Leonid Brejnevin SSRİ-də efirə getməyən müsahibəsi:“Gündə 35 dənə siqaret çəkirəm…” VİDEO

2-08-2016, 21:55           
Leonid Brejnevin SSRİ-də efirə getməyən müsahibəsi:“Gündə 35 dənə siqaret çəkirəm…” VİDEO
Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnevin xarici səfərləri barədə sovet xalqı yalnız rəsmi xəbərlərdən və ciddi montaj olunmuş kino sujetlərdən xəbər tuturdu.

Sovet rəhbərləri TV-yə müsahibə vermirdilər. Onların şəxsi həyatı, maraqları xalq üçün qapalı qalırdı. Amma onlar xaricdə olarkən bu ənənəni pozmalı olurdular. Xarici ölkə jurnalistlərinin suallarına cavab verir, öz mövqelərini bildirirdilər.

Leonid Brejnevin SSRİ-də efirə heç vaxt getməmiş müsahibəsini təqdim edirik. Bu müsahibə baş katib L.Brejnevin 1971-ci ildə Fransya rəsmi səfəri zamanı fransız telejurnalisti Leon Zitron tərəfindən alınıb.


Müsahibədə Brejnev şəxsi həyatından, siqret çəkməyindən, nəvələrindən, ovdan danışır.

Müsahibəni təqdim edirik:

Leonid Brejnev ilk olaraq Fransa ilə bağlı təəssüratlarını danışır:

-Fransızlarla tanışlığım yeniyetməlik dövrlərində başlanıb. Mən orta məktəbdə oxuyurdum və dərs proqramının tələbinə əsasən fransız dilini öyrənirdim. Son illərdə xeyli fransız dostlarımız Moskvada olub. Mən Parisə gələndə bilirdim ki, təkcə fransız siyasətçiləri ilə deyil, həm də xalqla da görüşəcəyəm. Mən onları çox şən, həyatsevər, dinamik gördüm. Yəni təsəvvür elədiyim kimi… Fransızlar elə fransızlardır ki var…

Sual: Deyirlər siz ova getməyi çox sevirsiniz?

-Mən bilmirəm bu məlumatı hardan almısınız. Amma doğrudur, mən ovu çox sevirəm. Hələ gənc vaxtlarımdan bu idman növünü sevirəm və indiyə qədər atmamışam. İndi də imkan olanda ova gedirəm. Hesab edirəm ki, ən yaxşı istirahət meşədə, çayda olmaq, ov etməkdir. Bu mənə zövq verir.

Sual: Kino və konsertə getməyə vaxt tapırsınızmı?

-Çox maraqlı sual verdiniz. Əgər mən desəm ki, “yox” bu çox pisdir, əgər “hə, tez-tez gedirəm” desəm bu yalan olar. “Böyük Teatr”da mən çox oluram. Xarici ölkələrədən qonaqları qəbul edərkən onlar həmişə “Böyük Teatr”da nəsə maraqlı bir şeyə baxmaq istəyirlər. Əksəriyyəti “Qu gölü” baletinə baxmağa üstünlük verirlər. Deyə bilərəm ki, “Qu gölü” baletinə mən 10 dəfə baxmalı oluram. (gülür)

Sual: Siqaret çəkirsinizmi?

-Bu yaxınlarda çox maraqlı bir hədiyyə almışam. Onu sizə göstərmək istəyirəm. Bu o qədər də baha olmayan portsiqardı. Bu portsiqar mexaniki göstəricisi olan mexanizm ilə təmin olunub. Əgər bu göstəricini müəyyən bir vaxt üzərində qursam o zaman mən bu portsiqarı həmin vaxtdan tez aça bilmərəm. Bir saatdan sonra özü açılır. Ondan sonra mən oradan bir siqaret götürüb çəkə bilərəm. Bu bir növ məhdudlaşdırıcı mexanizmdir. Son vaxtlar, Fransaya gəlməmişdən, hətta burada belə mən siqareti xeyli azalda bilmişəm. İndi gündə 17 siqaret çəkirəm. Amma əvvəl mən gündə 35 siqaret çəkirdim. Ümid edirəm bu potrsiqar mənə siqareti azaltmağa kömək edəcək.

Sual: Biz burada sizin həyat yoldaşınızı gördük. Lakin sizin övladlarınız və nəvələriniz barədə çox az məlumatımız var.

-Böyük nəvəm Leonidin 14 yaşı var. Orta məktəbdə oxuyur. Balacanın isə 10 yaşı… O da orta məktəbdə oxuyur. Təbii ki, bütün baba və nənələr kimi mən də öz nəvələrimi çox istəyirəm. Çox istiqanlı və cazibədar nəvələrdir. Necə deyərlər, “hamıdan yaxşı mənim nəvələrimidir”. Adətən bütün babalar belə deyirlər… (gülür)

Sual: Sizə qulaq asırlarmı?

-Çox sevinirəm ki, qulaq asırlar. Ürəkdən hiss edirəm ki, nəvələr babalarını çox sevirlər.

Aparıcı: Bu çox vacibdir. Müsahibəyə görə, təşəkkür edirəm.

(strateq.az)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.