"Nuru Paşa ilə birgə bolşevizmə qarşı döyüşən Bakı Qoçuları" -MÜSAHİBƏ
15-09-2023, 19:18
Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Azərbaycan tarixinin məhz bu səhifəsində elə insanlar var ki, onlar hələ də soydaşlarımıza tanıdılmır, onların vətən-xalq qarşısındakı xidmətləri nə kitablarda, nə filmlərdə yer alır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevlə söhbətimiz də bu mövzudadır.
- Zaur müəllim, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Elə igidlərimiz olub ki, bu şərəfli səhifələrə onların adı yazılmayıb.
- 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. Bakının azad olunmasında türk qardaşlarımızla yanaşı Bakının igid oğulları - qoçuları da mübarizə aparıb, döyüşüblər.. Baxmayaraq ki, sovet dönəmində bu mövzu heç vaxt təbliğ olunmayıb və Bakı qoçularının bu müharibədə rolu haqda heç yerdə danışılmayıb. İndi isə öz qəhrəmanlarımızı mütləq tanımalıyıq və hörmətlə anmalıyıq. Aradan 105 il keçməsinə baxmayaraq onları təbliğ etmək gec deyil.. Bu kişilərin çoxu bizim erməni zülmündən xilas olmağınız üçün canlarından keçiblər.
- Bilirsiniz, sovet dönəmində "qoçu" sözünə qarşı o qədər antipatiya vardı. Qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq deyəndə "Qoçuluq" sözü yada düşürdü. Müstəqillik dönəmində də bu münasibət yumuşalmadı. Axı kimdi bu "qoçular"?
-Çoxları Qoçu sözünü quldur mənasında izah edir. Lakin bu belə deyil. Qoçu sözünün mənası tarixə gedib çıxır. Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü "Qorçu" adlanırdı. "Qorçubaşı" isə Səfəvi şahlarının sеçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub. Dövlətin sütunu (Ərкani-dövlət) hеsab edilirdi. Hökmdarın qoruyucusu cangüdəni olan bu şəxslər sonralar odlu silahdan istifadə edən döyüşçülərə də, "qorçu"lar deyildi. İlk odlu silahları hökmdarın cangüdən və qvardiyası gəzdirdikləri üçün onlar da, "qorçu" adlandılar. XX əsrdə isə "qorçu" "qoçu" şəklinə düşdü.
Zamanla Qorçudan Qoçuya çevrilən bu söz ilk illər Bakı Neft Mədənlərini, bəyləri və varlı ailələri qoruyan mühafizə işçiləri oldular. Onlar Bakıda at oynadan gürcü və erməni oğrularının qarşısın ala bildilər. Bakı qoçuları söz qoyublar ki, ermənilərə normal ölüm haramdı, çünki insan deyillər. Qadınlarımızın namusuna toxunan iki erməninin taleyi isə diri-diri divara hörülmək olub.
Qoçular bir nəfər düşməni belə küçədən keçməyə qoymurdular. Hamıya tapşırılmışdı ki, son gülləyədək vuruşsunlar. Güllə qurtaranda isə əks hücuma keçib xəncərlərini işə salsınlar. Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də, həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü.
15 sentyabr 1918-ci ildə Bakı işğaldan azad olunan günü qoçular tərəfindən Azərbaycanlılara qarşı vuruşan qarşı tərəfin 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü. Əsir alınanlar arasında düşmən tərəfində vuruşan iranlı əsgər və zabitlər də, vardı.
- Zaur müəllim araşdırdığınız qəhrəman qoçulardan hansının igidliyinə heyran qalmısınız?
- 1918-ci ilin martında Bakını işğal edən erməni-rus (daşnak-bolşevik) qüvvələrinə qarşı Maştağada cəbhə açmış Bakının adlı- sanlı oğullarından biri Qoçu Əzizə! Maştağada anadan olan və gənc yaşlarından qoçu kimi tanınan Əzizin Bakıda hörməti sonsuz idi. Qoçu Nəcəfqulu, Kürdəxanalı Adil, Malbaş Yusif və digər qoçularla dostluq edən Əziz 1918-ci ilin mart hadisələri zamanı evini hərbi hissəyə çevrir. O, həm göstərişlər verir, həm də öz puluna aldığı patronları rabitəçi vasitəsilə döyüş xəttinə göndərirdi. Bütün kəndi başına yığan Qoçu Əziz caamata müraciət edir.: "Əvvəla, sözümə qulaq asıb gəldiyivüzə görə çox sağ olun. Çünki mən burdakıların bəziləri ilə qan düşməniyəm. Bir-birimizin qohum-qardaşını öldürmüşük. Amma bu gün ayrı vaxta bənzəməz, bu gün düşmənçilik bizə yaraşmaz. Bu gün torpaq əldən gedir, Vətən əldən gedir, namus əldən gedir! Siz bilirsiz ki, mən baş kəsmişəm, amma namusdan keçməmişəm. Gəlün hər şeyi yaddan çıxardıb birləşək, torpağımızı düşməndən qoruyaq. Öldük heç, şəhid olarıq, qaldıq Vətəni xilas eləyək, genə ağa durub, ağacan durub. "
qoçu Nəcəfqulu
Mart hadisələri günlərində Maştağa mollaları məscidlərdə bolşeviklərə qarşı "müqəddəs müharibə" elan edirdilər. Onlar deyirdilər ki, dindarların düşməni olan bolşevikləri öldürmək günah deyil,
Bakı şəhəri və ətraf kəndlərinin müdafiəsinədə böyük rol oynamış "Maştağa qarnizionu”nunda Qoçu Əzizlə yanaşı digər tanınan şəxs Qoçu Mürsəl də döyüşür
Türklər Bakıya daxil olana qədər Maştağanı qoruyub saxlayan Qoçu Əziz və yerli sakinlər Maştağanın yaxınlığında yerləşən körpüdən bir qədər aşağıda, Zabrat yolu üstündə türklərlə birləşib erməni-rusları qova bilirlər.
-Qoçu Əzizin sonrakı taleyi necə olur?
-Bakı XI ordu tərəfindən işğal olunduqdan sonra Maştağa kəndində Qızıl Orduya qarşı müqavimət güclü olduğuna görə komandan Ostrovskinin əmri ilə kənddə mühasirə vəziyyəti elan edilir. Maştağada anadan olan, bolşeviklərin tərəfdarı və rusların Azərbaycana gəlməsində rolu olan bolşevik Məmməd Məmmədyarov milli qüvvələri məhv etmək üçün Maştağaya göndərilir. O Maştağaya gələn kimi kəndin ağsaqqallarını, mollalarını, din xadimlərini və kənddə böyük hörmət sahibi olan qoçu Əzizi həbs etdirib onlardan qisas alaraq hamısını güllələyir.
- Yəqin o vaxt erməni və rus işğalçılarına qarşı döyüşən igid qoçular sovet hökümətinin "düşmən" siyahısına düşsə də, insanların yaddaşından silinməyib. Onlar haqqında nə qədər əks təbliğat.aparılsa da xalq arasında yəqin ki, unudulmayıblar...
- Elə indinin özündə də Qoçu Nəcəfqulu, Məşədi Adil, Dağlı Musa, Malbaş Yusif, Xırdalanlı Dadaş, Hökmalılı Qubad, Sana Pırcan, qoçu Şahbaba, Teymur bəy Aşurbəyov, Kəblə Abdulla Zərbəliyev, Kəblə Hacı Bala, Ağa Kərim, novxanılı Məşədi Hacı oğlu, Qoçu Əziz, eləcə də, Qubada Əli bəy Zizikski, Qubalı Aslan bəy Qardaşov, Əli Əsədullayev, Hacı Mürsəl, qoçu Güləhməd, Türbəti, Məşədi Ələsgər, həm qoçu həm də, milyonçu Murtuza Muxtarov, Qoçu Qafar və digər Bakı qoçuları haqqında el arasında hekayələr, rəvayətlər dolaşır. Allahdan hər birinə rəhmət diləyirik.
- Ümid edək ki, düşmənlərimizə qarşı səfərbər olaraq cəbhə tutan, xalqını qoruyan igid qoçular haqqında tarixi araşdırmalar başlanacaq, onların da əziyyəti qiymətləndirilicək! Ən azından onların bolşevizm bəlasına qarşı fəaliyyətləri bir kitaba sığdırılacaq! Zaur müəllim, növbəti dəfə verdiyiniz maraqlı məlumatlara görə, təşəkkür edirik.
Oxucularımız üçün isə bildirək ki, fəlsəfə elmləri doktoru, professor Vəli Həbiboğlunun “Maştağa” adlı ensiklopedik-məlumat kitabı var. “Maştağa” kitabında xüsusi vurğulanır ki, 1918-ci ilin mart hadisələri zamanı Bakının bir sıra kəndləri, o cümlədən, Bilgəh, Kürdəxanı, Qala, Buzovna, Zabrat, Nardaran və digərləri ermənilərlə savaşan maştağalılara kömək ediblər. Məhz Bakı kəndləri arasındakı bu birlik ermənilərə qarşı mübarizədə öz bəhrəsini verib. Maştağalı Məşədi Əhməd atası Bəyəhmədin danışdıqlarına əsaslanaraq söyləyib ki, o dövrdə qonşu Bilgəh kəndindən Maştağaya xeyli cavan döyüşçü, bir neçə araba silah-sursat göndərilib. O vaxtlar torpaqlarında pambıq əkən bilgəhlilər Maştağaya bu məhsuldan gətirər, dərzilər isə həmin pambıqdan yerli döyüşçülər üçün pal-paltar tikərmişlər. Bundan başqa, Bilgəhdən göndərilən zəfəranı satıb, əvəzinə tüfəng, patron alarmışlar.
Bilgəhli Əlibəndənin vətəgəsi isə həmin vaxtlarda Bakı kəndlərinə balıq və digər ərzaq məhsullarını təmənnasız göndərərdi. Əlibəndənin türkmənlərlə ticarət əlaqəsi olduğu üçün onların dənizlə gətirdiyi silah və patronu da alıb, kəndlərə paylayardı.
O zaman Bakının Novxanı, Corat, Fatmayı, Goradil və s. ətraf kəndləri ermənilərin mühasirəsində qalıb. Kürdəxanı tərəfdən isə ermənilər Maştağaya hücum edə bilərdilər. Bunun qarşısını almaq üçün kürdəxanılılarla əlaqə yaradılır və Kürdəxanıda nüfuz sahibi olan Məşədi Adilin başçılığı ilə müdafiə tədbirləri gücləndirilir. Ermənilərin Kürdəxanı tərəfdən Maştağaya girməsinin qarşısı alınır.
Məşədi Adilin rəhbərliyi altında kürdəxanılılar ermənilərə qarşı təkcə Maştağa yaxınlığında yox, Biləcəri-Xocahəsən istiqamətində də qəhrəmanlıqla vuruşmuşlar. Məşədi Adilin yaxın dostları - Xırdalandan Dadaş və Həbib, Hökməlidən Qubad və Pircan, Binəqədidən Azan, Suraxanıdan Şıx Əlbəndə oğlu, Novxanıdan Əli Hüseyn və Hacı Məşədi, Fatmayıdan Rəşid və bir çox başqaları ermənilərə qan uddurmuş, onların irəliləməsinin qarşısını almışlar. Beləcə, türk əsgərləri Bakıya gələnə kimi mübarizəni davam etdirmişlər.
Təsadüfi deyil ki, Türk Ordusunun komandanı Nuru Paşa kürdəxanılı Məşədi Adilin bu qəhrəmanlığını yüksək qiymətləndirib və ona Adil Paşa deyə müraciət edib. Eyni zamanda, hörmət əlaməti olaraq öz atını və papağını Məşədi Adilə bağışlayıb. Türklər Bakıdan gedərkən də Məşədi Adili özlərilə İstanbula aparıblar. O, dörd gün Istanbulda qonaq qaldıqdan sonra Bakıya qayıdıb.
Söhbətləşdi Əntiqə Rəşid