Zəngəzur dəhlizinə qarşı həmlə:İmzalar Hindistanda atıldı
16-09-2023, 11:38
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- ABŞ-Ermənistan birgə təlimləri davam edir. Artıq Amerikanın yüksək vəzifəli generalları da təlimləri izləmək üçün Ermənistana gəliblər. Sizcə, nə etməyə çalışırlar?
- Əslində, bu, nədənsə ciddi ajiotaja səbəb olub. Araşdıranda məlum olur ki, belə təlimlər əvvəllər də keçirilib. Hətta Köçəryan və Sərkisyanın dönəmində də olub. Ermənistan NATO-nun tərəfdaşlıq proqramının üzvüdür. İndi geosiyasi vəziyyət və Ermənistanla Rusiya arasındakı sözdə fikir ayrılıqları o səviyyəyə çatıb ki, bu, ciddi müzakirələr yaradır.
İndi Ermənistanda ABŞ-ın azsaylı hərbi kontingenti ilə keçirilən məşqlər sahədə olan təlimlər deyil, modullaşdırılmış təlimlərdir, simulyasiyadır. Bu, ajiotaja səbəb oldu, xüsusən də Rusiyanın kəskin reaksiyası ilə qarşılandı.
Əlbəttə, strateji baxanda Qərb, xüsusən də ABŞ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında maraqlıdır. Bunun üçün ən zəif halqa və Rusiyadan daha çox asılı olan Ermənistanla münasibətləri daha üst səviyyəyə qaldırmağa çalışırlar. Beləliklə, Rusiyanı Cənubi Qafqazda ən güclü mövqeyinin olduğu Ermənistanda sıxışdırmağa cəhd göstərirlər. Strateji yol budur. Amma bunun yaxın gələcəkdə necə baş verəcəyi ilə bağlı qaranlıq məqamlar daha çoxdur.
- Davam edən Amerika-Ermənistan təlimləri, bu fonda Konqresdə Azərbaycan əleyhinə dinləmələrin keçirilməsi o sualı yaratdı ki, Vaşinqtonun təzyiqləri ilə üzləşə bilərik. Siz bu haqda necə düşünürsünüz?
- Biz Konqres dinləmələrini çox vaxt ciddiyə alırıq. Bu o qədər də ciddiyə alınası məsələ deyil. Əgər Konqres dinləmələri hansısa qərarın verilməsi ilə bağlı deyilsə, yaxud hansısa qərarı tövsiyə etmirsə, bu, heç nəyi dəyişmir. Məsələn, bizim parlamentdə iclasdan əvvəl hansısa məsələlərlə bağlı deputatların çıxışları olur, bu da ona bənzər dinləmədir. Bunun hüquqi bir tərəfi olmur. Ümumi fon kimi isə xoş deyil.
Oradakı müzakirələr zamanı səsləndirilən bir çox fikirlər də reallığı əks etdirmir. Çünki bu fikirlərlə reallıq arasında ciddi fərqlər var. “Qarabağ xalqı”ndan, “Dağlıq Qarabağ”dan danışılır, reallıqda belə bir şeylər yoxdur. Reallıq budur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Azərbaycan ərazisində isə belə bir qurum və ya təsnifat yoxdur.
Məsələ budur ki, Ermənistanın ərazi bütövlüyümüzü tanıması həm Rusiyanı, həm də bəzi Qərb dairələrini narahat edir. Putin ən azı üç-dörd dəfə bununla bağlı çıxış edib. Sanki təəssüf edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü nahaq tanıyıb. Səsləndirdiyi fikirlər bu anlama gəlir.
Qərbin bəzi dairələrin və parlamentlərində də eyni fikir dilə gətirilir. Halbuki Qərb və Rusiyanın mövqeləri o qədər kəskinləşib ki, biri qatığa “ağ” deyəndə, o biri “qara” deyir. İndi nədənsə sanki bu məsələdə mövqeləri üst-üstə düşür. Bu da qəribə təzad və mənzərə yaradır.
- Bəs Azərbaycana qarşı sanksiya çağırışları haqda nə deyə bilərsiniz?
- Bunun olacağını düşünmürəm. Heç buna hüquqi baza, əsas da yoxdur. Azərbaycana qarşı heç bir sanksiyalardan söhbət gedə bilməz. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Qərblə, Avropa Birliyi ilə tərəfdaşlıq addımlarını kifayət qədər sürətləndirib. Azərbaycan xüsusən də enerji məsələlərində Qərb dövlətlərinin ən vacib tərəfdaşlarından birinə çevrilib. Yəni ermənilərin bu gözləntisi əbəsdir.
Ermənilər nə qədər gözləsələr də, düşünmürəm ki, bu mümkün olsun. Müəyyən tövsiyə xarakterli bəyanatlar ola bilər, amma sanksiyalar mümkün deyil.
Bir məsələ də var ki, Azərbaycan bu yöndə daha proaktiv siyasət yürütməlidir. Ermənilər bic oynayırlar. Onlar belə təsəvvür yaratmaq istəyirlər ki, sanki Ermənistan qərbyönldür, Azərbaycan isə Rusiyanın yanındadır. Halbuki tam tərsidir. Hətta Konqresdəki dinləmələrdə Ermənistanın Ukraynaya cəmi bir dəfə humanitar yardım göndərməsi dəfələrlə vurğulandı. Halbuki müharibə başlayandan Ukraynaya humanitar yardım edən üç ölkə varsa, onlardan biri Azərbaycandır.
Ukrayna Prezidenti Zelenski onlarla dəfə publik şəkildə Azərbaycana, o cümlədən Türkiyəyə buna görə təşəkkür edib. Amma biz sanki bu kimi addımları təqdim edə bilmirik, təqdimatda hansısa problemlər var. Elə bil təqdimatların üstündən keçirik.
Dediyim kimi, Ermənistan özünü “qərbpərəst”, Azərbaycanı isə “rusiyameylli” təqdim etməyə çalışır, bu da təsadüfi deyil. Belə oyunların pozulması üçün müəyyən addımların atılmasına ehtiyac var.
- Dehlidə Qərb və regional dövlətlər arasında Hindistan-Yaxın-Şərq Avropa iqtisadi dəhlizinə dair anlaşma imzalandı. Bu xətt Azərbaycan və Türkiyədən yan keçəcək. Sizcə, bu anlaşmanın bizə təsirləri necə ola bilər, ümumiyyətlə, bu dəhlizin perspektivi varmı?
- Bu xəttin birbaşa Türkiyə və Azərbaycanla əlaqəsi yoxdur. Bu xəttin əsas rəqibi Çindir. Pekin “Bir Yol, Bir Kəmər” layihəsi təklif edib, 30-a yaxın ölkə ilə də bunu razılaşdırıb. Çinlə Qərb, xüsusən də ABŞ arasında ciddi bir rəqabətin olduğunu düşünsək, bu yolun yeganə moderatorunun Pekin olacağına görə Vaşinqton alternativlər təqdim etməyə çalışır. Bu məqsədlə də Hindistandan istifadə edir.
Məlumdur ki, Hindistanla Çin arasında münasibətlər xoş deyil. Hindistan da bu səbəbdən buna məmnunluqla razılıq verdi. Bu məqsədlə investisiya layihələrinin cəlb edilməsi nəzərdə tutulur, Hindistan ərazisində iki böyük liman tikiləcək. Yüklərin bu limanlar vasitəsilə Ərəbistan yarımadasına, oradan da Avropaya çatdırılması planlaşdırılır.
Projenin perspektivi var, geosiyasi gərginliyin pik həddə çatdığı bir dünyada müxtəlif logistik xətlərin olmasında hamı maraqlıdır. Əsas məsələ budur ki, sovet dönəmindən bəri Şərqlə Qərb arasında daşınmalar daha çox indiki Rusiya ərazisindən aparılırdı. Hətta SSRİ-nin Baykal-Amur magistralını tikməsi çox vaxt “sosialist layihə” kimi təqdim edilsə də, bununla həm də Şərq-Qərb dəhlizinin yaradılmasına çalışılırdı. İndi məsələ budur ki, Rusiya və Belarus ərazilərindən keçən həmin xətt geosiyasi gərginlik nəticəsində problemə çevrilib, həm də sığortalanmır.
Beynəlxalq şirkətlər Rusiya ərazisindən keçən yükləri sığortalamaq istəmirlər. Buna görə də alternativ yollara ehtiyac var.
Həmin yollardan biri də Azərbaycan üzərindən keçir. Hesablamalar da göstərir ki, məsələn, yükləri Şanxay və ya Pekindən Londona 15-16 günə Azərbaycan üzərindən çatdırmaq mümkündür.
Azərbaycan da bu trafikdə və böyük yük dövriyyəsində öz payını almağa çalışır. Hesab edirəm ki, atılan addımlar ardıcıl olarsa, Zəngəzur dəhlizi və ya yolu açıldıqdan sonra Azərbaycan öz payını ala bilər. Çünki Çinlə Avropa Birliyi arasındakı ticarət dövriyyəsi 1 trilyon dollardır. Zatən, bu həcmdə yükün Azərbaycan üzərindən keçrilməsi fiziki olaraq mümkün deyil. Bizim məqsədimiz budur ki, bu ticarət dövriyyəsindən 5, gələcəkdə isə mümkün olarsa, 10 faiz pay alaq. Azərbaycan bunu cəlb edə bilsə, bu, həm əlavə tranzit gəlirləri, həm də investisiyalar deməkdir. Bu durumda Azərbaycan regional qovşaqlardan birinə çevrilə bilər.