“İctimai televiziya filmimi götürüb öz məhsulu kimi təqdim edir…”
11-07-2016, 09:49
Nazim Rza: «Adama pis təsir edir, deyirəm hələ sağam, çəkdiyim filmləri öz adlarına çıxırlar»
Sənədli filmlər sahəsində ölkənin ən peşəkar və stajlı rejissoru Nazim Rza ilə illər öncə belə uzun söhbətləşmişdik. Çəkdiyi filmlərdən, onların kadr arxasında qalan maraqlı məqamlarından, arxiv çalışmalarından, filmlərinə material toplamaq üçün gəzib-dolaşdığı yerlərdən, səfərlərdən… Artıq 6 ildir film çəkmir. Amma düşünməyin, söhbət üçün daha mövzu qalmayıb. Boş dayanırmı ki, Nazim müəllim? On illərdir arxiv-arxiv yığıb-topladığı materialları kitab şəklinə salmaqda davam edir. Onun necə dəyərli işlər gördüyünü, bəlkə də, illər sonra anlayacaq bu ölkənin insanları. Bu ölkənin tarixi, kökləri, mədəniyyəti ilə bağlı kimsənin yazıb ortaya qoymadıqlarını yazır indi də, eynilə filmdə etdiyi kimi. Onunla isti yay günlərinin birində evində söhbətləşdik yenidən. Tək söhbətləşmədik, arxivinə, mükafatlarına, diplomlarına, maraqlı fotoşəkillərinə baxdıq, haqqında yazılan şeirləri dinlədik, tələbələrinin yubiley sürprizlərini gördük. Inanıram ki, oxucular üçün də maraqlı olacaq…
-Nazim müəllim, neçə ildir film çəkmirsiniz?
– Sonuncu filmimi 2010-cu ildə təhvil vermişəm- “Timsahın göz yaşları”. Uydurma erməni “soyqırımı” məsələsi ilə bağlı film idi. Ondan sonra film çəkilişinə yaxın durmadım. Elə o filmi prosesində öz-özümə qərarlaşdırdım ki, daha film çəkməyəcəm. Görürdüm ki, sanki bu filmlər kimsəyə lazım deyil. O cür böyük əmək və enerji ilə çəkilmiş filmə Azərbaycanda bir münasibət görmədim, nə pis, nə yaxşı. Heç maraq göstərən də olmadı. Nadir hallarda tanış adamlar zəng edirdi, ya da rast gələndə nəsə deyirdi. Bu biganəliyi şəxsən özümə qarşı hesab etmirəm ki. Tariximizə, bəlalarımıza münasibət də eynidir. Gör, bu erməni məsələsi nə vaxtdandır davam edir, insanlar hələ də laqeydlik buzunu sındıra bilməyiblər. “Mücadilə” filminə də münasibət eyni oldu elə. Iki hissəli filmdi – Azərbaycan Xalq Cümhuriyyəti haqqında. “Difai” təşkilatının yaranmasından 1918-ci ilin 27 aprel tarixinə qədər olan dövrü əhatə edir. Bu tarix nə məndən əvvəl belə geniş çəkilib, nə də məndən sonra. Indi göstərirlər- göstərmirlər, başqa məsələdir, amma mən düşünürdüm ki, bu film cəmiyyətdə mütləq maraq doğuracaq. Sonra erməni məsələsi ilə bağlı olan 4 film. 2008-ci ildə çəkilən birinci hissə 2 filmdən ibarət idi- “Ermənilər. Riyakarlığın anatomiyası”. Bu, mövzu Pyotrun vaxtında erməni siyasətinin başlanmasından sonrakı bütün tarixi əks etdirirdi. O zaman ermənilərin kütləvi şəkildə Irandan, Türkiyədən Azərbaycan torpaqlarına, Qarabağ xanlığına, Irəvan xanlığına. Naxçıvan xanlığına, Ordubada köçürülməsi, bu köçürülmənin məqsədi… Köklü işlənmiş bir mövzu idi. Burda hətta erməni mənbələrindən də istifadə etmişdim, onlar özləri yazıblar bu tarixi. Ondan sonra 1915-ci ildən erməni saxtakarlığının başlanması gəlir. Türkiyənin içində daşnakların hərəkətə keçməsi, törətdikləri vəhşiliklər. Bütün bu tarixi xronikanı gedib Türkiyədə çəkmişəm. Daşnak şər yuvasının toplandığı adanı, toplu məzarları, kəndləri, hər yeri. Inanın, elə ürəklə gördük ki, bu işləri, amma yenə baxdıq, heç maraq göstərən də yox. O qədər əziyyət, xərc, yol yorğunluğu sanki kimsəyə gərək deyilmiş. Gecələr Türkiyənin təhlükəli qayalıq aşırımlarında nə qədər yol getmişik. PKK ilə bağlı problemlərin gərgin olan vaxtı idi. Çox maraqlı məqamlar var 4 saatlıq filmdə. Bir yerdə Van Universitetinin professoru müsahibə verir və deyir ki, 3 minə yaxın adamı müxtəlif kəndlərdən yığıb gətirib bir yerdə güllələyiblər. Biz o məzarlığa getdik. Orda qazıntı zamanı çıxan skletlərin biri gənc qadın olub, qucağında uşağı, uşağın başında da hörüyü. O kadrı Ərzurum kino arxivində tapdıq və filmə əlavə etdik. Filmi montaj edəndə işçilər qəhərlənirdilər. Amma münasibət elə oldu ki, öz-özümə dedim, bu heç kimə lazım deyilsə, sənin nəyinə lazım…
-Bizdə böyük işlərin qiymətini sonralar verirlər, bilirsiniz. Cümhuriyyətçi babanız, “Difai”nin yaradıcılarından biri olan Mirzə Məhəmməd Axundzadənin gördüyü işlər kimi. Yeri gəlmişkən, babanız haqqında yazdığınız kitab da tarix üçün çox dəyərli mənbədir…
-Bəli, orda da demək olar ki, dərindən araşdırılmamış, tədqiq olunmamış materiallar toplanıb. O kitabın da maraqlı tarixçəsi var. Deməli, tədqiqatçı Cümşüd Muradov Axundzadənin “Məclis yaraşığı” adlı kitabını hazırlayıb -100 il sonra. Mən də bunu sonralar bilmişəm. Həmin kitabdakı məqaləsində də yazıb ki, Mirzə Məhəmməd Axundzadə kimi ziyalıların irsinin gələcəkdə də araşdırılması işini vacib hesab edir. Sonra mən yazdığım kitabı ona göndərdim. Yazdı ki, artıq mənim vicdanım rahat oldu, siz istədiyimi etdiniz…
– Ümumilikdə neçə filminiz var?
– Hardasa 70 film. Hamısı “Aztelefilm”də çəkilib və dövlət reyestrindən keçib…
– Eşitmişəm bəzən filmləriniz nümayiş olunanda adınızı ordan çıxarırlar, doğrudur?
– Təəssüf ki, belə şeylər də var. Bir faktı danışım. 1995-ci ildə faşizm üzərində qələbənin ildönümü idi. O vaxt da Qarabağda döyüşlər gedirdi. Deyirdilər azərbaycanlılar döyüşmür, döyüşə bilmir və s. Düşündüm ki, Azərbaycanın təyyarəçi qadınları haqqında film çəkim. Rəhmətlik Məzahir Abbasov vardı, tarix elmləri doktoru. Vaxtı ilə hərbi təyyarəçi olub, müharibədə Qaradəniz üzərində Rumıniya tərəfdə vurublar, dənizə düşüb, amma sağ qalmışdı. Onunla söhbət edəndə də dedi çox yaxşı ideyadır. Hələ bilmirdim ki, burdan böyük bir dastan yaranacaq. Başladım axtarmağa. Gördüm material çoxalır, adını qoydum “Göylər sonsuz bir dənizdir”. Birinci film oldu “Leyla”, ikinci” Züleyxa”, üçüncü “Səma qardaşları”. Mən ilk dəfə Mir Cəfər Bağırovun təyyarəçi oğlunun necə qəhrəmanlıqla həlak olduğunu da filmdə verdim. O könüllü cəbhəyə yollanıb, faşist təyyarələri ilə tarana gedib həlak olub. Ona Sovet Ittifaqı Qəhrəmanı adı vermək istəyiblər, atası deyib, yox, “Lenin ordeni” bəs edər, sonra deyəcəklər atasına görə ad alıb. O filmdə material çoxdur, mən 1972-ci ildə 20 dəqiqəlik bir film çəkmişdim – “Odlar yurdu”nun qızları. Təyyarəçilərimiz Leyla Məmmədbəyova ilə Züleyxa Seyidməmmədova haqqında idi. O zaman Leyla xanımı da film üçün Moskvaya aparmışdım. Vaxtı ilə orda bir rəssam onun şəklini çəkib, Azərbaycanda ilk paraşütçü-təyyarəçi qız olaraq. Mən də o faktı filmə salmışdım… Indi də Ictimai televiziya bu filmi götürüb hansı yollarlasa, adımı, səsimi ordan çıxarır, öz məhsulu kimi təqdim edir. O filmi həm də mən səsləndirmişəm başdan ayağa. Mənim səsimi yığışdırıblar, Züleyxa xanımın bir rejissor qohumu var, o aparır filmi. Parçalar göstərirlər, mənim izim yox. Adama pis təsir edir, deyirəm hələ sağam, çəkdiyim filmi öz adlarına çıxırlar… Bu qədər də olmaz axı. O qədər əziyyət çəkilib bu filmə. Zabratdan uçmuşuq Kürdəmirə, hərbi aerodroma getmişik. Qarabağ müharibəsi gedirdi o zamanlar, yaxşı oğlanlar vardı orda – vətənpərvər. Oranın rəisi şərait yaratdı, uçuşları, enişləri, hər şeyi çəkdik. Indi bu nə deməkdir ki… Moskvanı bəyənmirik, amma onlar kiminsə filmindən istifadə edəndə, mütləq müəllifi yazırlar. Bu erməni məsələsi ilə bağlı filmlərimi, demək olar ki, bütün tarixi günlərdə verirlər TV-lər. Bir arada adımı ordan da çıxarırdılar. Təsəvvür edin, elə bil Səməd Vurğunun kitabı çıxır, onun adını silib, ancaq mətbəənin adını yazırlar. Belə şey olar?
– Yenidən film çəkmək istərdiniz?
– “Aztelefilm”dən yox, başqa yerlərdən indi də təkliflər gəlir. Amma mümkün deyil, çünki mən hər şeyi qırmalıyam, yenidən o aləmə girməliyəm, daha keçdi. Film sahəsində istədiyimin demək olar, 90%-ni eləmişəm. Indi fərdi yaradıcılıqla məşğulam, araşdırmalar aparıram, kitab yazıram, iş çoxdur. Hazırda yeni kitab da hazırdır, mövzunun nə olduğunu nəşr olunanda bilərsiniz…
– Azərbaycan kinosu böhran tarixini yaşayır. Dünyada gedən festivalların, kino tədbirlərinin də bizə dəxli yox, sanki…
– Dünyaya hər zaman çıxmaq olar. Məsələn, Fransada sənədli filmlər festivalı vardı, o zaman məni də dəvət etmək istədilər. Amma iştirak üçün pul ödənməli idi, bunu gərək göndərən təşkilat etsin. Elə də qaldı. Bir fakt deyim. 2002-ci ildə Finlandiyada Azərbaycan kinosu və festivalı günləri keçirilirdi. Orda iki filmim göstərildi. Bilirsiniz, “Atəşgah” filmi necə maraq doğurdu… Kofe fasiləsində festivalın təşkilatçısı yaxınlaşdı ki, Skandinaviya ölkələri üzrə məşhur sənədli film mütəxəssisi var, sizinlə tanış olmaq istəyir. Yaşlı insan idi, təbrik etdi məni, dedi, çox maraqlanırdım ki, heç tanımadığım ölkədən necə bir film çıxacaq qarşıma, epizodları izləyirdim, düşünürdüm görüm ardınca nə gələcək, elə bir şey çıxırdı ki, beynim qarışıb qalırdı. Yəni çıxdığım bütün tədbirlərdə maraq görmüşəm. Norveçlərlə film sahəsində uğurlu əməkdaşlığımız olub. Bilirsiniz, mənim 1969-cu ildə çəkilmiş “Insan Xəzəri xilas edir” filmim də hələ o illərdə beynəlxalq mükafat almış filmdir. O zaman da Finlandiyadan yaşlı bir adam vardı, münsiflər heyətinin üzvü. Maşınla festivala gedirdik. 1970-ci il idi. Dedi filminizə baxdım, açıq fikir bildirməyə ixtiyarım yoxdur, amma sizin filminizə səs verəcəm, təklif də etdi ki, gəlin Finlandiyaya, əməkdaşlıq edək. Həmin filmi qorxudan bir il burda efirə vermədilər. O vaxt SSRI-də belə filmlər çəkilmirdi, qərəzli film hesab olunurdu belə işlər… Demək istədiyim odur ki, dünyaya hər zaman çıxmaq olar. Amma buna istək, imkan və təşkilatçılıq lazımdır…
Söhbətləşdi:
Səadət Cahangir