"Ermənistanın bu addımı Brüssel görüşünün nəticəsini kölgə altına sala bilər" - ŞƏRH
16-05-2023, 00:08
Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü dünyanın diqqət mərkəzində idi və aparılan danışıqlar geniş müzakirələrə səbəb oldu. Görüşdə konkret nəticələr əldə olunmasa da, ekspertlər bəzi müsbət məqamların olduğunu açıq şəkildə bildirirlər. Yəni Cənubi Qafqazda normallaşmaya və sülh müqaviləsinin imzalanmasını nail olmaq üçün çox vacib addımlar atılır. Bu baxımdan keçirilən görüşlərin əhəmiyyəti müsbət dəyərləndirilir.
Mövzunu Konkret.Az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, əvvəlki Brüssel danışıqlarından fərqli olaraq 5-ci Brüssel görüşündə bir sıra müsbət məqamlar var: “Öncə qeyd edim ki, Azərbaycan və Ermənistan liderlərinin qarışılıqı şəkildə “Almatı” prinsipləri və BMT-nin verdiyi öhdəliklər əsasında bir-birinin ərazi bütövlüyünü tanıması çox müsbət məqamdır. Bu, o deməkdir ki, Ermənistan Qarabağın Azərbaycanın tərkibində olmasını və ölkəmizin ərazi bütövlüyünü tanıyır. Eyni zamanda Azərbaycan da Ermənistanın suverenliyini tanıdığını bəyan edir. Diqqət çəkən digər məqam isə Azərbaycan əsgərlərinin əsir düşməsi və onların geri qaytarılması məsələsidir. Yəqin ki, müəyyən prinsip əsasında bu məsələlər də öz həllini tapacaq. Azərbaycanda olan erməni terrorçuların qaytarılması qarşılığında hərbçilərimizin geri alınması prosesi həyata keçiriləcək. Burada xüsusilə tərəflərin bir-biri ilə sülh danışıqları prosesini sürətləndirməsi məsələsini xüsusi qeyd etməliyik. Bəli, Şarl Mişel açıqlamasında bildirdi ki, tərəflərə Xarici İşlər Nazirliyi xətti ilə qısa müddət ərzində sülh müqaviləsinin mətninin hazırlanmasını tapşırıblar. Bu, o deməkdir ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin daha üstün bir mərhələyə keçməsini istəyir”.
Politoloqun sözlərinə görə, digər bir önəmli nüans qarşıdan Kişnyov görüşlərinin gəlməsidir: “Eyni zamanda Moskvada bir görüşün keçiriləcəyi gözlənilir. Əgər Brüsseldə əldə olunan nəticənin o görüşlərdə qorunması mümkün olsa, bunu mühüm irəliləyiş saymaq olar. Əgər həmin görüşlərdə Ermənistanın yenə də yarımçıq mövqe sərgiləməsi baş verəcəksə, bu, Brüssel görüşünün nəticəsini kölgə altına salacaq. Amma bir şeyi də diqqətdə saxlamaq lazımdır ki, Vaşinqton görüşündə ciddi irəliləyişin olması ilə bağlı həm ABŞ Dövlət Departamenti, həm də Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verib. Yəni gözləntilər böyükdür, nəticənin necə olacağını isə zaman göstərəcək. İndiki məqamda deyə bilərik ki, 5-ci Brüssel görüşü bir sıra məsələlərlə yadda qaldı və Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər”.