“Bakir olmayan oğlan bakirə qız axtara bilməz”
3-08-2016, 08:52
“Kişi qadınına xəyanət edirsə, qadın da kişiyə xəyanət edə bilər”;
“Döyülə-döyülə böyüdüyümüz üçün uşaqlarımızı da döyürük”;
“Mentalitet sözündən heç xoşum gəlmir”.
Yenilik.Az saytı Femida.az-ın tanınmış sosioloq, “Qəbələ-sağlam mühit” (QSM) ictimai birliyinin icraçı direktoru Mehriban Nəsiblə müsahibəsini təqdim edir.
- “Qəbələ-sağlam mühit” ictimai birliyinin rəhbəri kimi bu vaxta qədər hansı layihələri həyata keçirmisiniz?
- “Dəvətə görə təşəkkürümü bildirirəm. 2002-ci ildən “Qəbələ-sağlam mühit” ictimai birliyinin rəhbəriyəm. 2008-ci ilə qədər MMC kimi fəaliyyət göstərmişik, 2009-cu ildə isə MMC-ni ictimai birlik kimi qeydiyyatdan keçirə bildik. Kifayət qədər uğurlu layihələrimiz olub. Mən İsveçrənin “İnkişaf və əməkdaşlıq” təşkilatı ilə 7 il ərzində əməkdaşlıq etmişəm. Bizim həmin təşkilatla 600 min dollarlıq layihələrimiz olub. Əsas layihələrimiz dağlıq yerlərin inkişaf proqramları idi. Bu proqramların içərisində isə qadınların və qızların maarifləndirilməsi, sosial problemlərin həlli, kiçik körpülər və su xətlərinin çəkilməsi, suvarma sisteminin qurulması və digər maarifləndirmə proqramları var idi. İsveçrəlilərlə əməkdaşlığımız 2008-ci ilin dekabrına qədər davam etdi. Bu illər ərzində daha çox qadınlarla işləmişik.
- Hazırda rəhbərlik etdiyiniz qurum fəaliyyətini dayandırıb?
- 2008-ci ildən sonra bir dənə layihə həyata keçirdim. Sonra mən təhsil almaq üçün ABŞ-a getdim. Təşkilatın fəaliyyəti isə demək olar, dayandırılıb.
- Ölkəmizdə azyaşlılara münasibət elə də ürəkaçan deyil. Valideynlər bir çox hallarda onlarla kobud rəftar edir, ən pis halda isə fiziki zorakılığı məruz qoyur. Sanki azyaşlıların seçim hüququ onların əlindən alınır. Problemin kökü nədən qaynaqlanır?
- Günümüzün çox aktual problemlərindən birinə toxundunuz. Mən Avropaya tez-tez gedirəm, ABŞ-da bir müddət yaşamışam. Həmin ölkələrdə uşaqlara qarşı çox fərqli münasibət var. Məsələn, ata övladına deyəndə ki, “mən sənə bunu alıram”, uşaq deyir ki, “sən mənə bunu ala bilməzsən, mənim özümün seçim hüququm olmalıdır”. Bir dəfə maraqlı mənzərə ilə qarşılaşdım. Uşaq yıxıldı, valideynlər uşağı ayağa qaldırmadı. Mən də heyrətlə onlara tamaşa edirdim. Valideyn uşağa dedi ki, özü qalxsın. O uşaq ağladı, sızladı, sonunda özü ayağa qalxdı. Əslində bu cür davranışın arxasında böyük bir məna yatır. Bu gün Azərbaycanda uşaqların seçim hüququ yox dərəcəsindədir. Mentalitet sözündən xoşum gəlmir. Fikrimcə, bu sözü deməklə biz öz problemlərimizi ört-basdır etməyə çalışırıq. Əgər bizdə bu cür mental dəyərlər olubsa, biz onu dəyişməliyik.
Mentaliteti kim yaradır? Əlbəttə ki, özümüz. Deməli, özümüzü dəyişməliyik. Mən balaca olarkən valideynlərim tərəfindən döyülmüşəm. Və mən indi onu öz övladıma tətbiq edirəm. Övladım dediklərimi etmirdisə, çıxış yolunu onu döyməkdə görürdüm. Bu proses övladım 5 yaşına çatana qədər davam etdi. Mən Avropaya, ABŞ-a çıxış əldə etdikdən sonra dərk elədim ki, övladıma qarşı cinayət törədirəm. ABŞ-da övladını döydüyünü görə uşaq valideyndən alınır. Və valideyn atalıq, analıq hüququndan məhrum edilir. Heç vaxt da həmin uşaq valideyninə geri qaytarılmır. Bizdə isə uşağı döyə-döyə böyüdürlər. Belə də bir deyim var: “Qızını döyməyən dizini döyər”. Biz döyülə-döyülə böyüdüyümüz üçün uşaqlarımızı da döyürük. Fikirləşirik ki, o səhv edə bilməz. Yaxud da səhv edibsə, onu döyəcəm və mütləq öyrənəcək. Avropada, ABŞ-da belə hallara qətiyyən yol verilmir. Bu gün oğlanlarımızda yarımçıqlıq kompleksi yaşanır. Bunun yeganə günahkarı qadınlardır. Oğlan övladlarımızı biz böyüdürük. Biz əzildiyimizə görə əvəzini övladlarımızdan çıxmağa can atırıq. Onları məcbur edirik ki, sən bizim istədiyimiz qızı almalısan.
Beləliklə, övladlarımıza seçim hüququ tanımırıq. Son nəticədə isə onlar xoşbəxt ola bilmirlər. Problem ondadır ki, biz övladlarımızı şəxsiyyət kimi görmürük, biz onları şəxsi malımız kimi nəzərdən keçiririk. Ona görə də bu cür problemlər ortaya çıxır. Biz ilk növbədə evlərimizdən başlamalıyıq. İntellektual ailə hər şey deməkdir. Ana bətnindən övladlarımızın tərbiyyəsi ilə məşğul olmalıyıq. Yəhudilərdə belə bir yanaşma var. Onlar heç vaxt övladlarına “sən pis uşaqsan” demirlər. Yəhudilər deyir: “sənin kimi ağıllı uşaq belə pis hərəkəti necə edib?!” Yəni onlar o pis işi övladlarına yaraşdırmırlar.
- Gənc qızların intihara cəhd etməsi də ciddi sosial bəlaya çevrilib...
- Bu da ailəyə bağlıdır. Azərbaycan ailəsində uşağın hansısa bir problemi varsa, bunu ailəsi ilə bölüşə bilmir. Məsələn, hansı qız atasına gedib deyə bilər ki, onun sevdiyi oğlan var və oğlanın filan hərəkəti onun xoşuna gəlməyib, buna görə də özünü öldürmək istəyir? İnkişaf etmiş ölkələrdə qızlar, oğlanlar öz problemlərini rahat şəkildə valideynlərinə deyə bilirlər.
Məsələn, mənim ABŞ-da bir xanım dostum var idi. O dedi ki, ikinci qızı çox güman ki, lezbiyandır. Təəccübləndim. Ona dedim ki, bəs sən nə edəcəksən? Cavabı isə belə oldu: “Mən onu dəstəkləyəcəm, bu, onun seçimidir”. Azərbaycanda valideyn övladına belə dəstək ola bilər? Əlbəttə ki, yox. Ata-ana bunu qəbul edə bilməyəcək. Problemlərimizi valideynlərimizdən gizlətməyə çalışırıq. Bunun kökündə isə düzgün övlad yetişdirə bilməməyimiz dayanır. Övladlarımızla düzgün ünsiyyət qura bilmirik. Düzgün ünsiyyət qura bilsək, övladlarımız problemlərindən çıxış yolu tapmaq üçün bizə müraciət edər. Digər tərəfdən məktəblərimizdə psixoloqlar, sosial işçilər çox azdır. Çoxusu heç psixologiya fakultəsini bitirməyib. Uşağın problemi varsa, kimə müraciət etsin? Məktəbdə psixoloq yoxdur, sosial işçi yoxdur, problemini ailəsi ilə bölüşə bilmir. Nə etsin? Artıq özünə qəsd edəcək.
- Qızların bakirə olub-olmaması da ciddi sosial bəlaya çevrilib. Bir çox hallarda evlənəcəyi qızın bakirə olmadığını görən oğlan qızı öldürmək yolunu seçir. Sizcə, qızların evlənən günə qədər bakirə qalması şərtdirmi?
- Mən bir ekspert kimi bu məsələ ilə bağlı öz fikrimi deyəcəm. Fikrimcə, bakirəlik xanımlığın göstəricisi deyil. Bir xanımın bakirəliyi onun beynində olmalıdır. Əgər qadın bədəninin bir hissəsini qoruyursa, lakin düşüncəsi etibarilə bütünlüklə fahişədirsə, onun bakirəliyi heç kəsə lazım deyil. Bakirəlik Azərbaycanda “dəyər”dir, amma mənim gözümdə onun heç bir dəyəri yoxdur. Mənə görə qızın dəyəri onun ağlı, savadı, düşüncə tərzidir. Bizim oğlanların çoxusundan soruşmuşam: “Sən bakirsən ki, bakirə qız axtarırsan?!”
Hansı oğlan 25 yaşına kimi qadınla cinsi əlaqəyə girməyib?! Əgər oğlan evlənənə qədər bakir qalıbsa, bakirə qızla evlənmək onun haqqıdır. Bu, tamamilə başadüşüləndir. Bakir olmayan oğlan isə bakirə qız axtara bilməz. Qanunlar insanlar üçün yazılır. Bu zaman qadın kişi ayrıseçkiliyinə yol vermək olmaz. Kişi qadınına xəyanət edirsə, qadın da kişiyə qarşı xəyanət edə bilər. Amma bizdə qadınlar üçün dırnaqarası qanunlar var. Toy gününə kimi bakirə qalmalısan və s. Bu kimi halları qətiyyən dəstəkləmirəm. Mən oğlan olsaydım, evlənəcəyim qızın bakirəliyinə fikir verməzdim. Nə qədər ki, Azərbaycanda oğlanların seçimi qızların bakirəliyi olacaq, Azərbaycan kişisi heç vaxt inkişaf etməyəcək. Nəticədə isə cəmiyyətimiz inkişafdan geri qalacaq.
- Bildiyimiz qədərilə, həm də diaspor fəallarındansınız. Lobbiçilik, diaspor fəaliyyəti Azərbaycanın yaralı yeridir. Nəyə görə bu sahədə mənfur düşmənlərimizdən geridə qalırıq?
- Bizim ən böyük problemlərimizdən biri “mən” məfhumudur. “Mən lider olum, mənim adım çəkilsin, bunu mən elədim” və s. Bir dəfə Nyu Yorkda ermənilərin konfransında oldum. Konfransda gənc bir qız ayağa qalxıb dedi: “Biz Ermənistan ümün nə edək, pul yığaq, yoxsa nə?” İclası idarə edən sədr bildirdi: “Siz pul yığmayın, siz ətrafınıza güclü amerikanlar, akademiklər, professorlar, bir sözlə ziyalı təbəqə yığın, bizim kifayət qədər pulumuz var”. Təsəvvür edirsiniz, mən nə hislər keçirdim?
Mən həmin vaxt 5 yüz nəfərlik konfrans zalında tədbir keçirmək istəyirdim. Belə tədbiri həm ermənilər, həm ruslar, həm də digər millətlər ABŞ-da keçirmişdi. Bizə muğam üçlüyü, bir-iki rəqqas lazım idi. Mən getdim Azərbaycanın BMT yanındakı nümayəndəliyinə. Orada izah etdim ki, belə bir konfrans keçirmək istəyirəm. Mənə dedilər ki, Azərbaycandan muğam üçlüyü gətirmək 10 min dollara başa gələn bir məsələdir.
Nəticədə mənə kömək etmədilər. Mən isə balaca bir otaqda Azərbaycan milli gecəsi keçirdim. Milli geyimdə azərbaycanlı gənclərdən biri ilə “uzundərə” rəqsi oynadıq. Bir də balaca yemək stolu təşkil etdim. Mənim gücüm ancaq buna çata bilərdi. Azərbaycan diasporunun problemi odur ki, biz bir-birimizə dəstək ola bilmirik. Dövlət diaspora fəaliyyətinə ciddi maliyyə ayırır. Amma həmin vəsait təyinatı üzrə istifadə olunmur. Diaspor təşkilatlarımız arasında düşmənçilik hökm sürür. Nə vaxt bu problemlərimizi yoluna qoysaq, o zaman diaspora fəaliyyətində ciddi uğurlar əldə edəcəyik.
- Gələcək planlarınız barədə danışardınız...
- ABŞ-dan qayıdanda çox ciddi planlarım var idi. Azərbaycanda ailədaxili zorakılıqdan əziyyət çəkən qadınlar üçün böyük bir sığınacaq açmaq istəyirdim. Bu sahə gəlir gətirən olmadığına görə dəstək gəlmədi. Düşünürəm ki, sığınacaqların yaradılması labüddür. Gələcəkdə böyük bir sığınacaq yaratmaq mənim arzumdur. Bu gün müxtəlif sosial maarifləndirmə proqramlarında iştirakımı davam etdirirəm. Azərbaycan Universitetində müəllim kimi çalışıram. Başqa planlarım da var. Yenidən ABŞ-a qayıdıb təhsilimi davam etdirmək istəyirəm.