəyə girdi, silahlıları çıxarmaq bir yana qalsın, onların varlığına və təxribatçı fəaliyyətlərinə göz yumdu.

Rusiya və Azərbaycan arasında müttəfiqlik haqda saziş anlaşma var. Hər iki ölkə buna uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birinə qarşı əks-təbliğatın qarşısı alınmalıdır. Sənəddə bir çox müddəalar var. Amma Rusiya – istər Xarici İşlər Nazirliyi, istərsə də Müdafiə Nazirliyi sanki bilərəkdən Azərbaycanın ərazi bütövlüyünə, milli maraqlarının əleyhinə yönəlik fəaliyyətlər aparır, açıqlamalar verirlər. Bunlar da yolverilməzdir. Bu da Rusiyanın nüfuzunu azaldır.

Əlbəttə, belə bir durumda Rusiya problemi həll edən dövlətdən çox problem yaradan dövlət kimi önə çıxır. Məsələn, vaxtilə Rusiyaya Suriyada və Yaxın Şərqdə ABŞ-la əlaqəli problemləri həll edən dövlət kimi baxırdılar, amma bu məsələ getdikcə aktuallığını itirir. Orda da Rusiyanın əsas məqsədinin nə olduğu üzə çıxır. Beləliklə, Rusiyanın dünya siyasətindəki mövqeyi və yeri getdikcə zəifləyir.

Rusiyanın indi apardığı siyasət SSRİ-nin “soyuq müharibə” dönəmində yürütdüyü siyasətə bənzəyir. Düzdür, Sovet İttifaqı “dünya inqilabı” yaymaq istəsə də, əslində anti-Amerika siyasəti yürütdüyü üçün bir çox dövlətlər ona “xilaskar” kimi baxırdılar. Amma Rusiyanın bu gücü yoxdur. Vəziyyət getdikcə Rusiyanın əleyhinə işləyir, bu da Amerikanın lehinədir.

Əgər ABŞ Ukraynada olduğu kimi, Azərbaycanda da məsələləri ərazi bütövlüyü, yaxud beynəlxalq hüquq çərçivəsində çözsə, bölgədəki nüfuzunu daha da artacaq. Beynəlxalq hüquq hamı tərəfindən qəbul edilir, Ermənistan baş naziri də bunu qəbul etdiyini deyir. Ermənilər normal yaşamaq istəyirlərsə, bunu qəbul edəcəklər, başqa çarələri yoxdur. Rusiya zəiflədikcə, Ermənsitandakı Moskvayönlü qüvvələrin və ya revanşistlərin əlləri də zəifləyəcək. Bu da Azərbaycanın lehinə işləyən prosesdir.

- Rusiyanın bölgədən çıxması ilə Türkiyə regiondakı mövqelərini hansı formada möhkəmlədə, bu yöndə daha hansı addımlar ata bilər?

- Zatən, Türkiyə də regionda var. Qənaətimə görə, Rusiyanın bölgədən tam sıxışdırılıb çıxarılması və Amerikanın gəlməsi Azərbaycan və Türkiyənin işinə yaramır. Bizim üçün önəmli olan tarazlıqdır. Burada bir gücün hakim olması yox, güclərin tarazlığının olması çox vacibdir. Türkiyə bölgədədir – Gürcüstan və Azərbaycandadır. Xüsusən də Azərbaycanda güclü şəkildə mövcuddur. Bir Ermənistan məsələsi var, bu da həll olunur.

Bir də ki, Türkiyənin maraqları imperialist deyil. Yəni bölgəni müstəmləkəsi kimi görmür, bərabərhüquqlu işbirliyi var. Bu baxımdan, Türkiyənin mövqeyi qəbulediləndir. Əlbəttə, könül istərdi ki, Türkiyənin mövqeyi daha da güclü olsun. Bu da ikili anlaşmalardan irəli gəlir. Şuşa Bəyannaməsi də bunun ən təməl göstəricisidir.

İnanıram ki, gələcəkdə Türkiyə-Azərbaycan münasibətləri daha da inkişaf edəcək. Buna alternativ yoxdur, bu dəqiqdir və belə də olacaq.

- Qərbin artan fəallığı fonunda mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi gözlənilir. Sizcə, bu görüşdə hansı anlaşma əldə edilə bilər?

- Diplomatiya hər zaman vacibdir. İstər liderlər, istər xarici işlər nazirləri, istərsə də digər səviyyələrdə olsun, görüşlər önəmlidir. Amma məsələnin ən bəsit həll yolundan biri tərəflərin ikilikdə problemləri çözməsidir. Burda da əsas problem Ermənistanın yanaşması ilə əlaqəlidir.

Ermənistan reallığı və beynəlxalq hüququ qəbul edərsə, hansısa problem olmayacaq. Azərbaycan Prezidenti İlham Əliyev də ən yüksək formada bildirib ki, Qarabağda yaşayan ermənilərə təhlükəsizlik təminatı veriləcək. Hazırda Türkiyədə yaşayan çoxlu sayda ermənilər var, onlar Türkiyə vətəndaşlarıdır və rahat da yaşayırlar. Eləcə də erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizdə belə yaşaya bilərlər. Xatırladım ki, problem yaradana qədər də yaşayırdılar, çox rahat idilər. Bu təminat veriləcək.

Ermənistan istisna olmaqla, dünyanın heç bir yerində monoetnik dövlət yoxdur. Ermənistan süni şəkildə monoetnik dövlət olub. Orada – öz tarixi yurdlarında yaşayan Azərbaycan türkləri və müsəlman kürdlər 1988-ci ildən sonra tamamilə qovulublar. Amma dünyanın bütün ölkələrində bu və ya digər formalarda etnik azlıqlar var.

Gələcəkdə erməni azlığa da Azərbaycan qanunvericiliyi çərçivəsində bütün təminatlar veriləcək və yerinə yetiriləcək. Digər etnik azlıqların nümayəndələri öz dillərini, ənənələrini yaşadırlarsa, mətbu orqnaları və öz dillərində dərslikləri varsa, ermənilər də eyni şəkildə bu haqlara sahib olacaqlar. Kimsə onların dillərini, ənənələrini və dinlərini əllərindən almır.

Təbii ki, bütün bunlar Azərbaycan qanunvericiliyi çərçivəsində olacaq. Qarabağda yaşayan ermənilərin sayı Azərbaycanın digər kiçik qəsəbə və rayonlarında yaşayan əhalisi qədərdir, bir çox halallarda isə onlardan da azdır. Dünyanın heç bir ölkəsi bu qədər əhaliyə müstəqil dövlət hüququ vermir. Digər hüquqlara gəldikdə, qanunlarımız və beynəlxalq hüquq çərçivəsində hər bir təminat veriləcək və hüquqları tanınacaq.

- Bəs bu nəticələrin əldə edilməsi üçün Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqmı? Artıq Paşinyanın belə bir açıqlaması olub.

- Bu, Ermənistanın problemidir. İstəyir, Azərbaycanın ərazi bütövlüyünü tanısın, istəmir, tanımasın. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. İndi ərazimizdə Rusiyanın sülhməramlı qüvvələri var, bu da anlaşılandır, ortada üçtərəfli anlaşmalar var.

Əslində, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, öz ərazi bütövlüyünü də qarantiya altında almış olacaq. Tanımasa, öz ərazilərini və sərhədlərini də şübhə altında qoyacaq. Çünki siz bir dövlətin ərazi bütövlüyünü tanımırsınızsa və ona qarşı iddianız varsa və qarşı tərəf də tarixən sizin ərazilərinizin əsl sahibidirsə və sən beynəlxalq hüququ qəbul etmirsənsə, o zaman mən də qəbul etmirəm. Onda mən də deyə bilərəm ki, Zəngəzur mənimdir, İrəvan mənimdir, bütün Ermənistan mənimdir.

Məsələn, Azərbaycan Rusiya ilə sərhədlərini delimitasiya və demarkasiya edib. Xəritələr və digər amillər çərçivəsində bu məsələ həll olunub. Yəni Rusiya kimi bir dövlət Azərbaycanla buna gedirsə, Ermənistan kimi kiçik bir dövlətin buna etiraz etməsi məntiqsiz və anlamsızdır.

Ermənistanın təkcə Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıması yetmir, bir də ərazi iddialarından vaz keçməlidir. Məhz bu zaman gerçək sülh bərqərar olacaq. Ermənistanın bir an öncə tanımaqla yanaşı, yanlış iddialardan vaz keçməsi lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.