“Cinayət törədən separatçılar mütləq cəzalandırılmalıdır" - Açıqlama
2-10-2023, 18:58
“Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin bir hissəsinin emosiyalar soyuyandan sonra geri qayıtmaq istəyəcəyi barədə proqnozlar var. Axı on minlərlə Qarabağ ermənisinin orada ev-eşiyi, malI-mülkü qalıb. Üstəlik getdikləri yerdə onların normal yaşaması üçün heç bir şərait, imkan yoxdur. Ona görə də geri dönəcəklər”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanda ölkə vətəndaşlarının hər üç nəfərdən biri yoxsuldur. Bunu orada yaşayan ermənilərin özləri də etiraf edirlər. Ölkənin iqtisadiyyatı və sosial həyatı ağır vəziyyətdədir. Qarabağdan gedən ermənilər də yolda azərbaycanlı jurnalistlərə deyirlər ki, onların Ermənistanda yaşamaq üçün lazımi şəraitləri yoxdur.
Politoloq qeyd edib ki, ermənilər təkrar Qarabağa yalnız Azərbaycan vətəndaşı kimi qayıda bilərlər:
“Azərbaycan pasportunun alınması reinteqrasiya üçün əsas şərtdir. Bizim tərəfimizdən bunun üçün heç bir maneə yoxdur. Qarabağda yaşayan erməni əhalinin reinteqrasiya prosesinə əsas maneəni separatçılar törədirdi. Artıq onlar da sıradan çıxıb”.
İlqar Vəlizadənin dediyinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi, eləcə də Qarabağdakı erməni separatçıları yalnız Azərbaycan xalqına qarşı deyil, xalqımızın timsalında bütün insanlığa qarşı cinayət törədiblər. Onlar qanun çərçivəsində cəzalandırılmalıdır. Erməni cinayətkarlarının törətdikləri cinayətlərin miqyasına da, onların cəzalandırılmasına da məhz bu aspektdən yanaşılmalıdır:
“Ermənilər uzun illər ərzində xalqımıza qarşı çoxsaylı soyqırımları, qətliamlar həyata keçirib, 30 ilə yaxın müddətdə bir çox ərazilərimizi işğal altında saxlayıblar. Hərbçilərimizlə yanaşı, mülki şəxslərimizin hədəfə alınması, yaşayış məntəqələrimizin bombalanması, əsir və girovların amansız işgəncələrə məruz qalması da yaxın tariximizin acı reallıqlarındandır. Təbii, bu cinayətlərin başında Ermənistanın hərbi-siyasi rəhbərli, vaxtiylə Qarabağda mövcud olan separatçı rejim dayanmışdı. Hansı ki, bu gün dövlətimiz, onun əlaqədar qurumları xalqımıza qarşı cinayət törədən separatçıları ələ keçirməkdə, onları qanun qarşısında məsuliyyətə cəlb etməkdədir. Onlar bütün bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərdir. Bu şəxslər insanlıq tarixində misli görünməmiş vəhşiliklərə imza atıb, barbarlıq və vandalizm aktları törədiblər. Ona görə də onların cəzalandırılması bütün insanlığın marağı və mənafeyi, yerli və beynəlxalq qanunlar baxımından zəruri və mütləqdir”.