Qənirə Paşayeva anamdan olmayan bacımdır” - Şəmsəddin Kuzeci
27-09-2023, 00:14
Jurnalist, yazıçı, Kərkük Mədəniyyət İctimai Birliyinin sədri Şəmsəddin Kuzeci Qənirə Paşayeva ilə tanışlığı və xatirələrindən danışıb.
Teref.az "İnformator.az"a istinadən müsahibəni təqdim edir.
- Qənirə xanım mənim üçün dostdur, sirdaşdır, anamdan bir olmayan bacımdır. Onun bu vəziyyəti bizləri dərindən kədərləndirib. Allahdan tezliklə sağalmasını diləyirik. Qənirə Paşayeva ilə bizim münasibətlərimiz çox illər əvvələ dayanır. Mən 1995-ci ildə Kərkükdə olarkən böyük bir referendum keçirilib. Deyə bilərəm ki, əcnəbi jurnalistlər arasında tək Qənirə xanım Kərkükə gəlib, türkcə danışıb. Buna nəzərən bütün jurnalistlər Qənirə xanımla böyük maraqla diqqət yetirdi. Həmin vaxtı Qənirə xanımla tanış olduq, Türkiyəyə köçdükdən sonra isə Paşayev ailəsi ilə daha da yaxın olduq. 2000-ci ildə Azərbaycana gəldikdən sonra yenidən Qəzənfər Paşayev ilə Qənirə xanımla görüşdüm, dostluğumuz beləcə davam etdi. Bizim Qənirə xanımla dostluğumuz, iş birliyimiz 2001-ci ildən başladı. Nizami Gəncəvi muzeyində Ərəb-türkmən ədəbiyyatı və muzeyinin açılışında bir araya gəldik. Həmin vaxtı Qənirə xanım jurnalist idi. Sonralar Qənirə xanımla bir neçə dəfə türk dünyası qurultaylarında bir araya gəldik. Proqramlar və müsahibələr etdik. Qənirə xanımı bir neçə dəfə Türkiyəyə dəvət edib orada özünü mükafatlandırdıq. Biz də Azərbaycana gəldikdə özü də bizi mükafatlandırıb. Hətta mənim bir neçə kitabımı çap edib. Kitablarımın çap edilməsinə Qəzənfər müəllim də xeyli dəstək olub. Qənirə xanım millət vəkili olaraq türk dünyasında haqqlarımızı hər zaman qoruyub. Türk xalqı öncə Azərbaycan dövlətinə, Paşayev ailəsinə çox şey borcluyuq. Qənirə xanım adını altun hərflərlə tarixə yazıb. Səbirsizliklə aramıza dönməyini gözləyirik, onun hələ yarımçıq qalan işləri var. Qənirə xanımı Bağdada da iclaslar üçün dəvət etmişik. Onu Kərkükdə də çox sevirlər, hazırda onun üçün çox sayda dualar edilir.
Həmsöhbətimiz Qənirə xanım ilə bağlı maraqlı xatirəsini də bizimlə bölüşüb:
2012-ci ildə Azərbaycanda bir tədbir var idi. Qənirə xanım hamımızı evinə qonaq olaraq dəvət etmişdi. Mən həmin günü səhhətimlə bağlı narahat idim. Bu səbəbdən oraya gedə bilmədim. Qənirə xanım mənə görüntülü zəng vurdu dedi ki, "qardaşım, sən hardasan?".Dedim təəssüf olsun ki, gələ bilməyəcəm. Qənirə xanımın anası mənim ad günümə özəl tort bişirmişdi. Görüntülü zəngdə mənim ad günümü qeyd etdilər. Bu mənim üçün böyük şərəf idi. O, mənim anamdan olmayan bacımdır".
Müsahibimiz qeyd etdi ki, Qənirə xanım heç kimin ad gününü unutmaz, özəl günləri hər zaman yadda saxlayar. Bir dəfə Şəmsəddin bəy ilə həyat yoldaşının evlilik ildönümünü özü qeyd edib.