Azərbaycana nəinki güllə, daş da ata bilməzlər! - Tehran rejiminin...
19-09-2023, 19:17
Ermənistanla sərhədi saxlamaq və Ermənistanın ərazi bütövlüyünə hörmət etmək İranın qırmızı xəttidir, lakin təəssüf ki, Azərbaycan sionist rejim (İsrail nəzərdə tutulur – red.), Türkiyə və Səudiyyə Ərəbistanının əməkdaşlığı ilə regionun coğrafiyasını dəyişməyə çalışır.
bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri İran mediasına açıqlamasında deyib.
“Bölgənin geosiyasətindəki dəyişiklik İranın qırmızı xətlərindən biridir və biz çox yaxşı qonşu olan Ermənistan ilə ümumi sərhədlərimizdə heç bir dəyişikliyi qəbul etmirik. Bu ölkə ilə uzaq keçmişdən sülh münasibətləri olub”, - o bildirib.
TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili bildirib ki, Qarabağ savaşı sırasında Cənubi Azərbaycan ilə sərhəd olan bəzi bölgələrimiz ermənilərdən təmizləndi:
"İran bu ermənilərin işğalından torpaqlarımızın qurtarılmasını da qırmızı çizgisi kimi elan etmişdi. Silahlı Qüvvələrinin komunatını demişdi ki, hər türlü geopolitik dəyişiklik bizim qırmızı xəttimizdir. Yəni, bu İranın indiki reaksiyası deyil. Hətta Qarabağ müharibəsi sırasında və ondan sonra bəzi mövzular üstündə İranın Milli Məclisi belə buna qarışdı. Bu mövzular Qarabağ məsələsi ilə əlaqəli idi. Çünki xüsusilə fars millət vəkilləri Qarabağ savaşında Tehran dövlətinə deyirdilər ki, Ermənistana yetəri qədər dəstək verməmisiz. Amma bunlar boşuna olan aqressiv hərəkətlərdir. Bölgədə Azərbaycanın yüksəlmiş və yüksəlməkdə olan güc həqiqəti var. Bunu isə İran tərəfi qəbul etməlidir. İkinci Qarabağ müharibəsindən sonra İran attığı bütün addımlarda Azərbaycana qarşı aqressiv olub. İran Ermənistanın hər zaman nəfəs borusu olmuşdu. Amma bu dəfə Ermənistan ABŞ və Fransaya yaxınlıq edir. Yəni, İran Ermənistanı da itirmək üzrədir. Tehran rejimi təkrar Azərbaycana hücüm etməyə başlayıb. Çünki Qarabağ savaşı sonrası bölgədə yeni geopolitik tarazlığı qəbul etməkdə çətinlik çəkir. Onlar düşünürdülər ki, Qarabağda status məsələsi davam edəcək, torpaqlarımız işğal altında qalacaq və işlər istədikləri kimi alınacaq. İranın Ermənistan üzərində strateji müttəfiq kimi etdiyi yatırımların hamısı suya düşdü. Azərbaycan xarici əlaqələrində müvəffəqiyyətli addımlar atır. Eyni zamanda bölgədə Azərbaycan-Türkiyə birliyi güclü hərəkət edir. Ermənistan ilə belə bəzi problemlərin həlli üçün yollar axtarılır. Bu da Azərbaycan siyasətinin uğurlu olduğunu göstərir. Təkcə Cənubi Azərbaycanda deyil, həmçinin İranın başqa bölgələrində də Tehran rejiminə, şovinizmə qarşı hərakatlar get-gedə çox güclənir. İran isə həm ölkənin daxilində, həm də xaricində aqressiv addımlar atır. Bu açıqlamaların heç bir faydası yoxdur. Onlar Azərbaycana qarşı güllə nədir, daş belə ata bilməzlər".