Ceyms Uorlik: "Danışıq masasında irəliyə yol var və tərəflər ona hörmət etməlidir"
20-09-2023, 10:49
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə Azərbaycanın Qarabağda apardığı əməliyyatı, son hadisələrin Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına təsirini şərh edib.
Amerikanın Səsi: Cənab Uorlik, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda antiterror əməliyyatına başladığını elan edib. Nazirliyin bildirdiyinə görə, məqsəd i2020-ci il noyabr tarixində imzalanan Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir. Sizin bu son baş verənlərə münasibətiniz necədir?
Ceyms Uorlik: Razılıqdakı məsələləri həll etməyin yolu danışıq vasitəsilədir, güclə deyil. Mən dəqiq bilmirəm, amma xəbərlərdə oxumuşam ki, Azərbaycan Dağlıq Qarabağda erməni qüvvələrin olduğuna və onların terrorçu qüvvələr olduğuna inanır. Əgər bu belədirsə, Ermənistan bu qüvvələri geri çəkməli və təxribatçı hesab oluna biləcək heç nə ilə məşğul olmamalıdır. Bununla belə, Azərbaycanın da sülh yolunda irəliləmək üçün razılığa əməl etməsi və Dağlıq Qarabağ icmasının hüquqlarına hörmət etməsi vacibdir. Biz bunu həll etməyin doğru yolu danışıqlar masası arxasında olduğu halda, günahsız mülki vətəndaşlar, qadınlar, uşaqların hərbi münaqişədə ölmələrini istəmirik.
Amerikanın Səsi: Son hadisələrin Aİ və ABŞ-ın vasitəçilik etdiyi danışıqlar prosesinə təsir edəcəyini gözləyirsinizmi?
Ceyms Uorlik: Mən bunu geriləmə hesab edirəm. Hərbi güc olduğu zaman, tərəflər qüvvələrinin geri çəkilməsinə razılaşmalıdır. Və sülh danışıqlarının irəliləməsi üçün etimad qurmaq tədbirləri aparılmalıdır. Danışıq masasında irəliyə doğru aparan yol var və tərəflər ona hörmət etməlidir.
Amerikanın Səsi: Sizcə, bu, genişmiqyaslı hərbi münaqişəyə çevrilə bilərmi?
Ceyms Uorlik: Biz hamımız ümid edirik ki, bu olmaz. Təəssüf ki, illər boyu münaqişə yenilənib və ya davamlı münaqişə olub, amma yaxşı ki, bu lokal olub və Azərbaycan-Ermənistan sərhədində əhəmiyyətli döyüş olmayıb. Bu, dəyişə bilər. Bu cür insidentlər dramatik və sürətli eskalasiyalara gətirib çıxara bilər ki, onlar da nəzarətdən çıxa bilər. Ona görə də, qüvvələrin geri çəkilməsi vacibdir.
Amerikanın Səsi: Ermənistan Rusiya sülhməramlılarını müdaxilə etməyə çağırıb. Son hadisələr Ermənistan və Rusiya arasında yüksək gərginlik fonunda baş verib. Sizcə, bu, Rusiyanın vasitəçi roluna necə təsir göstərə bilər?
Ceyms Uorlik: Rusiyanın başı Ukraynada qarışıb və onun sülməramlı qüvvəsi Dağlıq Qarabağda sülhü qorumaq üçün çox az iş görüb. Həmin sülməramlıların mövcudluğu prinsipdə faydalı olsa da, praktikada sülhə doğru müsbət hərəkata töhfə verməyib. Mən ümid edirəm ki, bu dəyişər. Dağlıq Qarabağda sülhü qorumaq üçün sülməramlılara ehtiyac var. Ancaq hələ ki, bu baş verməyib.