Xankəndidə partlayış: Təxribat, yoxsa hadisə? (MÜSAHİBƏ)

28-09-2023, 09:29           
Xankəndidə partlayış:
Sentyabrın 25-də axşam Xankəndi yaxınlığında yanacaq anbarı partlayıb. Baş verən partlayış nəticəsində dəqiq rəqəmlər açıqlanmasa da xeyli insanın öldüyü və yaralandığı deyilir. Partlayışın qəza və ya təxribat olması barədə konkret məlumat yoxdur.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb ki, sentyabrın 25-dən etibarən Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar xeyli sayda Xankəndidən olan pasiyent qəbulu üçün boşaldılıb. Onun sözlərinə görə, bu xəstəxanalar əlavə tibb işçiləri ilə də gücləndirilib.

Hikmət Hacıyev bildirib ki, bütün humanitar ehtiyaclara yerlərdə cavab vermək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və birbaşa Qarabağın erməni sakinləri ilə müntəzəm əlaqə saxlanılır.

“Həmçinin tibbi yardıma ehtiyacı olanlardan ötrü Ermənistandan Qarabağa tibbi heyətin olduğu helikopterin daxil olması təmin edilib. Bundan əlavə, biz hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması üçün BQXK-nın müstəsna giriş imkanının təmin edilməsi üzərində işləyirik”, – deyə Hacıyev əlavə edib.

Bəs baş verən partlayış sizcə, təxribat idi, yoxsa sıradan bir ehtiyatsızlıq hadisəsi?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl sosial mediada, eləcə də cəmiyyət arasında dolaşan versiyalar haqda ASTNA-ya danışıb.

* * *

Sual: İlham bəy, Xankəndidə benzin anbarında baş verən partlayış sizcə, təxribat idi, yoxsa sıradan bir ehtiyatsızlıq hadisəsi?

Cavab: Partlayış haqqında ilk informasiya daxil olanda və baş verən son hadisələri də nəzərə alanda təbii ki, ilk ağıla gələn təxribat versiyası olur, amma çox qısa zamanda alınan əlavə məlumatların təhlili göstərdi ki, bu diversiya deyil. Yəni, faktiki olaraq bu partlayış mövcud tərəflərin heç birinə sərf etmir. Ona görə də hesab edirəm ki, bu hadisə diversiya deyil, ehtiyatsızlıqdan baş verən və ağır nəticələrə səbəb olan qəzadır.

Sual: Belə versiyalar səsləndirilir ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə humanitar yardım və benzin göndərəcəyini bildirəndən sonra belə bir partlayışın baş verməsi Azərbaycana qarşı təxribat idi. Birinci versiya odur ki, sanki Azərbaycan öz yardımı ilə əslində ermənilərə qarşı təxribat həyata keçirib, onları bu formada “məhv etməyə” çalışır. İkinci versiya isə odur ki, məhz yardımın Azərbaycandan olduğunu bilən üçüncü qüvvələr nifaq salmaq üçün bu təxribatı edib, Azərbaycanın üzərinə atmaq istəyirlər. Sizcə, bu versiyalardan hansı daha məntiqlidir?

Cavab: Məhz, səsləndirilən versiyalar daha çox təxribat xarakterlidir. Yanacaqdoldurma stansiyasını partladanda kim zərər gördü, əlbəttə ki, yerli erməni əhalisi. Azərbaycan antiterror əməliyyatı aparanda yalnız hərbi infrastrukturu sıradan çıxarırdı, əgər hədəf olaraq erməniləri “bu formada məhv etmək” istəsəydi, əməliyyat zamanı da asanlıqla edərdi. O ki qaldı üçüncü qüvvənin “tərəflər arasında nifaq salmasına”, 35 ildən çox davam edən münaqişəyə istənilən formada “nifaq elementi” qatmaq məntiqsizdi. Nifaq çoxdan salınıb və yenisinə ehtiyac yoxdur, çünki ortada real barışıq da yoxdur ki, hansısa nifaq da bu barışığı pozsun. Ona görə də, bu versiyalar da məntiqli deyil.

Sual: Bu məsələdə üçüncü tərəf dediyimiz Rusiya, İran və ya Ermənistanın özü ola bilərmi?

Cavab: Bir anlığa fikirləşmək olar ki, ermənilərin yanacaq əldə edib bölgəni tərk etməsi Rusiya sülhməramlılarının Qarabağda perspektivini sual altına saldığı üçün, belə bir təxribata əl atması mümkündür. Amma, elə o dəqiqədə bu versiyanı inkar edən açıq həqiqət var. Məgər, bir yanacaqdoldurma stansiyasındakı materialı məhv etdikdən sonra Xankəndiyə yanacaq verilməyəcəkmi? Azərbaycan artıq əlavə yanacaq materialları göndərib və davam edəcək. İran Qarabağda baş verən prosesi izləsə də, oraya hansısa bir formada müdaxilə etmək planı yoxdur. Ermənistan belə bir təxribatı Azərbaycana yönəltmək istəsəydi, indi bütün təbliğat resursları ilə Azərbaycanı ittiham edirdi. Belə bir ittiham müşahidə olunmadı, hətta ən qatı separatçılardan olan David Babayan belə açıqlamasında bu hadisəni “cinayətkarcasına səhlənkarlıq” adlandırıb diversiya variantını tamam inkar etdi.

Sual: Azərbaycan yaralılara yardım üçün xeyli addımlar atıb. Zərərçəkən ermənilər Azərbaycanın digər şəhər və rayonlarına xəstəxanalara daşındılar. Bu prosesdə Azərbaycan özünü necə göstərdi?

Cavab: Lokal antiterror əməliyyatı bitəndən sonra Azərbaycanın atdığı addımlar əsl humanist prinsiplərə əsaslanıb. Yəni, hələ partlayış baş verənədək bizim hərbiçilər yerli əhaliyə, xüsusilə qadınlara və uşaqlara zəruri olan ilkin tibbi və digər yardımları göstərdilər. Partlayışdan sonra isə zərərçəkənlərin həm bizim tibb müəssisələrinə, həm də Ermənistana çatdırılmasına şərait yaratdılar. Ermənistandan gələn təcili yardım maşınlarının Laçın yolundan sərbəst keçidi təmin edildi. Üstəlik, FHN yanğınsöndürən maşınları göndərməklə, mümkün yanğınların qarşısının alınmasını və bəzi yanğına həssas obyektlərdə nəzarət yoxlama işlərini görməyi planlaşdırıblar.

Sual: Bu kimi hadisələrin qarşısını almaq üçün dövlət orqanları hansı tədbirləri görməlidirlər?

Cavab: Biz hələ ki, Xankəndi və ətrafına tam nəzarət etmədiyimizdən, bu yerlərdə dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi mümkün deyil. Amma, növbəti danışıqlarda belə bir nəzarət mexanizminin yaranması haqqında tərəflərin razılığa gələ bilməsi mümkündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.