Emin Hüseynov: “Hər şeyimizi müsadirə etdilər, bir kibrit qutumuz belə yoxdur...”VİDEO
30-07-2016, 09:02
“Mənim 247 min manatlıq vergi borcumu kimin ödədiyini bilmirəm” - mühacir jurnalistin film kimi hekayəsi
2014-cü ildə baş verən hüquq müdafiəçilərinin həbsi dalğasından qurtulan yeganə şəxs o oldu. Çox peşəkarcasına qurduğu plan, bir az da şansı sayəsində öncə İsveçrənin Azərbaycandakı səfirliyinin binasında 10 ay qaldı, daha sonra isə elə həmin ölkəyə köçdü. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynovla İsveçrəyə köçdüyü ilk gündən müsahibə etmək istəsək də, ancaq indi buna razılaşdı.
Son günlər adı jurnalist həmkarı Xədicə İsmayılla aralarındakı qalmaqala görə hallanır. Biz bu istiqamətdəki suallarımızı yönəltmək üçün onunla müsahibəyə yenidən cəhd etdik və bu dəfə... alındı. Üstəlik, skayp vasitəsilə, canlı-görüntülü ünsiyyət. Söhbətin ikinci hissəsini isə aşağıda təqdim edirik:
- Və necə oldu ki, siz İsveçrənin Azərbaycandakı səfirliyini tərk elədiz, ölkədən çıxdız? Həmin sürəcdə nələr yaşandı? Səfirlikdəki son gününüzdən danışaq, mümkünsə...
(əvvəli ötən sayımızda)
- Günlərin bir günü bəlli oldu ki, Azərbaycan ölkə rəhbəri ilə İsveçrə ölkə rəhbəri arasında uzun sürən diplomatik danışıqlardan sonra əldə olunmuş razılığa əsasən, ölkəni tərk edə bilərəm. Hər iki dövlətin verdiyi qarşılıqlı razılığa əsasən, belə oldu. Bu danışığın detallarını açıqlamaq mənim səlahiyyətimə aid deyil. Düzdür, mən bu detalları bilirəm, amma yaxşı olardı ki, siz bu barədə Azərbaycan Prezident Administrasiyasından, Xarici İşlər Nazirliyindən, ya da İsveçrənin səlahiyyətli qurumlarından soruşasınız. Amma ümumilikdə deyə bilərəm ki, 10 ay qısa bir müddət olmasa da, bir qədər çətin oldu. Günlərin bir günü bəlli oldu ki, mən artıq daha təhlükəsiz bir məkana gedə bilərəm. İsveçrə səfirliyindən çıxıb, İsveçrənin özünə gəldim. Hazırda da burda siyasi mühacir və vətəndaşlığı olmayan şəxs kimi yaşayıram.
- İsveçrədə yaşamaq arzusu sizə aid idi? Yoxsa İsveçrə səfirliyi sizə sığınacaq verdiyi üçün yaşamaq məqsədilə oranı seçmək zorunda idiz? Belə bir anlaşma var idi?
- Mən İsveçrəyə daxil olandan iki gün sonra bildim ki, artıq Azərbaycan vətəndaşı deyiləm. Ondan sonra da bəlli oldu ki, bu, yeganə çıxış yoludur ki, kötük sənədlərin əldə olunması üçün harasa müraciət edim. Müraciət etməsəydim, mənimçün sərbəst yer dəyişmək çətin olardı. Mən istənilən ölkənin miqrasiya orqanlarına müraciət etməliydim ki, işimi davam etdirmək, səfər etmək üçün mənə sənəd versinlər. Bundan öncə İsveçrənin dəyərlərinə bələd olduğum üçün yaşayış məqsədilə də məhz ora müraciət etməyə qərar verdim.
- Gəldiniz İsveçrəyə. Dərhal yaşayış üçün normal şərtlər təmin olundumu? Müavinət alırsız? Belə deyək, bu ölkəyə qədəm qoyan kimi hər şey hazır məcməyidə sizə təqdim olundumu?
- Mən İsveçrəyə gələndən sonra İsveçrənin dövlət qurumlarına sosial müavinət, güzəştlər üçün müraciət etməmişəm. Gəldiyim ilk gündən hüquq müdafiəçisi fəaliyyətimi, donorlarla ünsiyyətimi bərpa etmişəm. Həyata keçirdiyim layihələrdə də özümə maaş yazıram, onunla ev kirayəmi də verirəm, suyumu da alıram, yeməyimi də. İsveçrənin mənə Azərbaycandakı səfirliklərində etdiyi fədakarlıqlar yetərli oldu. Mən istəmirəm ki, İsveçrədə yaşaya-yaşaya orda hansısa təqaüdçü, vergi ödəyicisi məni saxlasın. Bugünkü biliklərim, potensialım imkan verir ki, mən fəaliyyətimi davam etdirim. Amma İsveçrə məndən fərqli olaraq digər mühacirlər üçün sosial proqramlar tətbiq edir. İnsanlar oranın dilini öyrənir, ora qaynayıb qarışır, sonda isveçrəli olur. Mən İsveçrənin bütün qanunlarını, mədəniyyətini, cəmiyyətini, tarixini öyrənsəm də, özümü daha çox həsr edirəm Azərbaycandakı hüquq müdafiə sahəsinə. Halal zəhmətimlə qazandığım gəlirlə yaşayıram. Amma elə insanlar var ki, Suriyadan, ya da Azərbaycandan gəlirlər, burda dil kurslarına gedir, dil öyrənirlər, sonra da hansısa müəssisədə çalışıb, o ölkənin sistemini mənimsəyirlər. Mənsə bunu görmürəm, köhnə işlərimi görürəm.
- Hazırda statusunuz nədir?
- Qaçqın statusundayam. Bir sənəd veriblər (o sənədi skayp vasitəsilə göstərir - müəl.)
- Amma o statusun verdiyi heç bir güzəştdən istifadə etmirsiz...
- Xeyr, etmirəm.
- Səhv etmirəmsə, hazırda heç bir ölkənin vətəndaşı deyilsiz. Vətəndaşlıq üçün müraciət etmisizmi?
- Mən nə İsveçrə hökumətinə, nə də başqa bir dövlətə vətəndaşlıq üçün müraciət etmişəm və belə bir müraciəti etmək fikrim də yoxdur. Hesab edirəm ki, mənim Azərbaycan vətəndaşlığından çıxarılmağım insan haqları konvensiyasına və konstitusiyamıza ziddir. Buna görə də məhkəməyə müraciət etdim. Çalışacam ki, gələcəkdə də Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə pozulmuş hüquqlarım bərpa edim. Ona görə də mən buna bir müvəqqəti status kimi baxıram.
- Yeri gəlmişkən, siz ölkədən çıxandan sonra Siyavuş Novruzov sensasion açıqlama ilə çıxış edərək “Emin Hüseynov Azərbaycandan qanunsuz şəkildə, gizlicə qaçırılıb”, deyə bir açıqlama vermişdi. “CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə Emin Hüseynov adlı birisini tapıb söhbət etmək olub”. Bunu da Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün twitter səhifəsində yazaraq Amanpura, dolayısı ilə də sizə istehza etmişdi. Bu, nə üçün lazım idi, sizcə? Əgər ortada dövlətlərarası ciddi anlaşma var idisə, sizin 160 min dollar məbləğindəki vergi borcunuz ödəndikdən sonra bu baş vermişdisə, YAP və hökumət rəsmilərinin bu mövqeyi nədən xəbər verirdi?
- Birincisi, vergi borcunun məbləği 160 min dollar yox, 247 min manat idi. 52 qrant layihəsi üzrə 247 min ƏDV hesablayıb, bunu ödətdiriblər. Qeyri-kommersiya təşkilatı əlavə dəyər vergisi ödəmir, amma bunu bizə ödətdiriblər. Bu pulu kim necə ödəyib, bilmirəm.
- Mən də elə onu soruşmaq istəyirdim. Bu qədər böyük pulları kim sizin üçün ödəyə bilərdi?
- Bilmirəm. Böyük qüvvələr var da, ödəyiblər. O pulu geri almaq üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişəm. Ofisimizin möhürlənməsi, son 2 ildə fəaliyyətimizin iflic halına salınmasına görə itirilmiş iş yerləri, insan taleləri məsələsini də əlavə edib, iddiamızı hazırladıq. O iddianın içində 247 min manat məbləğin geri alınması məqamı da var. Mən o pulu Azərbaycan hökumətinə ödətdirəcəm. Sonra da onu hansı böyük dostlar bizim əvəzimizə ödəyiblərsə, qaytaracağıq. Bu, müvəqqəti borcdur. Bunu niyə ödətdiriblər? Azərbaycan hökuməti bunu etməklə öz simasını qorumağa çalışıb. Yəni ki, biz o boyda vergini ödətdirəndən sonra Emin Hüseynovu buraxdıq. Bu da bir danışıq idi bəlkə. Mən detallar barədə heç nə deyə bilmərəm. Amma mən bununla razılaşmıram, iddiamı da göndərmişəm.
- Siyavuş Novruzovun və Novruz Məmmədovun açıqlamalarına qayıdaq...
- Siyavuş Novruzov heç özü də bəzən nə dediyini bilmir. Bu, onun səlahiyyətində, şərh verəcəyi bir məsələ deyildi. Ona görə də özü üçün danışırdı. Molotov kokteylinə “molotov kotleti” deyir. Özünə aid olmayan məsələlərə şərh verir. Bəlkə də bununla reklam olunmaq istəyir? Axı o, bu və ya digər media orqanlarında görünməyi xoşlayır, özünü böyüklərinin yanında ağıllı göstərmək istəyir. Novruz Məmmədovda isə yumor hissi var, hərdən tivitterdə kimisə iynələməyi xoşlayır. Amma yekunda özü özünü sancır. Görünür, mənim müsahibəmdən xoşu gəlməyib, hansısa formada buna rəy bildirmək istəyib. Onun tveet yazmaq hüququnu da tanıyıram.
- Belə... Pis günlərlə bu qədər. İndisə keçək sizin İsveçrə həyatınızın detallarına. Hansı şəhərdə yaşadığınızı soruşmağımda bir problem yoxdur?
- Deyə bilərəm. Cenevrədə. Hərdən Berndə də qalıram. İsveçrənin hər tərəfində dostlarım var. Sözün açığı, heç evdə də çox tapılmıram. Görüşlər, səfərlər çoxdur. İsveçrənin özündə 30 günün heç 5-ni keçirmirəm.
- Günləriniz necə keçir? Konkret hansı layihə ilə məşğulsuz?
- Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti izləyir, beynəlxalq ictimaiyyəti bununla bağlı məlumatlandırırıq. Müvafiq bülletenlər yayırıq, ekspert dəyərləndirməsini hazırlayırıq. Nəyi bacarırıqsa, edirik. Gələcəyə planlaşdırırıq ki, Obyektiv TV layihəsini davam edək. Vətəndaşlar telefonla nəsə çəkirsə, onları biz ictimailəşdirək. Gözləyirdik ki, Azərbaycan iqtidarı bizdən müsadirə etdiyi avadanlıqları qaytarar. Pulu bizə ödətdiriblər, amma təşkilatın ofisi möhürlənib, avadanlıqlarımız müsadirədədir. Bizim bir kibrit qutumuz belə yoxdur. Bizdə elə kameralar var idi ki, hərəsi 7-8 min manat idi, serverlər, digər aparatların da qiyməti çox baha idi. Planımızda da var ki, müxbirlərə bu avadanlıqları verib, hansısa çəkilişə göndərməkdənsə - onun əlindən həmin avadanlığı polis alandan sonra heç bir mənası qalmayacaq - vətəndaş jurnalistikasını inkişaf etdirək. Vətəndaşlar çəkib bizə yollasınlar, biz yayaq.
- Bugünlərdə müstəqil jurnalist Xədicə İsmayıl sizə ciddi ittihamlar ünvanladı. Sizi onun və onun kimi siyasi məhbusların taleyi ilə pul qazanmaqda ittiham etdi. Söhbət hansı layihədən gedirdi?
- Siz çox çətin sual verdiniz. Çünki məndə ona cavab yoxdur. Mən siyasi məhbuslarla təkbaşına heç vaxt işləməmişəm. Hər zaman əqidə yoldaşlarımla birgə bu siyahıların üstündə işləmişik. Bununla bağlı xüsusi layihəmiz olmayıb, öz istəyimizlə, əlavə iş kimi işləyirdik. Yaxşı olardı ki, siz Xədicə xanımdan bunu soruşaydız. Qrant layihəsi budur ki, hansısa sahənin inkişafı üçün donorlardan pul alırsan və o layihəni həyata keçirirsən. Bu, normal bir şeydir. Mənim Xədicə xanıma qarşılıqlı bir sualım var. O, bir hüquq müdafiə təşkilatı göstərsin ki, hər hansı maliyyə, qrant, ianə qəbul etmədən uzunmüddətli işləsin. Göstərə bilməz. Ona görə də onun yazışmasını anlamadım. Sanki bolşevik yanaşması olur ki, biz bu işi öz fədakarlığımız hesabına edirik. Tutaq ki, sən regiondakı hansısa məhkəməni izləməlisən, bunun üçün ora gediş, rabitə xərcin, orda qalmağın... hamısı puldur. Bunun üçün sənə maliyyə lazımdır. Xədicə xanım mənə yazdığı iradı hansısa xarici hüquq müdafiə təşkilatına yazsaydı, onlar onu gülünc yerinə qoyardılar. Mən onu ingilis dilində yazmadım, amma xaricilər bunu oxusaydılar, gülərdilər. Xədicə xanım da həyata keçirdiyi fəaliyyət üçün maliyyə alıb. Mənim də ona bir sualım var: Həmin məntiqlə o da həmin verilişləri, araşdırmaları pulsuz etməliydi. Niyə etmədi? Mən onun bu yanaşmasını gülünc və emosional hesab edirəm. Görünür, nədənsə məndən küsüb, əlaqə saxlamağa çalışdım, səhvim varsa üzrxahlığımı edim, amma o, mənə aydınlıq gətirmədi. O, nəsə aydınlıq gətirsə, qarşılıqlı mətbuat polemikası apara bilərik. Xədicə xanıma böyük hörmətim var. Amma bu hörmətə rəğmən heç kimə imkan vermərəm ki, mənim barəmdə həqiqətə uyğun olmayan məlumatlar yazsın.
- Jurnalist xanım sizi həm də donos yazmaqda ittiham etmişdi. Demişdi ki, “bundan sonra nə etsən də, özünü dissident kimi təqdim edə bilməyəcəksən”.... Hər halda, ciddi ittihamlardır. Bu, nədən qaynaqlanır?
(davamı növbəti sayımızda)
musavat.com