Ön cəbhədə qazandıq, dönək arxaya - Daxili dəyişim, siyasi ssenari və gözləntilər
4-10-2023, 10:44
Rəşid Hacılı: “Prezident ölkənin yeni dövrün tələblərinə uyğun inkişafını təmin etmək və idarəetməni bu tələblərə uyğun qurmaq istəyir, amma...”
Azərbaycanın Qarabağ məsələsini tam həll etməsi, ərazilərin tamamında suverenliyi bərpa etməsi fonunda ölkədə daxili ictimai-siyasi vəziyyətdə sönüklük müşahidə olunur. Ölkədə hakim siyasi qüvvədən fərqli olaraq, müxalif düşərgənin fəaliyyəti demək olar ki, görünmür.
Siyasi qüvvələr Qarabağın işğaldan azad olunması ilə Azərbaycanda ictimai-siyasi konfiqurasiyada da dəyişikliklərin zəruriliyi, seçki sistemi, idarəçilik modeli ilə bağlı islahatlara ehtiyac olduğu qənaətindədirlər. Müxalif qüvvələr hesab edirlər ki, yeni şəraitdə Azərbaycan Konstitusiyasında dəyişikliklər labüddür ki, hökumət bu addımlara getməlidir.
Fransada yaşayan azərbaycanlı ictimai-siyasi xadim, hüquqşünas, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı AYNA-ya müsahibəsində ölkəmizdəki ictimai-siyasi vəziyyət, islahatlar gözləntisi ilə bağlı fikirlərini geniş şəkildə bildirib. Onun sözlərinə görə, hazırda ərazilərin işğaldan təmizlənməsi, suverenliyin bərpası kimi tarixi proses gedir:
- Qarabağ problemi Azərbaycan müstəqillik qazanandan bu yana bütün proseslərə, o cümlədən siyasi proseslərə öz ağır damğasını vuran bir problem olub. İndi dövlət sanki yenidən doğulur, milli kimlik daha aydın cizgilər almağa başlayır. Bu iş uğurla başa çatmaqdadır.
Təbii ki, bu uğurun memarı və qurucusu olmaq hakimiyyətin nüfuzunu və siyasi gücünü dəfələrlə artırıb. Bütün savaşlar, özəlliklə də, ondan qələbə ilə çıxış hakimiyyətləri hədsiz gücləndirir. Bu gücdən səmərəli yararlana bilmək özü də ayrıca məharətdir. Bu, bəzən ağır bir savaşı udmaqdan daha önəmli bir bacarıqdır.
Ölkədə bugünkü siyasi durum belədir: bütün siyasi, iqtisadi, inzibati resurslar və ictimai rəyə təsir vasitələri bir mərkəzdə toplanıb. Bir nəhəng siyasi tək əl yaranıb - tək və çox güclü siyasi əl. Siyasi ədəbiyyatda hakimiyyətin belə mərkəzləşməsini hibrid-avtoritar idarəçilik adlandırırlar.
- Siyasi idarəetmədə belə rejimin yaranması hansı səbəblərdən qaynaqlanır?
- Bu gün aktual olan ən mühüm səbəb Ermənistan-Azərbaycan savaşı, ərazilərin işğalçılardan və qanunsuz silahlı qruplardan, terrorçulardan təmizlənməsi, konfliktin çözülməsi problemidir. Bu ağır missiyanın uğurla aparılması məqsədləri siyasi mobilizasiyanı, mərkəzləşməni, demokratiya və bəzi insan haqlarındən geriçəkilmələri, məhdudlaşdırmaları bəraətləndirir, ictimai rəydə legitimləşdirir. İctimai rəy bütün başqa dərdlərə “Bizim Qarabağ boyda dərdimiz var!” süzgəcindən yanaşır.
İctimai rəy üstəlik, illərdir nəzərə alıb ki, Qarabağ probleminin çözümü çox qarışıq və çətin missiyadır, uğurlu olması çox böyük, çox zaman standart olmayan, çevik strategiya, zəhmət və bacarıqlar, uzun zamana hesablanmış addımlar tələb edir. Anlayırlar ki, bu, sadəcə Qarabağın erməni əhalisi ilə Bakı, Azərbaycanla Ermənistan arasında baş verən və onlar arasında çözülə bilən problem deyil. Bilirlər ki, bu məsələdə dünyanın yaxında və uzaqda olan güclərinin legitim və qeyri-legitim, haqlı və ya haqsız maraqları toqquşur. Bu, çox böyük bir bölgənin geopolitik şəkillənməsində mühüm rol oynaya biləcək bir problemdir.
Nəzərə alırlar ki, həmin güclər öz maraqlarını təmin etmək üçün heç də həmişə ədalətli, şəffaf vasitələrdən yararlanmırlar. Ölkəyə təzyiq etmək, hansısa addımları əngəlləmək istəyəndə hətta ölkəiçi normal strukturlardan, aktorlardan (məsələn, etnik və ya dini fərqlərdən, sosial və siyasi qruplardan, hansısa biznes strukturlarından və ya varlı şəxslərdən, siyasi partiyalardan və başqalarından) da məharətlə istifadə edirlər. Adi bir misal Rusiyanın bölgədə illərdir elədikləri ola bilər.
İranı da örnək ala bilərik: İranın Azərbaycan içindəki yumşaq gücləri kimlərdir? Şiə dini cameəsi, onun nüfuzlu üzvləri. Onlar İranın geosiyasi maraqlarını təmin etmək üçün istifadə edildiklərinin heç fərqində də deyillər. Adi dini ibadət etdiklərinə əmindirlər. İranın dini (dövlət) liderinin fətvalarının yalnız din naminə verildiyinə və onlara əməl etməyin savab olduğuna əmindirlər. Dini lider həm də dövlətin başçısı olduğu üçün İran dövlətinin siyasəti də onlar üçün dini fətvaların bir hissəsidir. Deməli, Azərbaycan hökumətini hansısa addımına görə sıxışdırmaq istəsə, İran bu yumşaq gücünü asanlıqla fərqli bəhanələrlə hərəkətə gətirə və bununla öz maraqları üçün güzəştlər əldə edə bilər. Yaxud, hətta hansısa siyasi prosesləri tam nəzarət altına ala bilər.
Eyni sxemi tam olaraq bölgədə marağı olan başqa geosiyasi güclərin fəaliyyətinə də proyeksiya edə bilərsiniz. Hansısa ölkənin özünə və ya dəyərlərinə, siyasətinə simpatiyamız ola bilər. Amma maraqların yeridilməsi və mübarizəsi üçün tətbiq edilən mexanizm çox da fərqlənmir. Yalnız maraqların üst-üstə düşdüyü, qarşılıqlı idarə olunduğu mexanizmləri olduğu ölkələrdən bu təhlükələr gəlmir.
Adi həyatda olduğu kimi, beynəlxalq meydanda da məsələlər təkcə üzdə görünən siyasi institutlar, aktorlar tərəfindən, tam hüquqi normalar və şəffaf vasitələrlə həll edilmir. Beynəlxalq aləmi - özəlliklə söhbət geosiyasi axınlardan, dartışmalardan, silah alış-satışından, diplomatik dəstəkdən və siyasi dairələrə təsirlərdən, dövlət və korporasiyaların maraqlarından gedirsə - böyük aysberqə bənzədə bilərik. Nəhəng bir buz parçası həmişə suyun altında gizlənir. Aysberqin görünən, ağ, parlaq hissəsi məhz bu qaranlıqda qalan, görünməyən böyük parçanın üzərində durur.
Beləliklə Qarabağ probleminin çözümü üçün hakimiyyətin siyasi idarəetməni təmərküzləşdirməsi, siyasi fəaliyyət meydanını başqaları üçün daraltması ictimai rəydə ciddi etiraz doğurmur, buna dözülür. Nəticədə toplumun kart-blanşını alan hakimiyyət daha da güclənir və əksinə müxalif siyasi spektr get-gedə daha da zəifləyir.
- Hədəflərə çatdıqdan sonra idarəetmədə hansı dəyişikliklər olmalıdır?
- Hədəflərə çatdıqdan sonra yeni dövrün tələblərinə uyğun olaraq idarəetmə tərzi dəyişməlidir, yeni dövr üçün faydalı olan siyasi proseslər tipinə keçilməlidir. Əks halda, indi effektiv görünən idarəetmə növbəti dönəmdə zərərli buxova çevrilə bilər. Məsələn, siyasi azadlıqların, qanunun aliliyinin və ədalətli məhkəmənin, iqtisadi, dini azadlıqların məhdud olması ölkədən beyin və işləyən əllər axınını gücləndirə, yaxud yalnız aşağıdan müdaxilə, cəmiyyətin təşəbbüsü və bacarığı ilə həll edilə bilən məsələləri çözümsüz qoya bilər. Ölkənin inkişafını ləngidə, onu zəiflədə, rəqiblər üçün asan hədəfə çevirə bilər.
Düşünürəm ki, konstitusiya islahatları barədə danışılanlar məhz bununla bağlıdır, postkonflikt dövrünün tələblərinə uyğunlaşmaq ehtiyacından irəli gəlir. Cəmiyyətin gözləntiləri və eyni zamanda ölkənin vacib ehtiyacları ilə bağlıdır. Təbii ki, keçid yumşaq, siyasi risklər önlənməklə, çalxalanmalar olmadan baş verməli və bunun üçün siyasi strukturların, subyektlərin uyğun təkamülü, yenidən biçimlənməsi həyata keçirilməlidir.
- Yəni düşünürsünüz ki, konstitusiya islahatlarına, referenduma, yeni parlament seçkilərinə ehtiyac var?
- Siyasi prosesləri dinamikada dəyərləndirməyə girişsək, parlament yaxşı örnək ola bilər. Parlament hökumətin, toplumun və fərdlərin həyat və fəaliyyətinin ən müxtəlif sahələrini və aspektlərini əhatə edən qanun və qərarlar qəbul edildiyi siyasi idarəetmə subyektidir. Məhz parlamentdə hökumətin fəaliyyəti vaxtaşırı araşdırılmalı, dəyərləndirilməli və hesabat tələb olunmalıdır. Yəni bir mühüm siyasi çəkişmə, razılaşma, maraqlar və rəylərin toqquşduğu, qaynayıb-bərkidiyi bir meydança olmalıdır bura. Amma parlamentin ölkədəki siyasi və sosial qrupları, onların maraqlarını, gerçək ictimai rəyi əks etdirmədiyini görürük.
Ölkə əhalisi Prezidentdən çox razı ola bilər, onu öyə bilər, onun bacarığı və uğurları ilə öyünə, ona güvənə bilər. Amma bu, o demək deyil ki, cəmiyyətdə fərqli maraqlar, narahatlıqlar, mənafelər yoxdur, fərqli sahələrdə qəbul edilən qərarlarla bağlı, yürüdülən siyasətlə bağlı fərqli fikirlər və mövqelər yoxdur. Məsələn, Bakı şəhərinin bərbad idarə olunmasından tutmuş insanları gündəlik əzib yoran süni problemlərədək, çoxlu sayda müzakirə edilib qərarlar veriləcək, addımlar atılacaq məsələlər var: iqtisadiyyat, hüquqların təminatı, məhkəmə hakimiyyəti, polis davranışları, korrupsiya, səhiyyədəki, sosial güvənlikdəki, təhsildəki ağrı-acılar və sair. Rayon, şəhər icra hakimiyyəti başçılarının fəaliyyətinə kiçik bir baxış dövlət idarəetməsindəki problemlərin böyük mənzərəsini anlamağa yetər.
Parlamentdə bu problemlərə çözüm axtarışı ilə müzakirələr görmürük. Kiçik istisnaları saymasaq, Milli Məclisdə çözümə hədəflənmiş siyasi proses görmürük. Parlamentdə rəsmi təmsil olunan partiyalara nəzər salaq. Onların hansının qəbul edilən qanunlarla bağlı fərqli siyasi, ideoloji maraqları çək-çevir edən, müdafiə edən müzakirələrə girişdiyini görmüşük? Bu partiyaların əksəriyyətinin müzakirə mövzusu olan məsələlərlə bağlı normal rəy və təkliflər hazırlamaq gücündə olan komandası belə, yoxdur. Sanki bir-iki şəxsin partiyasıdırlar, özəl, ailə, yaxın dostların partiyasıdırlar. Kənardan belə təəssürat yaradırlar. Bu partiyaların öz içində hansısa müzakirə, dartışma, ideoloji xətt barədə debatlar görürükmü? Partiyaların bir peşəkar komanda saxlamaq üçün yetərli maliyyə və insan resursları da yoxdur heç. Ona görə də dəyişikliklərin labüd olduğu qənaətindəyəm.
- Bəs, Azərbaycan müxalifətinin belə gücsüz olmasının səbəbləri nələrdir?
- Müxalifətin gücsüz olmasının bir önəmli səbəbi yuxarıdakı suala cavabda var. Hakimiyyət obyektiv və subyektiv səbəblərdən çox güclüdürsə, müxalifət də zəif olmalıdır və ya əksinə. Əsas məsələ kiminsə güclü olub-olmamasından daha çox, həm də siyasi proseslərin keyfiyyət göstəricisi olmalıdır. Aşağı səviyyəli müxalifət aşağı səviyyəli hökumət deməkdir və əksinə.
Daha bir səbəb - yuxarıda qeyd etdiyim kimi müxalifətin tam, dolğun siyasi fəaliyyət göstərə bilməsi üçün gərəkli hüquqi və maliyyə imkanlarının olmamasıdır. Seçkilərin tam şəffaf və ədalətli olmaması da səbəblərdən biridir. Normal seçkilər olmadan müxalif partiyalar öz ideya və fəaliyyətlərinin bəyənilib-bəyənilmədiyini öyrənmək, ona düzəlişlər etmək imkanından məhrum olur. Normal seçkilərsiz partiyaların rəsmi siyasi strukturlara, dövlət hakimiyyətinə inteqrasiyası və siyasi prosesləri oraya daşıması, idarəetmə təcrübəsi qazanması müşkül məsələdir.
Daha sonra, ana axım (mainstream) media, ictimai rəyi formalaşdırmaq üçün başqa vasitələr də müxalifət üçün əlçatan deyil. Müxalifətin səslərini, fikirlərini çatdıran vasitələr var. Amma müqayisəolunmaz dərəcədə az və zəifdir. Müxalifət partiyalarının ayrı-ayrı sosial qruplar arasında iş aparmaq, gənclərlə siyasi-ideoloji məşğələlər keçmək üçün yetərli masiyyə və maddi resursları yoxdur.
Siyasi fəaliyyətə görə basqılar, qısa və uzun müddətli həbslər, iş yerlərinin itirilməsi və ya gündəlik siyasi fəaliyyətə görə maaş və gəlirlərin olmaması çoxlu insanları bu fəaliyyətdən çəkindirir. Partiyada gündəlik işləyib siyasi karyera qurmaq üçün rahat, normal şərait yoxdur.
Bütün bu sadaladıqlarım müxalif siyasi fəaliyyəti ekstrim, riskli və məhrumiyyətli bir işə çevirir. Müxalif partiyalarda belə şəraitə dözüb qala bilənlər daha çox qatı etirazçı və bəzən davakar, çətinliklərə baxmayaraq dönməz şəxslər olur. Bu isə nəticədə müxalif partiyaların marginallaşdırılıb kənara sıxılmasına, intellektual və dinc mübarizə vərdişlərinin itirilməsinə, emosional şüarların peşəkar siyasi idarəçiliyi üstələməsinə səbəb olur. Gündəlik praktik siyasi fəaliyyətdən, hökumətlə, yerli hakimiyyət orqanları ilə konkret məsələlərlə bağlı işbirliyi və müzakirələrdən məhrum olan müxalifət, yuxarıda dediklərimizi də əlavə etsək, ümumi narazılıq və şüarlar səsləndirmək səviyyəsindən çıxa bilmir. Diskussiyalarda emosional məzmun işgüzar məzmunu üstələyir. Bu hal bütün avtoritar və hibrid rejimlərdə var. Bir sözlə, effektiv müxalif siyasi fəaliyyət əlverişli çevrədə, münbit və dəstəkləyici vasitələrin olduğu yerdə mümkün olur.
- Sizcə, partiyaların yenidən qeydiyyata alınması, çoxsaylı partiyaların buraxılması ölkənin siyasi həyatında dəyişikliklərə gətirib çıxaracaqmı və ümumiyyətlə, proporsional seçki sisteminin bərpası, deputatların sayının artırılması nə dərəcədə mümkün görünür?
- Partiyaların yenidən qeydiyyatı, eləcə də konstitusiya islahatları, proporsional seçki sistemi kimi məsələlər barədə gedən söhbətlər - bunların hamısı ölkədə siyasi idarəetmənin islahatının gərəkli və qaçılmaz olması barədə formalaşmaqda olan rəydən irəli gəlir. Yaxşıdır ki, bu xəbərlər hakimiyyət tərəfdən eşidilir. Bu, ümidvericidir. Çünki hakimiyyət başlamasa, cəmiyyətin aşağıdan buna təkan verməsi təəssüf ki, bu gün mümkünsüzdür. İslahatlara, fərqli biçimləməyə, yeni başlanğıca təkan verməyə böyük ehtiyac var.
Başqa sahələrdə davamlı və fundamental iqtisadi yüksəliş, bolluq və sərvətin ədalətli bölgüsü, insan kapitalının dəyər qazanması, idarəetmədə, qərarlar qəbulunda geniş iştirakçılıq vərdişlərinin və məsuliyyətliliyin artması və bu kimi hədəflərə çatmaq düzgün siyasi idarəetmə olmadan mümkünsüzdür. Qısa desək, düzgün siyasi rejim və idarəetmə ölkənin maddi, insan, mədəni resurslarından maksimum səmərəli istifadə etməklə sürətli və sağlam inkişafının əsasında durur.
Göz qarşısında örnəklər var. Eyni başlanğıc vəziyyətində olan ikiyə bölünmüş Koreya xalqı - Güney və Quzey Koreya. Siyasi idarəetmə, düzgün hədəflər, düzgün strategiya və şaşırdıcı nəticələr göz önündədir. Eynilə cənub-şərqi Asiyanın Sinqapur örnəyi də var. Bizim bu gün yaxın olduğumuz İsrail örnəyi də var. Birləşmiş Ərəb Əmirlikləri örnəyi də var, başqaları da var.
Şübhəsiz ki, hər ölkənin öz yolu var. Azərbaycanın bu örnəklərdən mütləq hansınısa yamsılamasına gərək yoxdur. Azərbaycanın yerləşdiyi geosiyasi ortam fərqlidir, etkiləyən mənbələr fərqlidir, təhlükəsizlik parametrləri fərqlidir. Danışırlarsa, deməli hökumət daxilində də islahatların vacib olduğuna inanırlar. Sadəcə yollar axtarırlar. Hiss etdiyimiz budur. Amma onun məhz hansı şəkil alacağı barədə aydın proqramın olduğunu deyə bilmərəm, hər halda bu görünmür.
Ümumən demokratik idarəetmə rejimindən istifadəyə üstünlük verəcəkləri mesajlarını ötürürlər. Konstitusiya islahatları, proporsional seçkilər, yerli idarəetmə islahatı, inzibati ərazi islahatı, sərt mərkəzləşmənin yümşaldılması kimi vədlər görmək olur. Amma tam mənzərə yoxdur. Tələsmirlər. Hər şeyin öz axarında, gözə çarpmadan, asta gedişlə getməsinə üstünlük verirlər sanki. Konkret hansı şəkil alacağı hələ bəlli deyil.
Belə durumda konstitusion islahatların hansı yöndə gedəcəyi, parlamentin hansı səlahiyyətlərlə formalaşacağı, icra və parlament hakimiyyətləri arasında münasibətlərin necə olacağını demək çətindir. Əgər islahatlar olacaqsa, bu, aşağıdan gələn, siyasi debatlar, siyasi mübarizənin axarından doğan, müzakirə və kompromislərdən keçən məsələ olmayacaq. Bu, ölkə Prezidentinin birbaşa öz iradəsi ilə başlayan, formalaşan və idarə olunan bir islahat olacaq. Bu gün başqa bir variant yoxdur.
Proqnozları da məhz onun nə, hansı həddə, necə istəyə biləcəyi üzərində qurmaq olar. Məhz “Prezident necə görür”, “necə görərdi” suallarına cavab axtarmaq lazımdır. Güman edirəm ki, o, ölkənin yeni dövrün tələblərinə uyğun inkişafını təmin etmək istəyir, idarəetməni bu tələblərə uyğun qurmaq istəyir, amma özünün siyasi rəhbərliyi və ciddi nəzarətini tam təmin edəcək mexanizm və qarantiyalar çərçivəsində.
Tam parlamentar sistemə keçiləcəyini demək çətindir. Parlamentin icra hakimiyyəti üzərində nəzarətinin təmin olunacağını istisna edirəm. Çox maraqlı bir hibrid sistem kimi təsəvvür edirəm. Prezidentin ömürlük olacağı və daha çox mümkündür ki, ailəsinin də davam etdirə biləcəyi bir idarəetmə forması... Bu sxem konstitusiyalı monarxiya ölkələrinə daha çox uyğun gəlir. Monarxın ilk dövrdə səlahiyyəti daha geniş olur. Özü icra hakimiyyətinə rəhbərlik edir, islahatları idarə edir.
- Nə üçün məhz konstitusiyalı monarxiya?
- Avropanın ən demokratik ölkələri içərisində konstitusiyalı monarxiya formasını saxlayanlar çoxdur. Düzdür, indiki zamanda monarxın səlahiyyətləri nominaldır, amma hər halda, var. İndiyədək önəmli çəkiləri olub və idarəetməyə yön veriblər. İndi də bəzi ölkələrdə ayrıca bir siyasi subyekt kimi, bir siyasi güc mərkəzi kimi mövcuddurlar. Bu ölkələrin bəzilərinin adlarına nəzər salaq: Avropada Britaniya Krallığı, Belçika, Norveç, Danimarka, Niderland, İspaniya, İsveç. İndi bu ölkələrin monarxlara heç ehtiyacı da yoxdur. Amma bir zamanlar olub və gərəkli bilib saxlayıblar.
Daha sonra, hibrid-avtoritar rejimlərdə hakimiyyətin hətta ən yaxın adamlara ötürülməsi tam toxunulmazlıq qarantiyaları vermir. Qazaxıstan, Özbəkistan, Türkmənistan təcrübələri göz önündədir. Qoruyucu, təminatverici mexanizm yalnız bir ideya ətrafında toplanmış həmfikirlər komandası, siyasi və biznes elitası, oturuşmuş dövlət idarəetməsi, dövlətçilik ənənələri ilə verilə bilər. Yalnız yaxın həmfikirlərin toplandığı siyasi komandanın üzvləri bir-birinə belə təminatlar verə bilər.
- Belə bir komanda varmı?
- Azərbaycanda hələ yoxdur. Çünki bu gün siyasi prosesləri davamlı və sabit apara biləcək müstəqil siyasi, iqtisadi elita və ənənələr formalaşmayıb hələ. Mövcud elita ideya, dövlət maraqları yox, ideoloji bağlılıq və Konstitusiyaya sayğı yox, yuxarıya sədaqət əsasında yaşayır, işləyir. Bu səbəbdən Prezidentin bu gün qura biləcəyi islahat komandası ideoloji yox, icraçı komanda, texniki komanda olacaq. İcraçı komandanın siyasi düşünməsi, toparlanması və məsuliyyətli olması, siyasi fəaliyyət vərdişlərinə sahib olması mümkün deyil. Belə bir elita formalaşa bilər, əlbəttə. Amma buna vaxt lazımdır və üstəlik, elə bunun özü üçün də siyasi və iqtisadi reformalar tələb olunur.
Əminliklə deyə biləcəyimiz odur ki, ölkədə normal, konstruktiv siyasi proseslərin getməsi üçün şərait mütləq formalaşdırılmalıdır. Həm mərkəzi, həm də yerli idarəetmənin demokratikləşməsi, vətəndaşların bu idarəetmədə yaxından iştirak imkanları yaradılmalıdır. Ən önəmlisi də bunu effektiv həyata keçirməyi addım-addım onlara öyrətmək lazım gələcək. Beləliklə, bu gün üçün mümkün, real və praktik görünən islahatları Prezidentin özünün başlaması, onun yükünü, siyasi risklərini öz üzərinə götürməsi ola bilər.
İslahatların ilk mərhələsində siyasi partiyalara həm proporsional, həm də majoritar seçki üsulları əsasında seçkilərə qatılmaq imkanı yaratmaq, şəffaf, ədalətli seçkiləri təmin etmək lazımdır. Həm yerli, həm də parlament seçkilərində. Nəticənin gözlənilməz olması və siyasi böhrana səbəb olmasından çəkinməyə dəyməyəcək, çünki Prezidentin, hətta bugünkü səlahiyyətləri belə, parlamentdə baş verə biləcək böhranları dəngələməyə imkan verir. Hökumətin formalaşmasnda Prezident qərarı həlledicidir. Üstəlik, onun parlamenti buraxmaq və yeni seçkilər təyin etmək səlahiyyəti də var. Bu, ona parlament üzərində böyük səlahiyyət verir.
Yerli qurumlara seçkilər və partiyaların yerli idarəetmədə iştirakı onların siyasi idaretmə məharətləri və vərdişləri qazanması, yetərli siyasi kadrlar formalaşdırması baxımından önəmli baza ola bilər. İnzibati idarəetmə islahatının nəticəsi olaraq yaranacaq iri bölgələrin (indi iqtisadi rayon adlanır, gələcəkdə vilayət anlamı verən el adlandırmaq olar), eləcə də iri şəhərlərin (Bakı, Sumqayıt, Gəncə və başqaları) də seçkili idarəçiliyi formalaşmalıdır.
- Dediklərinizdən belə anlaşılır ki, hökumət islahatlara hazırlaşır, amma mexanizm hələ tam dəqiqləşməyib...
- Hökumət bu gün bu islahatlar haqqında düşündüyünü və buna hazırlaşdığını eşitdirməyə çalışır. Prezident İlham Əliyev işğaldan azad edilmiş bölgələrin fərqli idarə edilməsiylə bağlı planları olduğunu səsləndirdi və burada qurulub sınaqdan keçiriləcək yeni idarəçilik modelini sonra bütün Azərbaycanda tətbiq edəcəklərini dedi. İndi qalır bu idarəetmənin neçə olacağını gözləmək.
Nəhayət, Azərbaycanın bir ölkə və Azərbaycan xalqının bir böyük xalq olaraq potensialı bu gün gördüyümüzdən çoxdur. Azərbaycanın bölgədə çox böyük geosiyasi resursları var. Onun bütün Qafqazda və Cənubda, Yaxın Şərq və Mərkəzi Asiya bölgəsində böyük çəkisi olan dövlətə çevrilmək potensialı var. Bunun gerçəkləşməsi məhz effektiv idarəetmə modeli seçməsindən keçir.
Müəllif: Anar Bayramoğlu