39 il sonra sertifikasiyadan keçməyən müəllim: - “Ya əzab çəkərək yaşamaq, ya da intihar etmək…”

26-09-2023, 09:00           
39 il sonra sertifikasiyadan keçməyən müəllim: -
Ölkədə təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verildi.

Yaranmış vakant yerlərə artıq yeni müəllimlər təyin edilir. Sertifikasiyadan keçə bilməyən müəllimlərin bir qismi uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olduqlarına görə bu qərarla razılaşa bilmir. Həmin müəllimlərin bir çoxu test mərhələsindən keçə bilmədiklərini imtahan prosesi ilə əlaqələndirirlər.

Cebhe.info-nun müsahibi təkrar sertifikasiyadan keçməyərək əmək fəaliyyətinə xitam verilən müəllimlərdən biri, Xəzər rayonu 322 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məlahət Abdullayevadır. Teref.az onunla söhbəti təqdim edir...

O, müsahibəyə başlayarkən özünü belə təqdim edib:

-İki diplomlu, ali təhsilli , 40 il fəaliyyətdə olan, iki kitabı işıq üzü görən, növbəti kitabı üzərində çalışan, ancaq bu vəziyyətlə baqlı əli -qolu bağlanıb həvəsdən düşən, illərini pedaqoji fəaliyyətə, fidan balalara xərcləmiş, sözünü demiş, neçə-neçə nailiyyətlərin, fəxri fərmanların, sertifikatların sahibi, Azərbaycan Müəllimlər Assosiasiyasının üzvü, həyatının ağlı -qaralı rənglərini özünün optimistliyi, həyatsevərliyi ilə tanınan, “hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyib özünə səbrdən köynək geyinən müəlliməyəm. O müəllimə ki , bu gün işinə xitam verilib xərclədiyi illərinə heyfslənir. Çox təəssüflənirəm, çox acdır. Hər ağrı-acısını uşaqlarla unudan, “onların sevgisi ən böyük varım-dövlətimdir” deyən müəllim indi öz qızının xeyir işinə görə banklara borclanıb. İndi qərarı əlinə alıb, əllərini başına vurub oturub ki, mən necə edəcəyəm, işsiz, maddiyat yox.

-Məlahət xanım, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olmağınıza baxmayaraq, artıq işsizsiniz. Prosesləri necə qiymətləndirirsiniz?

- Ömrünü gənclərin təhsilinə xərcləmiş, sözünü demiş müəllimlərin bu gün o gənclər tərəfindən imtahan edilməsinin nə dərəcədə düzgün olub-olmadığı ilə bağlı fikirlərimizi işıqlandırın. Bəlkə buzlaşmış qəlblərə istilik, mərhəmət düşər.

- Təkrar sertifikasiya imtahanında iştirak etmisiniz. Test mərhələsindən keçə bilməməyinizin səbəbini sualların çətin olması ilə əlaqələndirirsiniz?

- Suallardan da əlavə orada kompüterdə problem var idi və mən sualı cavablandırmışdım, ancaq sonra cavablandırmamışam kimi çıxırdı, yenidən o suallara qayıdırdım. Eləcə də vaxtı tuta bilmədim, ən azından bir neçəsini də cavablandıra bilərdim. Nəzarətçi gənclər də onlardan kömək istəyəndə yaxınlaşmırdılar, deyirdilər ki, olmaz. Nə isə, olan biz müəllimlərə oldu. Mən 1984- cü ildən bu sahədəyəm. Çox əfsuslar olsun ki, 2024-cü ilə qala bilmədim və xitam verildi. 1984-cü ildən 2023-cü ilin 4 sentyabr tarixinə kimi artıq 39 ildir . Ümumiyyətlə, 4 sentyabr tarixi biz müəllimlərin yaddaşına az qala 20 yanvar hadisəsi kimi həkk olundu.

-İmtahan zamanı tədris etdiyiniz fənlərdən əlavə sual salınmışdımı?

-Artıq əsəbimdən heç o səhnəni yadıma salmaq istəmirəm. Sanki bizi xəstə ediblər. İndi fikirləşirəm ki, budurmu müəllimin qiyməti? Gedib indi qabyuyan, yaxud xadimə işləyəsən? Ona görə də həyatıma nifrət edirəm. Ən əsası Allahımdan qorxduğumdan seçimimi edə bilmirəm. Ya əzab çəkərək yaşamaq, ya da intihar etmək kimi seçim arasında qalmışam. Ayın 4-dən bu günə diri ikən ölüb dirilirəm.

- Bir çox müəllimlər imtahandan əvvəl kursa gedir, hazırlaşırdılar. Siz bundan niyə istifadə etməmisiniz?

- Məktəbdə təşkil olunmuşdu, təlimdə iştirak etdim. Kursa getməyə də bank kreditim olduğundan çatdıra bilmədim. Kurslar da maddiyat tələb edir.

- Ümumiyyətlə, imtahan suallarını çətin hesab edirsizmi?

- Suallar keçdiyimiz fənlərdən idi. Sadəcə suallar mürəkkəb, yəni vaxt aparan idi, vaxta görə də düşünməliydin .Vaxt gedirdi, tələsik işləyirdim ki, 120 dəqiqəyə nəsə yaza bilim. Ancaq bununla belə, yenə vaxt çatmadı, artıq dayandırıldı, heç nə yaza bilmədim.

- İşinə xitam verilən müəllimlər yenidən MİQ imtahanında iştirak edə bilərlər. Siz də yenidən iştirak edəcəksinizmi?

- Mən artıq 58 yaşındayam. Staja görə də pensiya vermirlər. Əvvəllər 25 il pedaqoji stajı olan pensiyaya çıxırdılar.

- Əmək fəaliyyətinə xitam verilən müəllimlərin işlə təminatı məsələsi gündəmdə idi. Sizə məktəbdə başqa iş təklif olunubmu?

- Xeyr, heç bir iş təklif olunmayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki komissiyadan bir dəfə mənə zəng vurublar və soruşublar ki, yenidən iş təklif olunsa, işləmək istərmisiniz?Mən bildirdim ki, 40 ilə yaxındır pedaqoji sahədəyəm, əlbəttə, birinci növbədə müəllim kimi işləmək istəyərəm. İkincisi, başqa hansı işlər təklif edirsiniz ? Cavab nə vaxt olacaq? Dedilər ki, özləri əlaqə saxlayacaqlar. Ancaq o gün bu gündür, heç bir zəng yoxdur. Şəxsi kabinetə də heç nə gəlməyib. Məktəbimizdən 3 nəfər belə müəllim var, onlara da heç bir cavab, zəng yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.