Yeni vergi islahatları bizə nə verdi?
5-08-2016, 07:24
Xəbər verildiyi kimi, prezident İlham Əliyev “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bu ilin sonunadək vergi sahəsində baş verəcək bir sıra mühüm yeniliklər əksini tapıb.
teref.az Fins.az-a istinadən iqtisadçı-ekspert Rəşad Əliyevin baş verən yeniliklərlə bağlı şərhini təqdim edir:
“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə əsas dəyişikliklər:
1. pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergi ticarət əlavəsindən (qiymət əlavəsi) tutulacaq. Məsələn: supermarket, 70 qəpiyə alır 80 qəpiyə satır. ƏDV fərqdən, yəni 10 qəpikdən tutulacaq (10 qəpik/1.18*18%=1.5 qəpik). Supermarketlərin ən böyük dərdi həllini tapdı.
2. topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi (P.S. ola bilsin vergiqoymalarında fərq olacaq, əks təqdirdə bu nəyə lazım);
3. Tax free sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması;
4. Beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi. Qeyd edim ki, ƏDV sahəsində bir çox məsələlər 1-də yazdığımda öz həllini tapıb. Ola bilər bu yeniliklər ərzağa da tətbiq edilsin;
5. Kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra ancaq 30 gün müddətində aparıla bilər. Çox böyük irəliləyiş adlandırmaq olar.
6. Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi. Bu o deməkdir ki, malların yüklənməsi və göndərilməsi artıq elektron sistemdə öz əksini tapacaq. Əvvəl vergi orqanı daxil olan pulları banklar vasitəsilə izləyə bilirdilər. Bundan sonra onlar malın hərəkatına da nəzarət əldə edəcəklər. İstənilən halda bu müsbət haldır, şəffaf işləyən şirkət üçün sərfəlidir. Həm də bu elektron audit üçün vacibdir.
7. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsi. Ən ağrılı məsələdir. Qanunvericilikdə problemlər var, məsələn kənd təsərrüfatı mallarını hərdən sənaye mallarını ayırd etmək olmur. Birincilər üzrə güzəşt var (kt malları üzrə), ikincilər üzrə isə yox".