İsrailə hücum İrana baha başa gələcək - Politoloq
10-10-2023, 13:25
“HƏMAS İsrail yaşayış məntəqələrinə hücum edərək, maneələri dağıtmaqla və İsrailə bir neçə min raket atmaqla daha bir cinayət, faciəvi səhv etdi. Bu terror hücumu onun təşkilatçıları və icraçılarına baha başa gələcək. Eyni zamanda, İsrail bombardmanı və blokadasından qorxu altında yaşayan Qəzzanın minlərlə sadə vətəndaşı əziyyət çəkəcək”.
Bunu Bakupost.az -a politoloq Rasim Musabəyov bildirib. O qeyd edib ki, hücum əmrinin kənardan - İsrail və Səudiyyə Ərəbistanı arasında “İbrahim razılaşması”nı özü uçün təhlükəli sayan qüvvələrdən gəldiyi açıq-aydındır:
“İranın nüvə proqramını məhdudlaşdıran səkkiz illik müvəqqəti saziş başa çatmaq üzrədir. ABŞ-ın ondan çıxması səbəbindən Tehranın bu razılaşmanı uğursuz hesab edəcəyi və onu uzatmayacağı ehtimalı yüksəkdir. İran zənginləşdirilmiş uranın həcmini artırır, plutonium proqramını və daha uzun mənzilli raketlərin istehsalını davam etdirir. İsrail və ərəb ölkələrinin qətiyyətli müqavimətini gözləyən Tehran, uzun müddətdir davam edən Fələstin münaqişəsini qızışdırmaqla, qabaqcadan onlar arasında sıxıntı yaradır”.
R.Musabəyov hesab edir ki, İsrail HƏMAS-ı darmadağın edəcək:
“Bu halda yaşayış məntəqələrində, məscidlərdə, məktəblərdə, xəstəxanalarda gizlənən terror strukturlarının əsirinə çevrilmiş minlərlə qəzzalı əziyyət çəkəcək”.