"Səs-küyün, sıxlığın içində Bakıda atdan nəqliyyat vasitəsi kimi istifadə etmək nə qədər doğru ola bilər?" - deputat
15-09-2023, 11:43
Bakıda orta yaşlı kişinin paytaxtdakı bankomatlardan birinə pul çəkmək üçün öz atı ilə gəlməsi maraqla qarşılanıb. Bununla bağlı yayılan görüntülərə sosial şəbəkələrdə minlərlə müsbət şərh gəlib. Vətəndaşın bu addımı bir sıra təklifləri də gündəmə gətirib, köhnə Bakını yada salıb. Bildirilib ki, şəhər daxilində at sürülməsinə icazə verilsə, tıxaclara son qoyular, hava ekoloji baxımdan daha təmiz olar. Müzakirələr zamanı köhnə dönəmlərdə Bakıda fəaliyyət göstərən faytonlar da xatırlanıb, əvvəlki ənənənin qayıtması təklif edilib. Faytonların turistlərin diqqətini daha çox çəkəcəyi düşünülür.
TEREF.AZ-ın məlumatına görə, müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, atın öz meydanı var.
“Birdən elə qəribə fikirlər irəli sürülür ki, insan mat qalır. Bu, ya bilməməkdəndir, ya insanları təəccübləndirmək istəyirlər, ya da camaatı dolamaq fikrinə düşüblər. At sürməyin öz yeri var. “Bakı şəhərində insanlar atla hərəkət etsinlər, bu ekologiyaya bir köməkdir, rahatlıqdır...” Bu fikirlər başadüşülən deyil. Bu qədər səs-küyün, sıxlığın içində, bu qədər adam arasında Bakıda at sürmək, atdan nəqliyyat vasitəsi kimi istifadə etmək nə qədər doğru ola bilər? Bu, heç ağıllı məntiqə sığan bir məsələ deyil. Təklifi kim irəli sürür, necə sürür və dəstəkləyənlər kimdir, adam məəttəl qalır. Dağ kəndlərində müəyyən ərazilər var, orada nəqliyyat hərəkət edə bilmir. Buna görə də yük daşınmasında, gəzinti, səfər getmək üçün atdan və digər heyvanlardan istifadə edirlər. “Bakıda icazə versinlər, at sürək, at belində gəzək, bu tıxacları aradan qaldıracaq”. Belə fikirləri qəbul edə bilmirəm”, - deputat deyib.
T.Rzayev faytonlarla bağlı təklifə isə belə reaksiya verib: “Bəli, əvvəllər Bakıda faytonlardan gəzintiyə çıxmaq üçün istifadə olunurdu, lakin istifadəsi xüsusi nəzarət altında həyata keçirilirdi ki, şəhər zibillənməsin, ekoloji problemlər yaranmasın, insanlara ziyanı olmasın. Bu, qəbulolunan deyil. Belə fikirləri dəstəkləmək düzgün olmaz”.