Özləri 120 min deyir, bəs əslində, Qarabağdan nə qədər erməni köçüb?

2-10-2023, 14:34           
Özləri 120 min deyir, bəs əslində, Qarabağdan nə qədər erməni köçüb?
Politoloq Oqtay Qaısmovun “Yeni Sabah”a müsahibəsi:

- Bu gün etibarilə artıq Qarabağı könüllü tərk edən sıravi ermənilərin sonuncu karvanı da “Laçın” sərhəd-keçid məntəqəsindən çıxıb. Maraqlısı budur ki, günlərdir davam edən köç selində ermənilər sadəcə bir dəst paltarlarını götürüb çıxıblar. Sizcə, ara sakitləşəndən sonra onların qayıtmaq ehtimalı varmı?

- Azərbaycan 44 günlük savaş bitəndən sonra, xüsusilə də son 1 ildə Qarabağda yaşayan erməni əhalisi ilə bağlı özünün konkret mövqeyini açıqlayıb.

Rəsmi Bakı bildirib ki, bu bölgədə yaşayan əhali Azərbaycan vətəndaşıdır və kim Azərbaycan Konstitusiyasını və qanunlarını qəbul edib burada yaşamaq istəyəcəksə, onlar üçün heç bir problem olmayacaq. Azərbaycan onların hüquq və təhlükəsizliklərini təmin edəcək, bütün hüquqlarını tanıyacaq. Bu fikirlər ən yüksək səviyyədə dəfələrlə səsləndirilib. Son olaraq Azərbaycan Prezidenti 21 sentyabrda xalqa müraciətində bu mövzuya ayrıca toxundu və Qarabağ ermənilərinə xüsusi bir müraciətlə qeyd etdi ki, artıq köhnə səhifələr qapadılıb, biz yeni səhifələr açmağa hazırıq, eləcə də Qarabağ erməniləri Azərbaycan vətəndaşları olaraq burada əvvəlki dövrlərdən daha yaxşı yaşayacaqlar. Bu vəd onlara onlara verildi.

Bundan başqa, Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasındakı çıxışı zaman eynilə bu mövqeni sərgilədi. Lakin bütün bunlara baxmayaraq, son dövrlər Qarabağ ərazisindən əhalinin bu və ya digər səbəbdən ərazini kütləvi tərk etməsi prosesi baş verib. Fikrimcə, bu, bir neçə səbəblə əlaqədardır. Birincisi, Qarabağda yaşayan əhalinin əhəmiyyətli bir hissəsi Birinci Qarabağ, digər bir hissəsi isə İkinci Qarabağ savaşında Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak ediblər, onların müəyyən cinayətlərdə əli var. Ona görə də ehtiyat edirlər ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən mühakimə oluna bilərlər deyə, bu addımı atırlar.

- Bəs niyə qayıtmaları üçün şans verilsə də, onlar bunu istəmirlər?

- Məncə, bu, Azərbaycana qarşı planlaşdırılmış hərəkət də ola bilər. Çünki əhaliyə müraciətdə bildirilib ki, oradan köçən ermənilər özlərinə məxsus sənədləri götürsünlər. “Laçın” sərhəd-keçid məntəqəsindən çıxan ermənilərdən müsahibə alınarkən onlar nə üçün çıxdıqlarını bilmədiklərini söyləyirlər və qeyd edirlər ki, onların başçıları bölgəni tərk etməklə bağlı tapşırıq verib. Bu, təkcə Qarabağdakı xunta rejiminin işi deyil, əksinə, böyük səviyyədə planlaşdırılmış hərəkət ola bilər.

Xatırladım ki, Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev təxminən 1 həftə əvvəl özünün sosial şəbəkə hesabında bildirmişdi ki, silahlarını təhvil verən, habelə könüllü şəkildə təslim olan bütün hərbçilər, hərbi rəhbərlər və kombatantlar amnistiyaya düşəcəklər. Əslində, Azərbaycan bölgədəki əməliyyatlarda iştirak etmiş və cinayətlərdə əli olan şəxslər üçün də müəyyən və güzəştli variantlar təklif edirdi. Lakin görünən odur ki, burada başqa məsələlər də planlaşdırılır. Xüsusilə də ermənilər tərəfindən əhalinin sayının süni şəkildə şişirdilməsi məsələsidir. Çünki USAID rəhbəri Samanta Pouer Gorusa gələrək orada verdiyi açıqlamada söylədi ki, o, prezident Co Baydenin tapşırığı ilə Ermənistana gəlib və onun məqsədi faktları toplamaqdır. Diqqət etsəniz, görərsiniz ki, məhz bundan sonra bölgəni tərk edən ermənilərin sayı həndəsi silsilə ilə artmağa başladı, rəqəmlər süni şəkildə şişirdildi. Üstündən 10 saat keçəndən sonra bu rəqəm 10, 1 gün sonra isə 40 min oldu. Sonrakı 5-6 saata 60-70 minə qalxdı. Ötən gün isə artıq 100 mini keçdilər.

- Yəni Qarabağdan çıxan ermənilərin sayında şişirdilmə var...

- Elədi ki, var. Çünki buradakı əsas məqsəd bölgədəki proseslərə siyasi-diplomatik vasitələrlə müdaxilə edə bilməyən qüvvələrin bu məsələdən istifadə edərək Azərbaycana qarşı beynəlxalq hüquqi prosedur başlatmaq niyyətidir ki, məhz buna görə də onlar şişirdilmiş rəqəmlərdən istifadə edirlər. Biz bilirdik ki, Qarabağda 30-40 min erməni yaşayırdısa, bunlardan da 10 mini erməni silahlıları idi. Bunu da Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə səlahiyyətli nümayəndəsi Elçin Əmirbəyov beynəlxalq mətbuata verdiyi açıqlamalarda birmənalı şəkildə qeyd edib.

Əslində, onun səsləndirdiyi rəqəm əvvəl ermənilərin səsləndirdiyi rəqəmlərlə üst-üstə düşürdü. Biri var ki, söhbət 30-40 min, biri də var ki, 120 min nəfərdən getsin. Bu 120 min nəfər yalanı da son 1 ildə dövriyyəyə buraxılıb. Ermənilər miqyası böyütməklə Azərbaycana qarşı təzyiqləri böyütməyi düşünür və hansısa məkrli planların qurulması üçün əsas yaratmağa çalışır.

Bundan əlavə, 6.580 nəfərin sərhədi keçdiyi məlumatı verilən gün Samanta Pauer elan etdi ki, ABŞ Qarabağdan könüllü surətdə gedən ermənilər üçün 11,5 milyon dollar ayırıb. Fransa 7, İsveç 1,3, Avropa Birliyi isə 5 milyon avro vəsait ayırması ilə bağlı məlumatlar verdi. Təxminən 7 minə yaxın şəxs üçün 25 milyon dollar-avro həcmində vəsaitin ayrıldığı elan olundu. Burada həm də bir korrupsiya elementi var. Ona görə ki, 120 min rəqəmini səsləndirməklə qaçqınlar adına ayrılacaq yardımların və maliyyə vəsaitlərin artırılması və sonradan bunun mənimsənməsi planı açıq şəkildə görünür.

- Eyni situasiya müharibə dövründə də mövcud idi...

- 44 günlük müharibədə ermənilərin “Hayastan” ümumerməni fondu var idi ki, savaşın gedişində bu fond vasitəsilə 100 milyon dollar ayrılmışdı və bu vəsaitin 90%-dən artıq hissəsi təyinatı üzrə xərclənmədi, əksinə, mənimsəndi. İndi də eynilə rəqəmlərin şişirdilməsi ilə burada bir maliyyə maxinasiyasına yol verilməsi məqsədləri mövcuddur. Qısacası, Qarabağda bundan qat-qat aşağı əhali yaşayıb. Bununla bağlı erməni mənbələri 44 günlük savaş ərəfəsində Qarabağda yaşayan əhalinin 60 min olduğunu qeyd edirdi. Hərçənd bu rəqəm də şişirdilmiş idi. Lakin biz bu rəqəmi əsas alandan sonra 44 günlük savaşda Qarabağ erməniləri bölgədən çıxmışdı. Daha sonra Rusiya hərbi kontingenti bölgədən çıxandan sonra onların geri qaytarılması məsələsi ilə məşğul oldu. 2020-ci ilin yanvarına doğru Rusiya hərbi komandanlığı elan etdi ki, onlar 3 min Qarabağ sakinini geri qaytarıblar. Hansı ki, bu rəqəm şişirdilmiş idi. Çünki Laçından Qarabağa daxil olan avtobusların və içindəki şəxslərin sayını dəqiq bilirdik.

- Dəqiq rəqəmlərə gəlsək, sizcə, bu təxminən nə qədərdir?

- Həmin ərəfədə BMT-nin qaçqınlarla bağlı müvafiq qurumu bəyan etdi ki, Qarabağdan Ermənistana 21 min nəfər qaçqın geri qayıdıb. Erməni tərəfi də 21 rəqəminə etiraz etmədi. Biz, hətta Rusiya tərəfinin verdiyi 53 min rəqəmini əsas kimi qəbul etsək və sonradan geri qayıdanların sayını da bura qoysaq, nəticə göz qabağındandır. 2021-ci ilin martında Qarabağdakı keçmiş xuntanın sabiq rəhbəri Araik Arutyunyan mətbuat konfransı keçirmişdi. Həmin mətbuat konfransında o bildirdi ki, 1992-ci ildə keçmiş Şaumyan rayonundan (İndiki Ağcakənd) gələn və Ağdərədə yaşayan erməniləri Qarabağda saxlaya bilməyiblər. Araik bunu etiraf edib. O deyib ki, əgər xunta bu əhalini Qarabağda saxlaya bilsəydi, oranın əhalisi 40-45 min yox, azı 200 min nəfər olacaqdı. Bu onun dilindən səsləndirilmiş rəqəmdir və bu, həqiqətə yaxındır.

Azərbaycan antiterror əməliyyatı keçirəndən sonra Nikol Paşinyan elan etdi ki, onlar Qarabağdan gələn 40 min nəfərin yerləşdirilməsinə uyğun olaraq hazırlıq işləri aparıblar. Bu da Araikin və Elçin Əmirbəyovun səsləndirdiyi rəqəmlərlə üst-üstə düşür. Əminəm ki, bununla bağlı Laçından çıxan insanların sayı və onların şəxsiyyəti siyahılaşdırılıb. Düşünürəm ki, biz əhalinin çıxması ilə bağlı rəqəmləri sənədləşdirməli və yeri gələndə təqdim etməliyik.

Rafi MÜSLÜMOV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.