“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar” MÜSAHİBƏ

26-07-2016, 21:40           
“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar” MÜSAHİBƏ
Ələddin Qarayev: “Ailələrdə baş verən mübahisələr evdən kənara çıxmamalıdır”

Ailələr sürətlə dağılır. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Boşanma hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Araşdırmalar göstərir ki, ailədaxili münaqişələrin artmasında iqtisadi problemlərlə yanaşı sosial şəbəkələrin də rolu az deyil. Boşanmaların, erkən nikahın qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bu və digər suallarımızı Media Xəbərləri xəbər portalının (mediaxeberleri.az) direktoru Ələddin Qarayev cavablandırır.

-Ələddin bəy, sizcə boşanmalar niyə artıb?

-Bunun bir çox səbəbləri var. Ailə quranlar əsas meyarlara önəm vermirlər. Qarşı tərəfin maddi vəziyyətinə, xarici görünüşünə önəm verir, həmçinin valideynlərin məcbur etməsi ilə nikaha girirlər. Nikaha girəndən sonra gənclərin fərqli düşüncə və əxlaq sahibləri olduğu meydana çıxır və ailədə problemlər yaranır. Valideynlərin təkidi ilə ailə quranların əksəriyyəti qan qohumlarıdır. Qan qohumları arasında qurulan ailələrdə isə sonsuzluq və xəstə uşaqların doğulması kimi problemlər yaranır və bu da boşanmaların artmasına səbəb olur. Ailə quran qadınların çoxu isə, bu səbəbdən sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar.

-Şərq ailə modelini qoruyub saxlamaq üçün hansı addımlar atılmalıdır?

-Ailədə ilk öncə qarşılıqlı istək və hörmət olmalıdır. Özünü dərk edib özünə güvənəndən sonra hər bir şəxs evlənib ailə qura bilər. Ən əsası sağlam ailənin kökündə ailədaxili münaqişələrin kənara çıxmaması durur. İstənilən kiçik problemi özlərinə arxayın olaraq həll etməlidirlər. Və ən əsası hər iki tərəf ailə məsuliyyətini dərk etməlidir. Ən önəmlisi qarşılıqlı güzəşt ailədə çox önəmli faktordur.

-Ailə institutunun qorunub saxlanmasında məktəbin rolu nə qədərdir?

-Məktəblərdə, ailə dəyərləri haqqında maarifləndirici məşğələlər və təlimlər üçün vaxt ayrılmalıdır. Ən azından milli dəyərlərimiz və gələcəyimiz düşünülmüş şəkildə qorunub saxlanılmalıdır. Gənclərimiz bilməlidir ki, hər bir ailə, bir dövlət deməkdir. Ailələrimiz nə qədər savadlı olsa bir o, qədər də sağlam cəmiyyətimiz olar. Məktəblərdə təhsil ilə bərabər tərbiyə də verilməlidir.

-Sosial şəbəkələrin uşaq psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün hansı işlər görülməlidir?

-Ailələrdə uşaqların internetdən istifadəsi məlumat xarakterli olsa daha gözəl olar. Müxtəlif millətlərin mədəniyyətinə uyğun cizgi və digər filmlərə üstünlük vermək olmaz. Uşaqlarımızı düzgün istiqamətləndirməliyik, internetdən istifadə zamanı. Gələcəyimiz olan uşaqlarımıza hörmətlə yanaşmalıyıq.

-Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac varmı və bu işlər hansı çərçivədə həyata keçirilməlidir?

-Əlbəttə, maarifləndirmə hər zaman lazımdır və vacibdir. Qanunvericiliyimizə görə erkən yaşda evlilik cinayətdir. Sağlam həyat naminə erkən nikahlara imkan verilməməlidir. Qadınların daha çox ali təhsil ocaqlarına üz tutmalarına şərait yaradılmalıdır. Cəmiyyətdə qadın nə qədər savadlı olarsa, bir o qədər sağlam ailələr olar. Ailə xalqın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondun daşıyıcısı kimi mühüm rola malikdir. Qanunlarımız çox gözəldir, sadəcə ciddi nəzarət lazımdır ki, işlək vəziyyətdə qalsın və belə hallar baş verməsin.

-Bir sıra ölkələrdə orta məktəblərdə “İnternetdən necə isitifadə etməli” mövzusunda maarifləndirici dərclər keçirilir. Sizcə, bu cür dərslər bizdə də keçirilməlidirmi?

-Çox gözəl təşəbbüsdür. Şagirdlər internetdən düzgün istifadə etməlidir. İnternetdən istifadə zamanı yaş həddi nəzərə alınmalıdır. Bu cür dərslər bizdə də keçilsə çox yaxşı olar.

- Qloballaşma şəraitində milli ailə dəyərlərinin qorunub saxlanması üçün toplum və dövlət olaraq hansı tədbirləri görməliyik?

-Ailə dəyərlərini heç yerə inteqrasiya etmək lazım deyil. Hətta ailələrdə baş verən mübahisələr belə evdən kənara çıxmamalıdır. Yuxarıda da qeyd etmişdim, sağlam ailənin kökündə ailədaxili münaqişələrin kənara çıxmaması durur. Çalışmaq lazımdır ki, ölkəmizdə ailələrin bünövrəsi möhkəm qurulsun və başqa xalqlar bizdən nümunə götürsünlər.

Aydın

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə” layihəsi çərçivəsində dərc olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.