“Bu məsələ İrəvanla Bakı arasında həll edilməlidir”

9-10-2023, 12:44           
“Qarabağdakı separatçıların keçmiş “rəhbər”lərinin həbsi ilə bağlı məsələ Ermənistanla Azərbaycan arasında həll edilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “RBK”ya müsahibəsində Rusiyanın XİN rəhbərinin müavini Mixail Qaluzin separatçıların keçmiş “lider”lərinin Azərbaycan tərəfindən həbs edilməsi və Moskvanın konkret olaraq Ruben Vardanyanla bağlı hər hansı tədbir görməyə hazır olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, ümumi planda burada söhbət Ermənistan vətəndaşlarından və yaxud Rusiya vətəndaşlığından könüllü olaraq imtina edən şəxslərdən gedir: “Buna görə də, bu məsələlər ilk növbədə həmin şəxslərin vətəndaşı olduqları Ermənistan və Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll edilməlidir. Və əlavə olaraq başqa bir vacib aspektə toxunmaq istəyirəm. Rəsmi İrəvan müəyyən mərhələlərdə bildirməyə başladı ki, ölkənin Qarabağ ermənilərinin taleyi ilə bağlı heç bir əlaqəsi yoxdur və bununla bağlı bütün məsələlər Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan arasında dialoq çərçivəsində həll olunmalıdır. Diqqətinizi buna cəlb etmək istəyirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.