Laurens Broers: Hazırda baş verənlər heç də təəccüblü deyil
28-09-2023, 09:57
Londonda qərargahlanan Chatham House təşkilatının Rusiya və Avrasiya üzrə mütəxəssisi Laurens Broers Amerikanın Səsinə müsahibəsində Qarabağdan ermənilərin kütləvi şəkildə getməsini, Rusiya sülhməramlılarının aqibətini və gələcəkdə döyüşlərin təkrarlanması ehtimalını şərh edib.
Amerikanın Səsi: Artıq on minlərlə erməninin Qarabağı tərk etdiyi deyilir. Bu haqda nə deyə bilərsiniz?
Laurens Broers: Bu, əlbəttə ki, faciəvi bir nəticədir. Eyni zamanda isə təəccüblü deyil. Münaqişənin tarixinə nəzər saldıqda, görürük ki, ərazi nə zaman əl dəyişsə, etnik təmizləmə, kütləvi məcburi yerdəyişmə olub. Ona görə də, hazırda baş verənlər heç də təəccüblü deyil. Bu, əlbəttə ki, Ermənistatnın cənubunda humanitar böhran yaradır, çünki onlar on minlərlə insan qəbul etməyə hazır deyil.
Bundan əlavə isə reinteqrasiya və Azərbaycan dövlətinə inteqrasiya olmaq üçün əhalinin qalıb-qalmayacağı məsələsi var. Və bu məsələnin necə həll edildiyi barədə çox şey söyləmək olar. Reinteqrasiya siyasi ritorika səviyyəsində müzakirə olunub, amma biz heç vaxt bu barədə bir plan, bir layihə, bir vərəqə görməmişik. Bu məfhum nə Azərbaycanın vətəndaş cəmiyyəti, nə beynəlxalq tərəfdaşlar nə də ermənilərlə məsləhətləşmə olmadan inkişaf etdirilib. Və əvəzində kütləvi zorakılıq nəticəsində indi Yevlax və Xocalıdakı görüşlərdə müzakirə olunub. Ona görə də, ümid olunur ki, birgəyaşayış mümkün olar. Amma mən düşünürəm ki, yaxın gələcəkdə Qarabağda ermənilər qalmasa, bu təəccüblü olmaz.
Amerikanın Səsi: Xocalıda Qarabağdakı ermənilərin nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında ikinci görüş baş tutub. Bu görüşləri necə xarakterizə edərdiniz? Onları regionda sülhün yaranması istiqamətində müsbət bir addım kimi görürsünüzmü?
Laurens Broers: Aydındır ki, mən buradan gördüklərimi şərh edə bilrəm. Mən kontekstdən çox uzaqdayam. Ona görə də, mən təəssüratla danışa bilərəm. Mənim təəssüratım odur ki, bu görüşlər sakit şəraitdə baş tutub və onlar təcili humanitar ehtiyaclarla bağlı razılıqların əldə edilməsinə yönəlib. Birinci görüşdən sonra, hər iki tərəfdən, Laçın dəhlizi və Ağdam yolu ilə Qarabağa humanitar yardım göndərilib. Mənim dünənki görüşdən başa düşdüyüm qədərilə, birgə idarə olunan səhra xəstəxanası yaratmaq niyyəti, birgə təşkil edilmiş səyyar tibbi qruplar və bəlkə də, ucqar yerlərdə olan Qarabağın erməni sakinlərinin təcili humanitar ehtiyaclarını qarşılayacaq mexanizm və vasitələr yaratmaq potensialı ilə bağlı razılıqlar olub. Ancaq bu, əlbəttə ki, doğru istiqamətdə atılan müsbət bir addım olsa da, minlərlə insanın ərazini tərk etdiyi bir vaxta baş tutur. Ona görə də, məncə bunu gələcəkdə birgəyaşayış yolunda atılan bir addım kimi görməkdə ehtiyatlı olmaq lazımdır. Ümid olunur ki, bəzi ermənilər qala biləcəklərini hiss edərlər və bu cür nəticələr bunu dəstəkləyər. Amma müharibədən sonra danışıqlar həmişə fərqli olur.
Amerikanın Səsi: Qarabağdakı ermənilərlə Azərbaycan hökuməti arasında birbaşa danışıqların keçirildiyini nəzərə aldıqda, rus sülhməramlılarının regiondakı gələcəyi ilə bağlı gözləntiləriniz nədir?
Laurens Broers: Bildiyiniz kimi, Rusiyanın sülhməramlı missiyasının 2025-ci ilin noyabrınadək qalmaq mandatı var və həmin tarixdən altı ay öncə ermənilər və azərbaycanlılar bu mandatın davam etdirilməsinə razılıq verib-vermədiklərini bildirməlidirlər.
Bununla belə, son üç ildə baş verənləri mən Azərbaycanın atəşkəs razılığını bir növ metodik şəkildə dekonstruksiya etməsi kimi təsvir edərdim, çünki 2020-ci ildəki qələbəsinin təhlükəli dərəcədə natamam olduğunu görür, çünki ərazinin bir hissəsi hələ də rus sülhməramlılarının nəzarəti altında qalır. Mən düşünürəm ki, Azərbaycan Rusiya bazalarının ölkəni 1990-cı illərin əvvəllərində tərk etməsi ilə fəxr edən bir ölkədir və bildiyim qədərilə, ölkədəki son Rusiya infrastrukturu Qəbələdəki radio stansiyası idi ki, o da 2013-cü ildə ölkədən çıxarıldı. Ona görə də, bu baxımdan bu reqressiv bir addım idi.
Və məncə Azərbaycan elə bir vəziyyət yaratmaq istəyir ki, Rusiyanın sülhməramlı missiyasına ehtiyac qalmayacaq, o eyni şəkildə aktual olmayacaq. Ona görə də mən ehtimal edərdim ki, bəlkə də missiyanın kiçildilməsi ilə bağlı hansısa razılaşma olsun. Bu, artıq sülhməramlı missiya olmayacaq, çünki Dağlıq Qarabağ müdafiə ordusu, Qarabağdakı yerli qüvvələr silahsızlaşdırılıb və biz həmin qüvvələrin çox böyük hərbi texnikaya malik olduğunu görürük. Ona görə də, artıq, məncə, sülhməramlılara təcili ehtiyac yoxdur. Amma, regionda erməni əhalisi qalsa, inteqrasiya prosesinə nəzarət edəcək 50-150 nəfərlik daha kiçik bir missiya ola bilər, və ya ən azından bu şəkildə təsvir edilə bilər. Zənnimcə, Azərbaycanın uzun müddətli məqsədi ərazisində rus slühməramlılarının olmamasıdır.
Amerikanın Səsi: Sizcə regionda gələcəkdə yenidən döyüşlər ola bilərmi? Sülh perspektivi necədir?
Laurens Broers: Biz dövri zorakılıq modeli görürük və məncə qısa müddətdə aydındır ki, Ermənistanla Azərbaycan arasında dövlətlərarası səviyyədə müzakirə olunan məsələlər var. Düşünürəm ki, hər iki ölkənin həll olunmasını istədiyi məsələlər, o cümlədən delimitasiya məsələsi var. Bildiyiniz kimi, çox sayda eskalasiya, insident, toqquşma və sərhədlərarası zərbələr və müdaxilələr olub və deyilənə görə, bunlar Ermənistan Respublikasının təxminən 150 kilometrinin hazırda Azərbaycan qoşunlarının nəzarətinin altına keçməsi ilə nəticələnib. Bu, müzakirə olunmalı bir məsələdir. Məncə həmçinin Ermənistanın cənubunda Azərbaycan və Türkiyədə Zəngəzur dəhlizi adlandırılan tranzit yolu ilə bağlı narahatlıq mövcuddur . Ermənistanda bunun güc yolu ilə həyata keçirilə biləcəyinə dair narahatlıq var, çünki Prezident İlham Əliyev Ermənistan razı olmasa, dəhlizin güc yolu ilə ələ keçiriləcəyini deyib. Ona görə də, məncə bu, izləməli olduğumuz bir məsələdir. Aydındır ki, əlaqənin olması hər kəsin xeyrinə ola bilər. Və məncə onunla sərhəd bölüşən iki ölkə, Ermənistan və İranın iradəsinə qarşı yaradılan dəhlizin mümkünlüyü sual edilə bilər. Amma mən çox ümid edirəm ki, daha rasional və strateji yanaşma olar ki, bu cür tranzit yolları regiondakı bütün tərəflərin xeyrinə olsun.
Uzun müddətdə isə, kim bilir, bəlkə də, diasporada və ya Ermənistanda Qarabağ erməniləri icması yarana bilər ki, onlar ermənilərin Qarabağla bağlı xatirələrinin vasitəsinə çevriləcək. Bu da məncə gələcək yaddaş müharibələrində bir dinamika formalaşdıra bilər. Bununla belə, biz son zamanlarda Qərbi Azərbaycan icmasının, azərbaycanlıların Ermənistanla bağlı xatirələri barədə eşitmişik. Hazırda bunlar bir-birini inkar edən yaddaşlardır. Amma kim bilirk, bəlkə də gələcəkdə daha inklüziv ola bilər. Amma mən düşünürəm ki, bunun üçün regionda siyasət çox fərqli şəkildə təkamül etməlidir.