"Azərbaycan AŞPA-dan çıxmaq istəyirsə, özü bilər, öz seçimidir" - Frank Schwabe ilə müsahibə

26-01-2024, 12:34           
"Azərbaycan AŞPA-dan çıxmaq istəyirsə, özü bilər, öz seçimidir" -
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə dair çağırışın müəllifi olan Almaniya Parlamentinin üzvü Frank Schwabe BBC Azərbaycancanın suallarını cavablandırıb.


Cənab Schwabe Azərbaycanla bağlı verdiyi təklifin səbəblərini, ölkədə insan haqlarının vəziyyəti barədə fikirlərini, eləcə də rəsmi Bakıdan gözləntilərini bölüşüb.

Frank Schwabe ilə müsahibəni BBC Azərbaycanca redaktoru Könül Xəlilova Zoom vasitəsilə aparıb.

BBC Azərbaycanca: İlk sualım sizin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul olunmaması çağırışınızla bağlıdır. Nəyə nail olmaq istəyirsiniz? Niyə sizə elə gəlir ki, bu, Azərbaycanı öhdəliklərini yerinə yetirməyə və əməkdaşlığa məcbur edəcək?

Frank Schwabe: Avropa Şurası demokratiya, insan haqları və qanunun aliliyi ilə bağlı təşkilatdır. Təəssüf ki, Azərbaycanda bu göstəricilər çox pisdir və biz ümumiyyətlə, çalışırıq ki, Azərbaycanda vəziyyəti müsbətə doğru dəyişək. Hazırda isə problem Azərbaycan və Parlament Assambleyası arasında əməkdaşlıqla bağlıdır və burada məsuliyyət Azərbaycan nümayəndə heyətinin üzərinə düşür. Onlar ölkədə monitorinq aparmağımız üçün bizə imkan yaratmağa məsuliyyət daşıyır.

Bir neçə hal oldu ki, biz öz işimizi görə bilmədik. Təşkilatın siyasi məhbusların vəziyyətini yoxlamaq üçün monitorinq qrupu var, lakin bizim məruzəçilərin baş çəkmək istədikləri məhbuslarla görüşmək üçün həbsxanaya getmək cəhdi iki dəfə boşa çıxıb.

Məruzəçilər Azərbaycana getmək üçün digər məsələlərlə bağlı da xahiş ediblər, ancaq onlara ölkəyə giriş icazəsi verilməyib. Buna oxşar digər nümunələr də var, lakin ən son məsələ, təşkilatın fevralın 7-də Azərbaycanda keçiriləcək erkən prezident seçkilərini müşahidəyə dəvət edilməməsidir. Bu, hər bir ölkənin öhdəliyidir, bütün digər ölkələr buna hörmətlə yanaşırlar.

Lakin Azərbaycan bizi dəvət etmədi, onlar ATƏT-i dəvət etdilər. Bu, Azərbaycanın istəyinə bağlı olan bir şey deyil. Rəsmi Bakı qərar verə bilməz ki, bu təşkilatı istəyir, digərini isə yox. Onlar bizi dəvət etməli idilər. Lakin bunu etməmələri bizə aydın cavab idi və bu davranışı dayandrmalı olmağımız barədə bir siqnal vermiş oldu.

Amma bu hər şeyin də sonu demək deyil. Əgər Azərbaycan bu təşkilatda ona hörmət edilməsini və nümayəndə heyətinin geri qayıtmasını istəyirsə, onlar əməkdaşlıq etməlidirlər.

BBC Azərbaycanca: Azərbaycanın hökumətə yaxın mediasında belə bir təhlil dərc olunub ki, Azərbaycanın Avropa Şurasına ehtiyacı yoxdur və hətta qeyd olunub ki, ölkə Avropa İnsan Haqları Məhkəməsini də tərk edə bilər. Belə olan halda, sizin Azərbaycan üçün yaratdığınız məhdudiyyət və etimadnaməni təsdiq etməməyinizin sadə azərbaycanlılara nə faydası olacaq?

Frank Schwabe: Bilmirəm. Nəticədə bu suveren bir ölkənin qərarı olacaq. Ölkələr özləri qərar verir ki, hansısa beynəlxalq təşkilatın bir hissəsi olsunlar, ya yox. Lakin əgər bir ölkə qərar verirsə ki, hər hansı təşkilatın üzvü olsun, o zaman, o, təşkilat daxilindəki qaydalara əməl etməlidir, bu aydın məsələdir. Evdə, ailədə və hər ölkədə hər kəsin əməl etməli olduğu qaydalar olduğu kimi, təşkilatlarda da qaydalar mövcuddur.

Bir beynəlxalq təşkilatın qoyduğu qaydaları pozaraq, həmin qurumun bir hissəsi olmaq mümkün deyil. Bu elə bir məsələdir ki, mən ümid edirəm və əminəm ki, Azərbaycan bunu başa düşəcək.

Bəlkə də, Azərbaycan hökuməti üçün ölkədə insan haqlarının vəziyyətini monitorinq edən beynəlxalq bir təşkilatda yer alması böyük əhəmiyyət daşımır, ola bilsin onlar bunu istəmirlər, lakin rəsmi Bakı beynəlxalq təşkilatlardan kənarda qalmağı da istəmir. Çünki onlar əllərindən gələn hər şeyi edirlər ki, beynəlxalq dəstək qazansınlar, xüsusilə də İqlim Dəyişikliyi ilə bağlı COP29 sammitinin Bakıda keçirilməsi gözlənilən bir ərəfədə, Formula-1 yarışını da nümunə göstərmək olar - bunlar Azərbaycan hökuməti üçün mühüm məqamlardır.

Təsəvvür edə bilmirəm ki, onlar belə bir vəziyyətdə beynəlxalq bir təşkilatı, demək olar bütün Avropa ölkələrinin üzv olduğu təşkilatı tərk etməkdən məmnun olsunlar. AŞPA-ya üzv olmayan dövlətlər sadəcə, Rusiya, Belarus və Vatikandır. Əgər Azərbaycan bu xətti tutmaq istəyirsə, bu, onların öz seçimidir.

Əgər onlar təşkilatda qalmaq istəyirlərsə, təbii ki, biz bundan məmnun olardıq, lakin gərək, qaydalara əməl etsinlər.

BBC Azərbaycanca: Əgər Azərbaycan hökuməti qərara gəlsə ki, Avropa Məhkəməsini tərk edir, bu, sadə azərbaycanlılara böyük təsir göstərəcək, çünki onlar öz məhkəmə işlərini Avropa Məhkəməsinə təqdim edə bilməyəcəklər və Azərbaycan hökuməti də tələbləri yerinə yetirməyəcək. Bu sadə azərbaycanlıların hansı işinə yarayacaq?

Frank Schwabe: Heç bir işinə yaramayacaq. Ancaq əgər ölkə beynəlxalq təşkilatın üzvüdürsə və qaydalara əməl etmirsə, məhkəmə hökmlərini yerinə yetirmirsə - Azərbaycanla bağlı belə hallar çoxdur - o zaman, bu vəziyyət, bizdən bəzi addımlar atmağımızı tələb edir.

Hesab edirik, Azərbaycan təşkilatın hörmətli üzvü olmalıdır. Biz ölkədə insan haqları, demokratiya və qanunun aliliyi ilə bağlı vəziyyətin müsbətə doğru dəyişməsi üçün ölkə əhalisinə dəstək verməliyik.

Amma təəssüflər olsun ki, son həftələrdə, aylarda və illərdə vəziyyətin əks istiqamətdə, özü də dramatik şəkildə dəyişdiyini görürük. Biz Azərbaycanı insan haqlarına hörmət etməyə, azad və ədalətli seçki təşkil etməyə və bizim qaydalarımıza hörmətlə yanaşmağa çağırırıq.

Əgər biz ölkənin hər hansı hissəsində vəziyyəti monitorinq etmək üçün müraciət ediriksə, bu, həmin ölkənin öhdəliyidir ki, bu qərarımızla razılaşsın və bizimlə əməkdaşlıq etsin. Lakin Azərbaycan bu öhdəliyini yerinə yetirmir. Ona görə də, bizdən belə açıq siqnal aldılar.

Bununla belə, biz Azərbaycanla dialoqa açığıq və buna hazırıq. Əgər Bakı bizim qaydalarımıza əməl edəcəyini bildirsə, o zaman Azərbaycan Parlamentindən olan həmkarlar yenidən Parlament Assambleyasına qayıda bilərlər.

BBC Azərbaycanca: Assambleyada baş verən bu parçalanmadan, Azərbaycan deputatlarının parlamenti tərk etməsindən yalnız Rusiya məmnun olacaq deyən ukraynalı deputat Aleksey Qonçarenkoya reaksiyanız, sizin cavabınız nədir? O soruşdu ki, vəziyyət məgər indimi pisləşib. Niyə indi, deyə soruşdu. Mən də sizdən soruşuram, niyə indi, cənab Schwabe:?

Frank Schwabe: Azərbaycanda vəziyyət hər il, hər ay, hər həftə və hətta hər gün daha da pisləşir. İndi daha çox siyasi məhbus var və ölkədə demokratiyanın inkişafı üçün heç bir imkan qalmayıb. Son bir neçə ayda isə, deyərdim ki, vəziyyət daha da pisləşib.

Onların AŞPA ilə əməkdaşlıq təşəbbüslərinin olmaması da, vəziyyətin daha acınacaqlı hal alacağını əminliklə deməyə əsas verir. Azərbaycan özünü sanki bağda meyvə seçirmiş kimi aparmağa çalışır.

Onlar özləri hansı təşkilatları seçkiyə dəvət edəcəklərini, hansılarını dəvət etməyəcəkləri barədə qərar verməyə çalışırlar. Onlarla saxta müşahidəçi təşkilatın dəvət edilməsi yetərli deyil.

İki seçki müşahidə missiyası var və onlar Azərbaycanın da üzv olduğu təşkilatlar - Avropa Şurası və ATƏT tərəfindən mandat alıb. Onlar bizi dəvət etməyə məcbur idilər və bizimlə oyun oynaya bilməzdilər.

Azərbaycan 2015-ci ildə Avropa Şurasının müşahidə missiyasını seçkini izləməsi üçün ölkəyə dəvət etdi, lakin ATƏT seçkini izləyə bilmədi. Niyə? Çünki onlar bilirdi ki, Avropa Şurasından seçkini izləməyə gəlmiş müşahidə missiyalarının çoxu Azərbaycan hökumətindən rüşvət alıb.

Bu 2015-ci ildə baş verib, indi isə 2024-cü ildir. İndi onlar bilirlər ki, Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacaqlar və ümid edirlər ki, ATƏT-in hesabatı o dərəcədə tənqidi olmayacaq.

Bu, Avropada və təşkilatımızda mövcud olan demokratik dəyər və qaydalarla oyun oynamaq deməkdir ki, buna icazə verə bilmərik.

BBC Azərbaycanca: Yəni, necə bir oyun? Seçkini izləməyə dəvət edilən ATƏT demokratik institutdur.

Frank Schwabe: Bəli, ATƏT demokratik institutdur və hazırda Azərbaycan tərəfindən güclü təzyiq altındadır. Avropa Şurası və ATƏT arasında bir fərq var ki, ATƏT-in işləməsi üçün səs yekdilliyilə verilən qərarlara ehtiyac var. Azərbaycan, Rusiya və Türkiyə kimi ölkələr ATƏT-in zəif təşkilat olmasını istəyər.

Onlar istəyir ki, ATƏT-in etimadını zəiflətməyə çalışsın. Lakin Avropa Şurasına qarşı bunu etmək olduqca çətindir, çünki biz qərarların əksəriyyətini majoritar prinsiplə, yəni çoxluğun nəyi dəstəkləməsinə əsasən veririk. Bu cür vəziyyətlərdə biz daha yaxşı işləyirik və biz bu metodu istifadə etmək niyyətindəyik.

Azərbaycan tərəfi isə bu iki təşkilatı bir-birinə qarşı qoymaq üçün oyun oynamağa çalışır.

ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm, çünki bizim razılaşmamız var ki, hər hansı ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə imkan verməyəcəyik.

Yəni ya biz birlikdə çağrılırıq, ya da heç birimiz həmin ölkəyə getmirik. Mən ATƏT-dən bunu istəyirəm.
BBC Azərbaycanca: Bunu ATƏT-in özünə demisinizmi?

Frank Schwabe: Bəli, ATƏT bilir və hazırda bu istiqamətdə müzakirələr aparırıq, lakin onlar Azərbaycan tərəfinin təzyiqi altındadır.

Onlar bilirlər ki, bu ilin oktyabrında ATƏT-in gələcəyi ilə bağlı müzakirələr zamanı bütün ölkələrin, o cümlədən Azərbaycanın dəstəyinə ehtiyacları olacaq, ona görə də bəzi ölkələr tərəfindən, xüsusilə də Azərbaycan tərəfindən ciddi təzyiqə məruz qalırlar.

Mən bu təzyiqlərin nələrdən ibarət olduğunu açıqlamayacam. Ancaq Azərbaycanda hesab edirlər ki, ATƏT-i dəvət etmək, Avropa Şurasını isə kənarda saxlamaq daha yaxşıdır.

Bu isə mümkün deyil və biz buna imkan verməyəcəyik. Əgər Azərbaycan özünün təsdiqlədiyi öhdəliklərdən boyun qaçırırsa, o zaman biz təşkilata üzv olan hər ölkə ilə rəsmi Bakı ilə əlaqələrə yenidən baxılmasını və ya öhdəliklərə yenidən baxılması məsələsini gündəmə gətirə bilərik. Lakin biz heç bir üzvümüzə özünü bu cür aparmağa imkan vermərik.

BBC Azərbaycanca: Hesabatda siz Laçın dəhlizi və Qarabağdakı ermənilərə baş çəkə bilmədiyinizi qeyd etmisiniz. Azərbaycan nümayəndə heyəti belə bir bəyanat verdi ki, 30 il ərzində Avropa Şurası, sitat gətirirəm, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, sitatın sonu göz yumub.

Və nümayəndə heyətinin bu bəyanatı sadə azərbaycanlılar arasında da rezonans yaradacaq, çünki onlar da bir çox çətinliklər yaşayıb. 100 minlərlə azərbaycanlı da qaçqın və məcburi köçkün düşüb.

Frank Schwabe: Biz daha əvvəl qəbul etdiyimiz qətnamələrdə açıq şəkildə göstərmişik ki, qərarlarımızda BMT-nin qətnamələrinə əsaslanırıq. Qarabağ münaqişəsinin başladığı ilkin dövrlərdə artıq bəlli idi ki, Qarabağ Azərbaycanın bir hissəsidir.

Bu hər kəsə aydın idi. Lakin biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik. Bu tip məsələlərlə məşğul olan digər təşkilatlar və digər formatlar mövcuddur.

Belə olan halda, Avropa Şurası bu münaqişəni həll edə bilməzdi. Biz hər hansı ərazinin hansısa ölkəyə məxsus olub-olmadığı barədə müzakirə aparmırıq. Biz insan haqları üzrə monitorinqlər aparırıq.

Əlbəttə ki, biz Ermənistanda insan haqlarının vəziyyəti barədə də danışırıq, və hesabatlar hazırlayırıq. Azərbaycan monitorinq edilir, amma Ermənistan da edilir və hesabatları hamı oxuya bilər. Fərq odur ki, Ermənistan bizə ölkədə istənilən yerə getməyə və orada qiymətləndirmə aparmağa imkan verir, bizə mane olmur. Orda da görüləcək işlər çoxdur və müşahidəmiz altındadır.

Təbii ki, qərarlarımız hər zaman BMT-nin qərarları əsasında hazırlanır. Heç bir şübhə yoxdur ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Lakin biz insan haqları ilə bağlı monitorinq aparırıq. Bura həm də hansı ölkədə olmasına baxmayaraq, qaçqınların vəziyyətini müşahidə etmək kimi məsələ də daxildir.

Bilirəm ki, Azərbaycanda da qaçqınlar çox çətin şəraitdə yaşayıblar. Mən onlarla görüşmüşəm, orada olmuşam və onların necə çətin şəraitdə olduqlarını görmüşəm. Lakin bu əsas vermir ki, digər qaçqınların hüquqlarını pozaq.

Bir daha dəqiq ifadə edim ki, Qarabağın Azərbaycanın bir hissəsi olması hər kəsə məlumdur. Lakin bu cür məsələlərlə məşğul olmaq bizim səlahiyyətimizdə deyil, münaqişələrin həlli prosesi bizim digər beynəlxalq qurumların səlahiyyətindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.