Deputatdan sensasion Qarabağ açıqlaması:"Həmsədr dövlətlər Azərbaycanı güzəştə, prezidenti də istefaya məcbur edə bilərlər"

28-07-2016, 09:21           

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Referendum layihəsində Azərbaycanda ilk dəfə olaraq vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulur. Artıq referendum keçirilməmiş, ictimaiyyətdə kimin birinci vitse-prezident və vitse-prezident olacağı indidən geniş müzakirəyə çıxarılıb. Mövzuyla bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də Publika.az saytına maraqlı müsahibə verib.


Millət vəkilinin həmin müsahibəsini təqdim edirik:



– Qüdrət bəy, bizə verdiyiniz sonuncu müsahibədə söyləmişdiniz ki, referendum layihəsinə təklifləriniz olacaq. Təkliflərinizi nə zaman açıqlayacaqsınız?

– O zaman düşünürdüm ki, əvvəllər olduğu kimi, bu layihə də müzakirə olunmaq üçün Milli Məclisə göndərilə bilər. İndi isə bunun əhəmiyyəti yoxdur. Əsas fikirlərimi Sizə söyləmişdim.

– Bundan sonrakı proseslərlə bağlı proqnozlarınız nədir? Növbədənkənar prezident seçkiləri keçirilə bilərmi?

– Çörçil söyləyirdi ki, siyasətçi proqnozlar verməli, bu, baş vermədikdə isə onun niyə baş vermədiyini əsaslandırmağı bacarmalıdır. Yeri gəlmişkən, proqnoz vermək yaxşı məşğuliyyət sayılmasa da, qənaətimcə, növbədənkənar prezident seçkilərinin keçirilməsi labüddür. Doğrusunu isə göydə Allah, yerdə prezident bilir.

– Qüdrət bəy, sosial şəbəkələrdə 1-ci vitse-prezident postuna ən layiqli namizəd kimi Mehriban Əliyevanın adı hallanır, buna münasibətiniz necədir və kimlər vitse-prezident ola bilər?

– Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb. Hal-hazırda ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın və Azərbaycan qadının tanıdılması üçün böyük səy göstərir. Qeyd olunanlara, humanitar sahədəki fəaliyyətinə, bacarığına və səmimiyyətinə görə xalqın rəğbətini qazanıb. O, həm də hakim partiyada sədr müavini olmaqla prezidentin ən sadiq silahdaşı sayılır. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi.

Vitse-prezidentlərə gəldikdə isə, bu postu tutacaq şəxslər prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar. Bu keyfiyyətlərinə görə YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər. Doğrusunu isə bir daha söyləyirəm ki, prezident bilir.

– Qüdrət bəy, müsahibənizdə söyləmişdiniz ki, 1-ci vitse-prezidentin kimliyi seçkidən öncə bilinməlidir. Bunu mövcud təcrübədən çıxış edərək söyləyirsiniz, yoxsa başqa mülahizələr də var?

– 2 aprel qələbəsindən sonra Kremlin sadiq dostları bəyanat verdilər ki, Qarabağ probleminin tənzimlənməsində 5+2 formatı Azərbaycanın milli maraqlarına cavab vermir. Son prezident seçkilərində də xarici güclər demokratiya adı altında Rüstəm İbrahimbəyovdan istifadə etmək istədilər. Amma alınmadı. Bu dəfə daha həssas Qarabağ məsələsi üzərində oyun oynanıla bilər. Tutaq ki, həmsədr dövlətlər Azərbaycanı müəyyən güzəştlərə məcbur edə bilər. Bundan sonra “Qarabağı verdilər” şüarı ilə sabitliyin pozulması üçün cəhdlər ola bilər. Prezidenti məcbur edə bilərlər ki, Kremlin, yaxud Qərbin, yaxud da hər ikisinin dostlarından birini 1-ci vitse-prezident təyin edib istefa versin. Ona görə də ölkəni və prezidenti mümkün təzyiq və təhlükələrdən qorumaq üçün hər şey nəzərə alınmalıdır. Yaxşı xatırlayıram, 2001-ci ildə Ki Vest danışıqları zamanı ABŞ səfiri ilə görüşdən qayıdan Əli Kərimli söylədi ki, görüş ərəfəsində "Azərbaycana təzyiqlərə son qoyulsun" şüarı ilə keçirəcəyimiz mitinq təxirə salınmalıdır. Çünki ABŞ səfiri ona söyləyib ki, imkan verin bu problemi (o, daha pis söz işlətmişdi) Heydər Əliyevin əli ilə həll edək, sonra siz gəlib rahat oturun.

İlham Əliyev təcrübəsi və cəsarəti ilə kifayət qədər seçilir. Hesab edirəm ki, bütün yarana biləcək çətinliklərlə bağlı müdrik qərar verə biləcək. Bununla bərabər dövlətçiliyin qorunması naminə ehtiyat əldən buraxılmamalıdır. Ona görə də prezidenti əvəz edə biləcək şəxsin adı öncədən açıqlansa, daha yaxşı olar. Artıq mətbuatda Qərbdən himayə olunanlar belə bəyanatlar yaymağa başlayıb ki, referendum Qarabağa görə keçirilir və buna görə Qərb susur…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.