Aygün Kazımova: ““Instagram” səhifəmi oğurlayanın kimliyini açıqlayacam” - VİDEO
26-01-2024, 11:51
“Dostum Ranar Musayevdən mənə mesaj gəldi. Mən onun səhifəsinin oğurlanmasından xəbərim yox idi. Baxdım və dedim ki, bu, Ranarın səhifəsidir. Yoxladım... Bir-birimizə yazdığımız mesajlara baxdım. Ona göndərdiyim səsli mesajları dinlədim. Sonra isə onun səsli mesajlarına qulaq asdım. Mesaj bölməsində aşağı düşdüm və göndərilən linkin üzərinə basdım. Həmin an özümə dedim ki, axı, mən niyə bu linki basdım. Həmin an səhifəmə donuz şəkli gəldi. Bunu etməyə ehtiyac yox idi, çağırardı, gələrdim qoyun otarardım (gülür)”.
Bizim.Media xəbər verir ki, bu sözləri bu gün 53 yaşına qədəm qoyan Xalq artisti Aygün Kazımova qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətçi “Instagram” sosial şəbəkə platformasındakı səhifəsinin oğurlanması hadisəsini belə nəql edib:
“Həmin an heç üzülmədim. Düşündüm ki, bir neçə dəqiqəyə səhifəm açılar. Normal qəbul etdim. Qəmli, kədərli reaksiyaları da anlamadım. Bir neçə gün keçdi, amma səhifəm açılmadı. Mən hər zaman ad günümdə sevənlərimə yeni layihə təqdim edirəm. Bu, artıq ənənəyə çevrilib. Biz də artıq İstanbulda bu layihəni etmişdik. Bitirdik və Bakıya gəldik, başımıza bu hadisə gəldi. Nə olursa, yaxşılığa doğru olur. Ad günümə 3 gün qalmışdı artıq mən özümü narahat hiss etməyə başladım. Elə bil ki, sevənlərimlə əlaqəm kəsilmişdi. Artıq depressiyaya düşürdüm. Amma bu hal yaşanmadı. Belə ki, 23 yaşlı Samir adlı gənc proqramçı səhifəmi açmağa kömək etdi”.
Kazımova bildirib ki, onun səhifəsinin ələ keçirilməsi ilə bağlı müvafiq orqanlara müraciət edilib və bu işi görən şəxs və ya şəxslərin kimliyi yaxın zamanda açıqlanacaq:
“Mənim “Instagram” səhifəmin başına bu oyunu gətirən insanlara təşəkkürümü bildirirəm. Çox sağ olun! Siz mənə pislik etdiniz. Bilmirəm, məqsəd nə idi... Amma bu yaxınlarda hamı biləcək ki, bu işlər kimlər tərəfindən görülüb, hansı ünvandan baş verib. Bununla bağlı lazımi qurumlara da müraciətimizi etmişik. Hamısını açıqlayacağam. Çünki bu məsələ ilə bağlı məndən çox narahatlıq keçirənlər oldu”.
Qeyd edək ki, 10 gündən artıq Aygün Kazımovanın rəsmi “Instagram” səhifəsi oğurlanaraq, ələ keçirilib. Bir neçə gündən sonra müğənnidən səhifəsinin qaytarılması üçün 10 min avro istənilib. Lakin ötən gün Kazımovanın səhifəsi açılaraq özünə təhvil verilib.