Tanınmış ilahiyyatçıdan Elşad Miriyə cavab: - “Ya ateistdir, ya da...”
11-05-2023, 00:08
“Sünnət etdirmək İslam dini mənbələrinə əsasən, vacibdir. Doğrudur, Qurani-Kərimdə belə bir ayə yoxdur, amma İslam mənbələrində sünnətin adı keçir. Bu da, əsasən, hədislərdə özünü göstərir ki, ilk dəfə İbrahim peyğəmbər sünnət olub. Daha sonra Məhəmməd peyğəmbər də söyləyib ki, bu, babamız İbrahim peyğəmbərin bizə göstərdiyi bir yoldur”.
TEREF.AZ bildirir ki, bu sözlərin Yenisabah.az-a açıqlamasında tanınmış ilahiyyatçı Əkrəm Həsənov deyib.
O, dinşünas Elşad Mirinin “İslamda sünnət yoxdur” iddialarına münasibət bildirib.
Ə.Həsənova görə, sünnət olmağın tibbi faydaları çoxdur:
“Bu gün tibb elmi də təsdiq edir ki, sünnət olmaqda heç bir problem yoxdur. Həm də ki, bu Allah-Təalanın əmri kimi qiymətləndirilir. Sadəcə bunu inkar edənlər hədis inkarçılardır. Onlar deyirlər ki, Quran bizə kifayətdir, hədislər lazım deyil.
Peyğəmbərimiz barəsində olan hədislərdə də var ki, İslamda sünnət olmaq adət-ənənəsi mövcuddur. Bunu inkar edənlər də ya ateistlərdir, ya da hədis inkarçıları. Onların fikri doğru deyil. Mən bu fikirlə razılaşmıram, çünki bu, İslamın əsasında var. Hətta İslamdan əvvəlki əsrlərdə də bu adət olub. Sadəcə İslam dini gələndən sonra bu, daha da təkmilləşdirilib”.
İlahiyyatçı söyləyib ki, sünnəti inkar etmək sanki İslamı inkar etmək kimi bir şeydir:
“Hətta hədis inkarçıları təkcə sünnəti yox, çox şeyi inkar edirlər. Yəhudilərin özündə belə sünnət var. Xristianlar dini təhrif etdiklərinə görə, onların bəzilərində sünnət yoxdur. Əslində, onlarda da olub.
Məhəmməd peyğəmbər belə sünnətli şəkildə dünyaya gəlib. Bu da onu göstərir ki, bu, faydalı bir şeydir və Allah-Təala tərəfindən insanlara bildirilib. Hətta bəzi ölkələrdə qadınlar da sünnət olunur. Bu da ayrı bir mövzudur”.