Metyu Brayza: Paşinyanın da, Əliyevin də sülh istədiyini düşünürəm
23-09-2023, 09:54
Azərbaycanın Qarabağda “lokal xaraketerli anti-terror tədbirləri”nə başlamasından sonra erməni icmasının nümayəndələri Rusiyanın vasitəçiliyi ilə atəşkəs və Azərbaycanla danışıqlara başlamaq təklifinə razı olublar. Sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağ regionunun erməni icmasının nümayəndələri arasında görüş keçirilib. Azərbaycan prezidenti İlham Əliyev hərbi əməliyyatların dayandırılmasından sonra çərşənbə günü televiziya ilə xalqa müraciətində qələbə əldə edildiyini bəyan edərək, Azərbaycanın suverenliyini bərpa etdiyini bildirib. ABŞ dövlət katibi Antoni Blinken sentyabın 19-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon danışığı zamanı Qarabağda hərbi əməliyyatları müzakirə edib və tərəfləri dialoqu davam etdirməyə çağırıb. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkşisi olmuş, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza Amerikanın Səsinə müsahibəd Qarabağda durum, Azərbaycan və Qarabağın erməni icması arasında görüş, Rusiyanın regionda rolu və Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivləri haqda danışıb.
Amerikanın Səsi: Azərbaycan və Qarabağın etnik erməni icmasının nümayəndələri separatçı qüvvələrin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərksilah olmaq və Azərbaycan hakimiyyəti ilə danışıqlara başlamaq təklifini qəbul etdikdən sonra regionda eskalasiyanın ikinci günündə atəşkəs əldə ediblər. Azərbaycanın “antiterror əməliyyatı”nı elan etməsindən sonra hərbi əməliyyatların yenidən başlaması regional münaqişənin genişlənməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub. Qarabağda vəziyyətlə bağlı nə düşünürsünüz?
Metyu Brayza: Danışmaq imkanı üçün çox sağ olun, çünki bu, həqiqətən vacib bir məqamdır. Mən bildiyiniz kimi, təkcə Azərbaycanda keçmiş səfir kimi deyil, Qarabağ münaqişəsində keçmiş amerikalı vasitəçi olaraq Minsk Qrupunun amerikalı həmsədri kimi danışıram.
Bu atəşkəs razılaşması sayəsində və əgər həyata keçərsə, Ermənistanın baş naziri Paşinyan və Azərbaycan prezidenti Əliyevin sülh müqaviləsinin əldə olunması istiqamətində irəliləyəcəyini düşünürəm və bu, tez bir zamanda baş verə bilər. Bunu sizinlə dəfələrlə müzakirə etdiyimiz kimi, aydındır ki, Paşinyan sülh müqaviləsi istəyir, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasını istəyir və təbii ki, prezident Əliyev də bunu istəyir. Onların hər ikisinin qarşısında Qarabağın erməni icmasının qalan hissəsini siyasi baxımdan və Azərbaycanın Ağdamdan humanitar yardım çatıdırılmasına imkan verməyərək, faktiki olaraq fiziki baxımdan da az qala girov götürmüş Qarabağın etnik icmasında bir qrup ekstremist fəallar və siyasətçilər tərəfindən maneə yaradılırdı. Buna görə də bu məsələ erməni tərəfin hələ də orada 2021-ci ilin avqustundan bəri erməni qüvvələrinin olmadığını iddia etməsinə baxmayaraq, bütün erməni qüvvələrinin çıxarılmasını tələb edən, sizin də qeyd etdiyiniz kimi, Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşması ilə aradan qalxacaq. Qarabağın erməni rəhbərliyi tərksilah olmağa razı olur. Bu, irəliyə doğru böyük bir addımdır.
2020-ci ilin noyabrında atəşkəs razılaşmasının həyata keçirilməsində, sülhə doğru irəliləyişin əldə olunmasında və Ermənistanın regiona iqtisadi reinteqrasiyasında ən böyük maneə Azərbaycanın Qarabağ ərazisində həmin silahlı birləşmələrin və ya Ermənistan ordusunun mövcudluğu idi. Bu, artıq bitdi.
Mən təkcə diplomatiya məşğul olan biri kimi deyil, həm də diplomatiya tarixini öyrənən biri kimi qeyd etməliyəm ki, bu halda Azərbaycan hərbçilərinin hərbi gücdən dəqiq və məhdud şəkildə istifadə etməsi hərbi gücdən diplomatik bir vasitə kimi necə istifadə edilməsinə dair dərslik nümunəsi ola bilər. Bu, məni təəccübləndirmədi.
Amerikanın Səsi: Siz reinteqrasiya prosesini qeyd etdiniz. Azərbaycan rəsmiləri və Qarabağdakı etnik ermənilərin nümayəndələri reinteqrasiya prosesi ilə bağlı danışıqlar aparmaq üçün görüş keçiriblər. Danışıqlarda təcrübəsi olan biri olaraq bu müzakirələrlə bağlı gözləntiləriniz nədən ibarətdir?
Metyu Brayza: Mənim gözləntilərim ondan ibarətdir ki, Qarabağdakı erməni icmasının bu danışıqlarda iştirak etmək qərarına gələn liderləri başa düşməlidirlər ki, onların iştirak etməsi özü onların Azərbaycan vətəndaşı olacaqlarını qəbul etməsi deməkdir. Ona görə də etnik erməni tərəfi üçün müzakirələrin gərgin və çətin olacağını gözləyirəm, çünki onlar artıq yeganə seçimlərinin Azərbaycan vətəndaşı olmaq və ya Azərbaycanı tərk etmək olduğu reallığını qəbul etmək istəmirlər. Düşünürəm ki, onlar müəyyən mənada xüsusi icma hüquqları əldə etmək üçün bir yol tapmağa çox səy göstərəcəklər. Amma Azərbaycan tərəfinin onların dediyi kimi, müzakirə ediləcək yeganə məsələnin Azərbaycan qanunu, mahiyyət etibarilə Azərbaycana reinteqrasiya olacağını bildirməsinə baxmayaraq, Azərbaycanın yüksək səviyyəli rəhbərliyini yaxşı tanıyıraq, mən onların məntiqli olduğunu bilirəm və mənim təxminlərimə görə, onlar təbii ki, reinteqrasiyanı asanlaşdıracaq bəzi xüsusi hüquqların və ya razılaşmaların ağlabatan olacağını başa düşürlər. Ona görə də hər iki tərəfin məhz bu məsələni diqqət mərkəzində saxlayacağını gözləyirəm. Amma Azərbaycan tərəfi əlbəttə ki, danışıqları açaraq, Qarabağdakı etnik erməni icmasının Azərbaycan vətəndaşları kimi Azərbaycana inteqrasiyası ilə bağlı sənədlər və digər müddəaları müzakirə etmək istədiklərində təkid edəcək. Bunlar bir-birini istisna edən baxışlar və ya istəklər deyil. Düşünürəm ki, onlar etnik erməni icmasının keçmiş azərbaycanlı qonşular geri qayıtdıqca öz evlərində, amma Azərbaycan vətəndaşları kimi qala biləcəyi ilə bağlı özlərini rahat hiss etməsinə imkan verəcək irəliyə doğru yol tapa biləcəklər.
Amerikanın Səsi: Sizin fikrinizcə, Azərbaycandan gözləntilər nədir? Beynəlxalq ictimaiyyət Azərbaycandan reinteqrasiya prosesi ilə bağlı nə gözləyir?
Metyu Brayza: Bu gün bəzi Avropa səfirləri ilə söhbətlərim və dövlət katibi Blinkenin dünənki bəyanatına əsaslanaraq, gözləntilərin aşağı olduğunu və uyğun olmadığını hesab edirəm. Dövlət katibi Blinkenin dünənki bəyanatında Azərbaycanın hərəkətlərinin Ermənistan tərəfində ekstremistlərin iddia etdiyi kimi, Qarabağın erməni icmasının etnik təmizlənməsi cəhdi olmadığı etiraf edilmədi. Bu, Ermənistanın 2020-ci il 9-10 noyabr tarixində imzaladığı atəşkəs razılığının yerinə yetirilməməsi nəticəsində yaranmış çıxılmaz vəziyyətə son qoymaq üçün daha əvvəl dediyim kimi, diplomatik vasitə kimi hərbi gücdən dəqiq və məhdud istifadə idi. Dövlət katibi Blinkenin belə bir bəyanatla çıxış etməsi mənə onun Azərbaycanın məqsədlərinin bildirildiyi kimi, etnik erməni əhalisinin Azərbaycan vətəndaşları kimi tam hüquqları ilə Azərbaycana reinteqrasiyası olduğunu tam dərk etmədiyini deməyə əsas verir.
Bəzi avropalı diplomatlarla söhbətlərimə əsaslanaraq hesab edirəm ki, başqaları da Azərbaycanın hərbi gücdən daha geniş və daha az ehtiyatla istifadə edəcəyini və Qarabağda qalan erməniləri sadəcə olaraq sıxışdırıb çıxarmağa çalışacağını düşünürdülər. Ona görə də beynəlxalq ictimaiyyətin təəccübləndiyini düşünürəm və əgər Azərbaycan özünün dediyi kimi davransa, məncə, bu, çox xoş sürpriz olacaq və Azərbaycan öz öhdəliklərini yerinə yetirdikcə, düşünürəm ki, daha böyük beynəlxalq dəstək alacaq.
Amma mən bunu bir qədər tərəddüdlə deyirəm, çünki Azərbaycan Suşanı geri aldıqdan sonra hərbi əməliyyatları dayandıranda da mən [Azərbaycanın]daha çox beynəlxalq dəstək alacağını düşünürdüm. Azərbaycan müharibənin hərbi mərhələsində qalib gəldiyini bildiyi üçün çox sayda mülki şəxs və hərbçinin həyatı xilas edildi. Bundan sonra isə Azərbaycan həqiqətən humanitar addımlar atdı, humanitar yardım göstərdi. Müharibədən sonrakı ilk günlərdə təbii qaz verirdi. Kəlbəcər sakinlərinə onların xahişi ilə təxliyə üçün daha 10 gün verildi. Amma Azərbaycan buna görə xüsusi tərif almadı. Düşünürəm ki, bu dəfə dünya Azərbaycanın üzərinə götürdüyü bu öhdəlikləri yerinə yetirdiyini görəndə bu, həqiqətən də Azərbaycanın beynəlxalq mövqelərini gücləndirəcək.
Amerikanın Səsi: Atəşkəslə bağlı razılaşma Rusiya sülhməramlılarının vasitəçiliyi ilə əldə edilib. Sülh səylərində vasitəçisi kimi Rusiyaya nə dərəcədə etibar etmək mümkündür və Moskvanın regionda planları nədən ibarətdir?
Metyu Brayza: Sülh vasitəçisi kimi etibar baxımından, bu halda məqsədə nail olub və əgər Qarabağ erməniləri həqiqətən tərksilah olsa, daha sonra erməni qüvvələri oradan çıxsa, sonra Qarabağ erməniləri doğrudan da Azərbaycan vətəndaşı olacaqlarını qəbul etsələr, Rusiya mənim kimi Ukraynaya müdaxilə etdiyi, Ukraynanın və Gürcüstanın böyük bir hissəsini işğal etdiyi, Moldovada Dnestryanı bölgəni işğal altında saxladığı halda sülhməramlı rolunu oynaya bilmədiyini deyən müxaliflərə qarşı bunun əksini sübut etmiş olacaq. Ədalət naminə qeyd etməliyəm ki, bu atəşkəs təmin olunarsa, Rusiya Cənubi Qafqazda hələ də müsbət işlər görə biləcəyini sübut etmiş olacaq.
Xarici işlər naziri Lavrov ilə danışıqlar apardığımız zaman mən sizə əvvəllər dediyim kimi, ABŞ və Rusiya Gürcüstan məsələsində tamamilə fərqli və diametral şəkildə əks mövqedə olsalar da bizim Dağlıq Qarabağ məsələsində vasitəçi kimi həqiqətən də yaxşı işlədiyimizi müşahidə edirdim. Mən o zaman həmişə inanırdım ki, Rusiya tərəfi gələcək sülh sazişinin əsasını qoyacaq çərçivə sazişi əldə etmək istəyində səmimidir. Amma mən həm də düşünürdüm ki, Rusiya tərəfi heç vaxt sülh sazişinin imzalanmasına faktiki olaraq kömək edə biləcək məqama gəlməyəcək.
İndi fikrimcə, Rusiya tərəfi başa düşür ki, sülh müqaviləsinin əldə edilməsində irəliləyişə nail olmamaqla Ermənistan tərəfi yalnız Ermənistan tərəfində ekstremistlərə görə və Azərbaycan tərəfində sübut olunmuş hərbi imkanlar sayəsində münaqişənin davam etməsinin əsasını qoyur. Buna görə də Rusiya Azərbaycanda növbəti müharibənin olmasını istəmir. [Rusiya] Ukrayna ilə kifayət qədər məşğuldur. Əslində, strateji nöqteyi-nəzərdən hesab edirəm ki, bu, Qarabağ münaqişəsinin həlli üçün indiyədək yaşanmamış bir məqamdır.
Amerikanın Səsi: Səfir Brayza, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivləri haqqında nə düşünürsünüz? Birləşmiş Ştatlar və Avropa İttifaqı iki ölkə arasında sülh danışıqlarını davam etdirib. ABŞ-da üçtərəfli görüşlər keçirilib, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan və Ermənistanın liderləri ilə Avropada görüşlər keçirib. Sülh danışıqlarının perspektivləri haqqında fikirləriniz nədir?
Metyu Brayza: Mən nikbinəm. Əvvəl dediyim kimi, Ermənistan siyasi dairələrinin nizamlanmanı istəməyən hissəsinin son cəhdi, son maneəsi, ata biləcəkləri son addım hərbi təxribat idi və bu, bitdi. Təbii ki, bu atəşkəs razılaşmasının həyata keçirildiyi müddətdə bu, bitmiş olur. Onlar bundan imtina edə və ya onu həyata keçirməyə bilərlər. Amma bu razılaşma reallaşarsa, baş nazir Paşinyan və prezident Əliyevin sülh razılaşması əldə etmək istədiklərini etməsi qarşısında heç bir ciddi maneə olmayacaq. Gördüyüm yeganə ciddi təhlükə, Allah göstərməsin, baş nazir Paşinyana sui-qəsd ola bilər və hamımızın xatırladığı kimi, Ermənistanda fərqli vaxtda parliament zalında çərçivə sazişinin əldə edilməsi istiqamətində impulsun yarandığı zaman bunun presedenti var. Amma bundan başqa, Allah göstərməsin, bunun baş verəcəyini düşünmürəm. Hesab edirəm ki, Paşinyan bu şəkildə müqavimət göstərməklə Ermənistanı Qarabağdakı bu radikal separatçıların tərəfinə atmamaqla böyük şücaət göstərib. O, güclü qalıb və cəsarətini qoruyub saxladığı müddətdə mən yaxın aylarda sülh sazişinin imzalanacağına nikbinliklə baxıram.
Dövlət katibi Blinkenin və [Avropa] Şurası prezidenti Mişelin hər iki liderlə danışıqlar apardığı yay aylarını xatırlayaq. Onlar optimist idilər. Onlar işlərin irəlilədiyini, razılığa gəlməyin mümkün olduğunu deyirdilər. Gözlənildiyi kimi, tərəflər sülh sazişinə getdikcə yaxınlaşdıqca sülh istəməyənlər və skeptiklər daha da aktivləşir və daha da çarəsizləşirlər. Biz bu təhlükəli dövrü yaşadıq və sülhün düşmənləri uduzdular, bəlkə də həmişəlik məğlub oldular.