"Dərman vasitələrilə bağlı yeni qərar bazarda keyfiyyətə və qiymətlərə müsbət təsir göstərəcək” - RƏY

16-09-2023, 00:05           
"Dərman vasitələrilə bağlı yeni qərar bazarda keyfiyyətə və qiymətlərə müsbət təsir göstərəcək” - RƏY
"Dərman vasitələrilə bağlı yeni qərar bazarda keyfiyyətə və qiymətlərə müsbət təsir göstərəcək”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, bu gün Tarif Şurasının verdiyi qərar, əslində, qısa müddət öncə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Dərman vasitələri haqqında” qanundakı yeni dəyişikliklərin tələbinə uyğun şəkildə həyata keçirilir: “Əvvəl Tarif Şurası tərəfindən hər hansı dərman preparatının vahid bir qiyməti təsdiqlənirdisə, bu gün üst həddin müəyyənləşdirilməsindən söhbət gedir. Yəni yeni qərar dərman vasitələrinin daha münasib qiymətə satılmasına imkan verəcək. Ancaq bundan öncəki qanunla dərman preparatlarını müəyyənləşmiş qiymətindən nə daha baha, nə də daha ucuz satmaq qadağan edilirdi. Bu da rəqabətliliyə süni maneə yaradırdı. Ona görə də hesab edirəm ki, bu məsələnin həllini tapması ümumilikdə gələcəkdə ölkəmizdəki mövcud dərman probleminin həllində daha keyfiyyətli dərmanlara əlçatanlığın artırılması ilə yanaşı, həm də nəzarətin gücləndirilməsi kimi bir çox məsələləri özündə ehtiva edəcək”.

Milli Məclisin üzvü bildirib ki, sözügedən qanun dərmanların qiyməti ilə yanaşı, onun keyfiyyətinə də birbaşa təsir edəcək: “Beləliklə, ölkəyə gətiriləcək dərman preparatlarının 8 ayla 1,5 il arası müddətin ortadan qaldırılaraq 3-4 ay müddətində qeydiyyatdan keçirilməsinə imkan yaradacaq. Bürokratik əngəllərin aradan qaldırılması ilə Türkiyə başda olmaqla Avropa ölkələrində istehsal olunan dərman vasitələrinin qeydiyyat sənədinin təqdim olunması ilə ölkəmizdə də daha rahat qeydiyyatdan keçməsinə imkan verəcək. Bu hal da bazarda dərmanların qiymət və keyfiyyətinə, eyni zamanda vətəndaş məmnuniyyətinə müsbət təsir edəcək faktorlardır”.

R.Mahmudov vurğulayıb ki, elektron reseptlərin tətbiqi də bu qanunda öz əksini tapıb: “Bununla bağlı bəzi məsələlər həkimlər və tibb işçilərini narahat etsə də, burada əsas məqamlardan biri xüsusilə dərman vasitəsi olmayan qida əlavələrinin dərman vasitəsi kimi istifadəsinin qarşısının alınmasıdır. Bu da özlüyündə çox vacib bir məsələdir. Bütün səhiyyə işçilərinə müraciət edərək bildirmək istəyirəm ki, birmənalı olaraq dünyada dərman vasitəsi kimi qəbul olunmayan qida əlavələrinin reseptlərə yazılması məsələsini öz həkimlik peşəmizə yaraşdırmayaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.