Qarabağ ermənilərinin öz dilindən istifadəsini "məhdudlaşdırmaq niyyətimiz yoxdur- Elçin Əmirbəyov
30-09-2023, 15:34
BBC müxbiri Olqa İvşina Azərbaycanın Prezident yanında xüsusi nümayəndəsi Elçin Əmirbəyovla müsahibə edib.
Müsahibəyə Youtube kanalımızda baxa bilərsiniz.
Elçin Əmirbəyov müsahibədə Qarabağ ermənilərinin kütləvi təxliyəsini və hələ də gedənlərin növbəyə durduğu keçid məntəqələrinin nə qədər açıq qalacağına toxunub.
Cənab Əmirbəyov deyir ki, Azərbaycan hökuməti qalmağı seçən minlərlə insanı dəstəkləməyə hazırdır.
Geosiyasi baxımdan, o, Ermənistanın əməkdaşlıq etmək istəmədiyi təqdirdə Naxçıvanı Azərbaycanın qərb bölgəsi ilə birləşdirmək üçün İranla dəmir yolu xətti üzərində işləməyə hazır olduqlarını vurğulayıb.
Nəhayət, nə vaxtsa sülh olacaqmı sualına cavabında Elçin Əmirbəyov deyib ki, bu məsələdə "ən böyük çətinlik olan ermənilərin Azərbaycan ərazisinə “təsirli iddiası” aradan qalxdıqdan sonra, həmişəkindən daha “güclü bir şansın” olduğuna inanır.
- Dəfələrlə dediyim kimi, inam elə bir şeydir ki, siz onu tələb edə, haradan isə ala bilməzsiniz. Buna görə də, onu yalnız dialoq yolu, qarşılıqlı əlaqələr, bir-birinə hörmət və düşünürəm ki, əkdiyimiz ilkin güvən toxumlarının əsasında qurmaq olar.
Düşünürəm ki, indi əsas çətinlik – Ermənistanın ərazimizə effektiv iddiası aradan qaldırılıb. Düşünürəm ki, bundan sonrası üçün heç bir əngəl qalmır.
- Mən Qarabağda balaca şəhərlərdə ilişib qalmış adamlarla danışanda, onlar panikada idilər. Onlar deyirdilər ki, bizi yox edəcəklərindən qorxuruq. Biz öz kimliyimizi itirmək məcburiyyətindən qorxuruq. Biz o vədlərə nə üçün inanmalıyıq? Onlar bundan əvvəl bizi öldürmüşdülər, ondan əvvəl bizim atalarımız onları öldürmüşdülər. Sizin onlara cavabınız nə olardı?
Elçin Əmirbəyov: Mən bu yaxınlarda Azərbaycan ərazisini tərk etmək ərəfəsində olan şəxslərin bir neçə videosuna baxırdım. Əgər bizim bir-birimizə qarşı düşmənçilik etmək üçün səbəbimiz olmasa, əgər hər iki ölkənin ən yüksək səviyyədə siyasi liderləri bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını elan ediblərsə, əgər onlar elan ediblərsə ki, biz qonşuyuq və biz coğrafiya ilə məhdudlaşan qonşuyuq və yaxşı qonşu olmaqdan başqa çarəmiz yoxdur, nə üçün normal insanlar bu “düşmən gəlir” anlayışını geridə qoymasınlar? İlk addımlar həmişə ən çətin olandır. Bəlkə, bu, liderlərin siyasi müdrikliyi, insanların liderlərinin arxasınca getmə istəyi, həm də hər iki tərəfdən atılacaq konkret addımlarla bağlıdır.
- Əgər hər şey belə yaxşıdırsa, niyə media və beynəlxalq müşahidəçilər yaxına buraxılmır?
Elçin Əmirbəyov: Azərbaycan Ağdamdan və Laçından keçən iki yolun da açıldıqdan sonra bütün əhalinin istifadəsində olacağı ilə bağlı verdiyi sözə sadiqdir. Əlavə olaraq, biz üçüncü – Füzuli-Şuşa yolunun da istifadəyə verilməsinə hazırıq. Hazırda biz bu yolun istifadəyə verilməsini müzakirə edirik, görürük ki, Laçın yolu Qarabağı tərk edənlərin maşınları ilə yüklənib və biz hazırda bunu necə etməklə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əlaqədəyik. Bizim tərəfimizdən heç bir problem yoxdur.
- Deyirsiniz ki, problemlər həll olunur, ancaq mülki əhali arasından olanlar da daxil, xəsarət alanlar da var.
Elçin Əmirbəyov: Biz bir gündən az müddətə başa çatmış ildırım sürətli əməliyyatlar zamanı bacardığımızın ən yaxşısını etməyə çalışdıq ki, mülki əhaliyə hər hansı ziyan dəyməsin. Bu, cərrahi əməliyyat kimi bir iş idi və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ rayonu daxilindəki hərbi hədəflərini zərərsizləşdirməyə çalışırdı. Qarabağda yaşayan mülki əhali arasında ölü sayı, əlbəttə ki, biz buna təssüflənirik, ancaq digər oxşar vəziyyətlərlə müqayisədə azdır. Bu, bizim bu əməliyyatın mümkün qədər qısa sürməsini istədiyimizi göstərir. Bununla da digər tərəfi inandırmağa çalışdıq ki, Azərbaycanın suveren ərazisində qondarma dövlət strukturunun qanuni mövcudluğu ola bilməz.
- İctimai şəffaflığın olmadığı vaxtda bir çox şaiyələr yayılır. Stepanakertdə danışdığımız şəxslər deyirlər ki, biz necə qala bilərik? Onlar inanır ki, inteqrasiya o deməkdir ki, kişilər orduya qoşulmalıdır. Bu, belədirmiʔ Onlar yalnız Azərbaycan dilində danışmalıdırlar, onlar yalnız Azərbaycan dilində təhsil ala bilərlər. Onlar bu fikirlərə alternativ eşitmirlər. Bu da onları qorxudur. Bu, doğrudurmu?
- Bizim heç bir halda oradakı yerli əhalinnin öz dilindən, mədəniyyətindən, dinindən zövq almaq imkanlarını məhdudlaşdırmaq məqsədimiz yoxdur. Azərbaycanın yerdə qalan digər əhalisi ilə olduğu kimi. Ermənistandan fərqli olaraq, Azərbaycan əlliyə yaxın etnik qrupun yaşadığı çoxmillətli cəmiyyətdir. Biz öz müxtəlifliyimizlə - dini baxımdan ölkədəki vəziyyətlə fəxr edirik. Bu, dünyəvi dövlətdir. Öz baxışlarımızı Qarabağın erməni icmasının nümayəndələri ilə keçirilən görüşlərdə izah etməklə düşünürəm ki, biz onları bəzi Azərbaycan tərəfindən nəyinsə tətbiq ediləcəyi qorxuları ilə bağlı əmin etmişik.
Bizim üçün yeganə qırmızı xətt onların bizim suverenliyimizi və ərazi bütövlüyümüzü, dövlətimizin unitar mahiyyətini şübhə altına qoymaları olardı. Onlardan eşitdiklərimizə əsasən, mən bunun belə olmadığını düşünürəm.
Biz son 30 ilini bir-biri ilə münaqişə və ya müharibə şəraitində yaşamış iki ölkə arasında kommunikasiya xətlərinin bərpa edilməsindən danışırıqsa, o zaman təbii ki, biz nədənsə başlamalıyıq. Hesab edirəm ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək dəmiryol xəttinin ilk addım kimi prioritetləşdirilməsinə ehtiyac var. Bu, həm də hər iki tərəfə - həm Azərbaycana, həm də Ermənistana qalib formulunda yanaşma təklif edir. Başqa sözlə ifadə etsək, sözügedən kommunikasiya xəttinin açılması Azərbaycana Naxçıvanla əlaqə imkanı verməklə yanaşı, Ermənistanın da regional əlaqələr baxımından təcrid olunmasına son qoyacaq. Yəni, Ermənistan özünü təcrid olmaqdan xilas edərək, Şərq-Qərb dəhlizində yenidən regional layihələrə qoşula və vacib tranzit nöqtəsi ola bilər.
Naxçıvanla əlaqələrin yaradılması bizim üçün vacib məsələ olaraq qalır. Əlbəttə, əgər Ermənistan bu layihələrin icrasına qarşı mövqe ortaya qoymaqda davam edərsə, o zaman Azərbaycanın Naxçıvanla əlaqə yaratmaq üçün “B” variantı işə düşəcək. Alternativ həll variantı İranla danışıqlar aparmağı nəzərdə tutur, çünki bu yanaşma Naxçıvana kommunikasiyaların Araz çayının cənubundan - İran ərazisindən keçməklə açılmasını özündə ehtiva edir. Hər bir halda, əgər Ermənistan kommunikasiyaların iki tərəfli formada bərpa edilməsində bizə qoşularsa, hər iki yolun fəaliyyət göstərməsi faydalı olar.