“Xalq artisti fəxri adını aldığım gün anamı itirdim, əlimdə şəkili küçələri gəzirdim”

21-11-2023, 11:57           
“Xalq artisti fəxri adını aldığım gün anamı itirdim, əlimdə şəkili küçələri gəzirdim”
Xalq artisti, sevilən kino aktrisası Həmidə Ömərovanın yaradıcılıq gecəsi baş tutub. Bir çox sənətkarların və tamaşaçıların qatıldığı gecədə kövrək anlar yaşanıb. Aktrisa gecənin aparıcısı, yaxın sənət dostu, qiraətçi-aktrisa Zülfiyyə Eldarqızına ömrünün sonuna qədər borclu olacağını bildirib.

Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.

“Zülfiyyə xanımla uzun illər bir kafedrada çalışmışıq. O mənim üçün əvəzedilməz insandır. Ona görə ki, illər əvvəl anam itəndə o mənimlə əlində şəkil küçələri, xəstəxanaları gəzirdi. Hava da çox isti idi. Çox çətin günlər idi. Yanımda idi, məni tək buraxmırdı. O ərəfədə də xalq artisti Rasim Balayev zəng edib dedi ki, Həmidə, təbrik edirəm, xalq artisti fəxri adına layiq görülmüsən. Ağlaya-ağlaya dedim ki, Rasim, anamı itirmişəm. Zülfiyyə qəfildən mənə zəng edib dedi ki, “anamızı tapdım. Nəsibə xala xəstəxanadadır, öz sevimli mahnısı olan “Qaragilə” ni oxuyur”. Mən bu yaxşılığı heç vaxt unuda bilmərəm. Allah 6 il anamı yenidən mənə bağışladı. Ömrünün son altı ilində elə bilirdi ki, mən onun anasıyam, o mənim qızımdır. Allah dünyasını dəyişən anaların yerini behişt etsin, qalanlara can sağlığı versin. Yaşasın bizim analar” deyə sənətkar bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.