“Ya, onlar orada normal xidmət aparmırlar, ya da...”

20-09-2023, 09:36           
“Ya, onlar orada normal xidmət aparmırlar, ya da...”
“İkinci Qarabağ müharibəsindən sonra mina terroru məsələsi aktuallığını saxlamaqdadır. Müharibədən keçən dövr ərzində nə qədər günahsız insanımız mina qurbanı olub. Ermənistan mina xəritələrini Azərbaycana vermədi, verdiyi xəritələr də düzgün xəritələr olmadı”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas AYNA-ya açıqlamasında deyib.

O, bildirib ki, beynəlxalq aləmdən də Ermənistanın mina terroruna reaksiya yoxdur. “Onsuz da mən xaricilərdən Ermənistana hansısa təzyiq, təsir göstəriləcəyinə inanmıram. Onların mövqeyi bəllidir. Ona görə də hesab edirəm ki, məsələni özümüz həll etməliyik, necə ki, həll etməyə başlamışıq”.

“Son mina terroru Azərbaycanın yeni çəkdiyi yolda baş verib. Deməli, erməni terrorçuları bu minaları yeni, yol çəkiləndən sonra yerləşdiriblər. Maraqlıdır, sərhəddən keçid Azərbaycanın nəzarətindədir. O zaman minalar Azərbaycan ərazisinə necə keçirilib. Məncə, bunu Qarabağdakı Rusiyanın sülhməramlı adlandırılan kontingentinin komandanlığından soruşmaq lazımdır. İnanmıram ki, sülhməramlı deyilən hərbçiləri bu minaların daşınmasından, yerləşdirilməsindən xəbərsiz olsunlar. Ya ümumiyyətlə, onlar orada normal xidmət aparmırlar, ya da ki, özləri ermənilərin mina daşımasına, azərbaycanlıları öldürməsinə göz yumurlar. Düşünürəm ki, ikinci variant daha ağlabatandır”, - deyə deputat vurğulayıb.

Millət vəkili əlavə edib ki, Qarabağdakı qanunsuz erməni silahlıları çıxarılmasa, zərərsizləşdirilməsə, mina terroru da, təxribat da davam edəcək: “Necə ki, Azərbaycan antiterror əməliyyatlarına indi başladı. Hesab edirəm ki, bu iş sona çatdırılmalı, Azərbaycan Ordusu ərazisindəki separatçı quldurları zərərsizləşdirməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.