Ordumuz, siyasi iradəmizlə suverenliyimizi bəpa etdik! - Duginin sözləri cəfəngiyyatdır

11-10-2023, 00:06           
Ordumuz, siyasi iradəmizlə suverenliyimizi bəpa etdik!  -
“Hər hansı bir postsovet dövlətinin ərazi bütövlüyü yalnız Rusiya ilə müsbət və ya neytral münasibətlərlə təmin edilə bilər. Birbaşa düşmən tərəfinə keçmək cəhdi (Qərb düşməndir və bu, geosiyasət aksiomudur; buna şübhə edən hər kəs, görünür, cahil və ya xarici agentdir) qərar verən ölkənin ərazi bütövlüyünü təhlükə altına qoyur. Bu, hələ 90-cı illərdən başlayıb - Dnestryanı, “Dağlıq Qarabağ” (o vaxt Azərbaycanda AXC-nin rusofob qlobalist hökuməti var idi), Cənubi Osetiya və Abxaziya. Paşinyan dövründə Ermənistan Rusiyaya meydan oxudu, Bakı isə əksinə, məharətlə və dostcasına hərəkət etdi - nəticədə Qarabağ Azərbaycanın oldu. Əgər Qərb indi Cənubi Qafqazda ikinci cəbhə açmaq istəsə, xüsusən də Ukraynanın əks-hücumunun uğursuzluğu fonunda bunu etmək onlar üçün çox asan olacaq”.

Bu sözləri rus təbliğatçısı və “Rus dünyası”nın ideoloqu Aleksandr Dugin deyib.

Duginin sözlərini “Sherg.az”a şərh edən politoloq Sultan Zahidov bildirib ki, Rusiyanın hazırda yürütdüyü siyasət ənənəvi "parçala və hökm sür"ə dayanıb:

“Rusiyanın istər Ukraynaya münasibətini, istərsə də Cənubi Qafqaz siyasətinin təməlində bu, dayanıb. Dağlıq Qarabağ münaqişəsinin 30 il yubanmasının səbəblərindən biri də Rusiyanın məsələnin qısa zamanda həllində maraqlı olmaması və ciddi addımlar atmamasıdır. Rusiya postsovet məkanını hələ də nüfuz dairəsi hesab edir. Heç bir halda Qərbin bölgədə güclənməsini istəmir. Bir zamanlar ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Bjezinski “Böyük Şahmat taxtası” əsərində yazırdı ki, Rusiyanı zəiflətməyin yeganə yolu onu nüfuz dairəsi altında olan regionlarda zəiflətməkdir”.

Politoloq Ukrayna və Rusiya arasında müharibənin Volodimir Zelinskinin Qərb xəttinə və NATO-ya üstünlük verməsindən sonra başladığını vurğulayıb:

“Buna əsas səbəb Rusiyanın Qərbi və NATO-nu qonşuluğunda görmək istəməməsidir. Mərkəzi Asiyada Rusiyanın maraqları üçün ciddi bir təhdid olmadığı üçün orada sakitlik hökm sürür. Hazırda Paşinyanın timsalında Ermənistan Qərbə yaxınlaşır. Bu da əlbəttə Rusiya üçün qəbuledilməzdir. Paşinyanın bu siyasəti sözügedən ölkələr arasında münasibətin gərginləşməsinə səbəb oldu. Nəticədə Rusiya Ermənistana verdiyi dəstək və himayəni dayandırdı. Amma bu o demək deyil ki, Azərbaycan öz suverenliyini Rusiya sayəsində əldə edib. Azərbaycan ordusu, siyasi iradəsiylə, eyni zamanda beynəlxalq hüquq çərçivəsində haqlı olduğu üçün problemi kökündən həll etdi. Doğrudur, Rusiya əvvəllər olduğundan fərqli olaraq maneə yaratmadı. Burada digər faktor isə Azərbaycanın Türkiyə kimi siyasi müttəfiqi olmasıdır. Artıq Cənubi Qafqaz məsələlərində maraqları qorunmalı olan əsas dövlətlərdən biri də Türkiyədir. Rusiya sanksiyalarla üzləşdiyi dövrdə Turkiyə ilə əlaqələri pozmaq istəmir. Bu səbəbdən Duginin "Azərbaycan Rusiya sayəsində ərazi bütövlüyünü bərpa etdi" sözləri cəfəngiyyatdan başqa bir şey deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.