Riçard Hoqland: Vaşinqton və Bakı arasında daha yaxşı münasibətlərin qurulmasına kömək edən birbaşa ziyarət irəliyə doğru müsbət addımdır
7-12-2023, 08:10
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Azərbaycana səfər edib. Orada o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Ceyms O’Brayn "X" hesabında ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə ilk "konstruktiv" söhbət apardıqlarını yazıb.
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, səfir Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Dövlət katibinin köməkçisinin Bakıya səfərini, Azərbaycan-ABŞ münasibətlərinin gələcəyini və Azərbaycanla Ermənistan arasında sülh perspektivini şərh edib.
Amerikanın Səsi: Səfir Hoqland, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıya səfər edir. Bu səfər, onun bir neçə həftə öncə ABŞ qanunvericilərinə Bakı ilə Yerevan arasında sülh istiqamətində irəliləyiş olmayana qədər Azərbaycanla münasibətin adi qaydada davam etməyəcəyini deməsindən sonraya təsadüf edir. Bir neçə gün öncə isə Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonda danışıb və həmin söhbət zamanı onlar O’Braynın Bakıya səfər edəcəyi üzərinə razılaşıblar. Sizin bu səfərdən gözləntiləriniz nədir?
Riçard Hoqland: Mən düşünürəm ki, Dövlət katibinin köməkçisinin Bakını ziyarət etməsi çox vacibdir. Bununla yanaşı Dövlət Departamentinin sözçüsünün də səfərdən öncə söylədikləri də vacibdir. Bu sadəcə olaraq ona görə vacibdir ki, mənfi deyildi. Çox açıq idi. Çox müsbət idi. Regionda sülhün bərqərar olmasına yönəlmişdi. Və mən hesab edirəm ki, bu, Bayden administrasiyasının ikinci plandan daha çox diqqət mərkəzinə qoyduğu bir məsələdir, çünki Cənubi Qafqazda sülhün olması vacibdir. Hazırda Ukraynada gedən cinayətkar müharibə səbəbilə. Bu, Xəzər dənizindən orta dəhliz açır. Ona görə də, zənnimcə, Birləşmiş Ştatların hazırkı administrasiyası, o cümlədən indiki bu səfər, regionda sülh, təhlükəsizlik və zənginlik üçün daha çox imkanlar yaradacaq daimi sülhü qurmaq istəyir. Bu, çox müsbətdir.
Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi, Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, ABŞ-ın Azərbaycanla bütün diplomatik əlaqələrdən imtina etməsi regionda sülh və təhlükəsizliyin maraqlarına zidd olardı. Bunu nəzərə aldıqda, siz münasibətlərdə hər hansı dəyişiklik gözləyirsinizmi?
Riçard Hoqland: Mən Amerika diplomatı, amerikalı səfir kimi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bunu kimi nisbətən yüksək səviyyəli ziyarət olduğunda, hər kəs çox həyəcanlanır və böyük dəyişikliklərin olacağını gözləyir. Sizə deyə bilərəm ki, diplomatiya belə işləmir. Səfərin baş tutması müsbət bir haldır, çünki son illərdə Azərbaycanla Birləşmiş Ştaltarda arasında münasibətlər çox yaxşı olmayıb. Ancaq bunun kimi, regionda sülh axtaran, Vaşinqton və Bakı arasında daha yaxşı münasibətlərin qurulmasına kömək edən birbaşa ziyarət irəliyə doğru müsbət bir addımdır. Diplomatiya da belə işləyir. Bu, irəliyə doğru müsbət addımdır və biz geriyə doğru mənfi addımlardansa, bunları görmək istəyirik. Bu, irəliyə bir addımdır və bu yaxşı bir haldır.
Amerikanın Səsi: Son hadisələr fonunda, Azərbaycanla Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqların bərpa ediləcəyini gözləyirsinizmi?
Riçard Hoqland: Hazırda bunu proqnozlaşdırmaq çox qeyri-mümkündür. Düşünürəm ki, şərtlər uyğun olsaydı, hər iki tərəf – Yerevan və Bakı – Vaşinqtona “bizim hazırda Qarabağla bağlı yekun sülh üzərində danışıqlarda yardıma ehtiyacımız var” desəydi, o zaman əlbəttə ki, Vaşiqnton daxil olmaqdan məmnun olardı. Amma Vaşinqton bunu məcbur edərmi? Xeyr, çünki son nəticədə sülh və təhlükəsizliklə bağlı qərar yalnız iki paytaxtda verilməlidir. Bu da Bakı və Yerevandır.
Amerikanın Səsi: Və son olaraq, siz Ermənistanla Azərbaycan arasında yaxın gələcəkdə sülh razılığı gözləyirsinizmi?
Riçard Hoqland: Diplomatlara hər zaman gələcəklə bağlı spekulyasiya etməmək öyrədilir, çünki gələcək çox sürprizli ola bilər. Sabah səhər dünya boyu heç kəsin heç vaxt gözləmədiyi başlıqlar ola bilər. Məncə, biz atıla biləcək müsbət addımları gözləməliyik. Bu prosesi necə irəliyə apara bilərik? Və əsas məqsədin tarixi rəqiblər olan Ermənistanla Azərbaucan arasında yekun sülh razılığının olduğunu ağlımızda tutmalıyıq, çünki bu, regiondakı insanlar üçün, təkcə bir və ya digər ölkənin xalqı üçün deyil, regiondakı bütün insanlar üçün sülh və təhlükəsizlik və firavalıq yaradacaq. Bizim istədiyimiz budur: İrəliyə doğru yaxşı addımlar.