“Elə bilirsən ermənidir, Azərbaycan dilini indi öyrənir” - Vəziroğludan sərt sözlər

15-09-2023, 18:05           
Son zamanlar sosial şəbəkələrdə, eləcə də ictimaiyyətdə yerli şou-biznes əhlinin savadsızlığı və nitq mədəniyyətinə, ədəbi dilin normalarına riayət etməməsi müzakirə obyektinə çevrilib.

Bu mövzunun növbəti dəfə gündəmə gəlməsi müğənni Xatirə İslamla bağlı oldu. Belə ki, sosial şəbəkə hesabında məclislərdən birindən video yayımlayan ifaçı "Səhnədən darıxdım" şərhini yazıb.

Onun səhvi izləyicilərin gözündən yayınmayıb. Bir çoxları Xatirəyə cümləni anlaşılmaz qurduğunu bildirməklə irad tutub.

Məsələ ilə bağlı Yenisabah.az-a Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu danışıb. O, bu halın təkcə müğənnilər arasında deyil, kütləvi şəkildə yayıldığını bildirib:

"Kütləvi savadsızlığı yalnız zavallı müğənnilərlə bağlamaq olmaz. Təkcə toy müğənniləri savadsız yazı tərzləri ilə seçilmirlər, o qədər toyda oxumayan sənətçilər var ki, sosial şəbəkədə nə isə yazanda elə bilirsən ki, ermənidirlər, təzə-təzə Azərbaycan dilini, qrammatikasını indi öyrənirlər. Hətta bizim ziyalı kimi bildiyimiz adamlar belə sosial şəbəkələrdə biabırçı vəziyyətdə yazırlar. Stəkanı "istəkan" yazanı belə var, elə bil kənddə çayxanada oturub danışırlar, o tərzdə də yazırlar. Onlar anlamırlar ki, sosial şəbəkə ədəbi dilin meydanıdır. Hərə öz şivəsi ilə sosial şəbəkə hesabında yazı yazmamalıdır, bu, ümumi bəladır, kütləvi savadsızlıq baş alıb gedir. Bu, toyda oxuyan, oxumayan müğənnilərə də, digər peşə sahiblərinə də aiddir. Bu gün bir çox müəllimlərimiz də sosial şəbəkələrdə çox savadsız çıxış edirlər. Hər şeyin kökü gedib təhsilə dayanır. Təhsilimiz biabırçı vəziyyətdədir. Təhsil ocaqlarımız savad vermir, sadəcə attestat, diplom verir.

Mən İsmayıllının Mollaisaqlı kəndində oxumuşam, daha sonra başqa məktəbdə, Bakı Dövlət Universitetində, Moskvada, Bolqarıstanda oxumuşam, ömrü boyu oxumuşam, amma hələ də özümü savadlı insan hesab etmirəm, çünki hər gün öyrənmək, oxumaq lazımdır. Gedib 2 sinif oxuyub əlifbanı öyrənirlər, sonra olurlar "alim", hələ üstəlik, sosial şəbəkələrdə də insanlara nəsihət verirlər".

B.Vəziroğlu qeyd edib ki, bu cür problemlərin yayılmasının kökündə məhz təhsil dayanır:

"Əsas müzakirə edilməli olan məsələ təhsilimizin niyə bu gündə olmasıdır. Niyə insanlar sadəcə adlarının qarşısına "quş" qoyulması xatirinə məktəbə gedirlər? Bütün bunlar aradan qaldırılmasa, problemlər həll olunmayacaq. Təkcə sosial şəbəkələr biabırçı vəziyyətdə deyil, kitablarımız da o gündədir. İndi kimin cibindi 5-10 manat pulu varsa, aparıb mətbəəyə verir və istədiyini çap etdirir. Reklamlarımız pis gündədir. Telekanallar deyir ki, biz reklamların mətninə cavabdeh deyilik. Necə cavabdeh deyilsiniz? Bu, sizin adınızdan gedir. Camaat efirə baxır, söyüşün böyük hissəsi də elə sizə gedir axı. Mütləq reklamların dilinə fikir vermək lazımdır, bilinmir moltanı dilindədir, erməni dilindədir... Bu gün reklamlarda savadsızlığın fontan verdiyi mətnlərə rast gəlirik.

Bu cür savadsız yazan, danışan insanlarla mübarizə aparmaq çətindir, onları yenidən birinci sinfə göndərə bilmərik, amma bundan sonrakı nəslin daha savadlı olması üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, gələcək nəsillər bu pis, biabırçı ənənəni davam etdirməsin. Nəsillərin estafeti adlı bir anlayış var, kaş nəsillərin estafeti elə burada qırılaydı və yeni savadlı nəsil yetişəydi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.