"Bizim dövrün adamları arasında yenidən evlənmək xəyanət hesab olunur. " - 81 yaşlı əməkdar artist

6-08-2016, 16:12           
"Bizim dövrün adamları arasında yenidən evlənmək xəyanət hesab olunur. " - 81 yaşlı əməkdar artist
teref.az əməkdar artist Məcnun Hacıbəyovun AzNews.az-a müsahibəsini təqdim edir:

- Məcnun müəllim, səhhətiniz necədir?

-Yaxşı deyiləm, başım fırlanır. Havalar da istidir. Amma bilirəm ki, dərdim həkimlik deyil, qocayam, ömrümü yaşamışam. 81 yaşım var. Bütün günü uzanıb jurnal, kitab oxuyuram.

- Sinif yoldaşınız Əhmədağa Mürşidov mətbuata açıqlamasında bildirib ki, orta məktəbdə oxuyan vaxtlarınızda ağzınız əyilib. Buna səbəb isə guya “Allah yoxdur, varsa niyə mənə heç nə eləmir” deməyiniz olub.

- Əhmədağa mənim uşaqlıq, gənclik dostumdur. Hərdən toylarda, yas yerlərində görüşürəm. Düz deyir. İndi durub desəm ki, mən yaxşı adamam, yalan olar axı. Kiminsə yaxşı insan olub-olmadığını yalnız yaradan bilir. Onlar məni zorla Quba Mədəniyyət Evinə aparıb səhnəyə çıxardılar. Mən onda cavan idim, əsgərlikdən təzə gəlmişdim, səhnəyə çıxmağa utanırdım. Sağ olsun ki, məni yada salıb.

- Adlı-sanlı, hörmətli bir aktyor birdən-birə niyə Bakıdan, ələlxüsus da ömrünü keçirdiyi Akademik Milli Dram Teatrından getdi?

- Səbəbi var. Elə şeylər var ki, danışa bilmirsən. Daha vaxt da keçib. Bundan sonra onu danışmağın nə mənası var? Mən həyatımı Quba ilə bağladım. Uzun illərdir ki, burda yaşayıram. Özü də tək-tənha. Övladlarım, qızlarım hamısı Bakıda yaşayır. Həyat yoldaşım 17 ildir rəhmətə gedib. O gündən bu günə tənhalıqla yol yoldaşıyam. Tənhalıq ağır bir şeydir, özü də kişi üçün. Burada özümə ev tikmişəm, həyət-baca salmışam. Bağ-bağçam var. Səhnədən ayırıb həyatımı dilsiz ağaclara bağladım.

- Niyə sonradan evlənmədiniz?

- Evlənmək istəmədim. Sevdiyim qadına necə xəyanət edəydim?

- İkinci dəfə evlənmək xəyanət sayılır?

- Bizim dövrün adamları arasında yenidən evlənmək xəyanət hesab olunur. Uşaqlarım da razılıq vermədilər. Özüm də istəmədim. Kişinin arvadı öləndə ikincisi ilə evlənməz. Özüm bir təhər yaşayıram. Övladlarım hamısı Bakıda qalır. Nəvələrim də kənd yerini sevmir, bəs necə edim? Onları gəlməyə məcbur edə bilmərəm axı? Əvvəllər lap yaxşı idim, yaxşı geyinib-keçinib toylara, məclislərə gedərdim. Qəfildən yaşlandım. Oğlum deyir ki, “artıq sən qocalımısan, bir qadın tapmalıyıq ki, sənə baxsın”. İndi mənə baxmağa arvad axtarır. Bunun müqabilində ona pul verəcək. Bütün işlər mənim öhdəmdədir, amma özüm-özümə güclə baxıram. Bəlkə də bir il, bir ay, bəlkə də 10 gün sonra mən özümə heç baxa bilməyəcəyəm. Qızım da, oğlum da bunun üçün çalışırlar ki, mənə baxıcı tapsınlar. Pul verək və həmin adam mənimlə bir yerdə yaşasın. Amma oğlum da, qızım da bunu deyib çıxıb gedir. Bilirəm ki, yalan deyirlər, axtarmırlar. Hər yer adamla doludur, istəsələr taparlar. Özüm bunu hiss edirəm, sadəcə insanlara ağır cavab qaytarmıram. Sabah, biri gün öləcəm, niyə kiminsə qəlbini qırım? Niyə acı danışım? Qardaşım da arvadları bu işə çox könülsüz yanaşırlar. Qabağa düşüb bu məsələni həll edən yoxdur.

- Hər zaman əhnədə, qastrollarda, kamera qarşısında olan bir aktyor ucqar kənd yerində və tənha halda gününü necə keçirir?

- İki yerdə bağım var, ona baxmasam quruyar. 70-80 yaşdan sonra insan hər gün ancaq geri gedir. Hiss edir ki, o adam deyil. Mən çox kitab oxumuşam. Turgenev yazırdı ki, çalış tək yaşa. Düşünürəm ki, əgər mən evlənsəydim, çoxdan ölmüşdüm. Bir dostum vardı, 80 yaşına çatmamış dünyasını dəyişdi. İnsan tək yaşayanda müstəqil olur, sərbəst hərəkət edir. Bir nəlbəkini salıb sındıranda yanındakı sənə kobud cavab verir, deyir bir az yavaş ol. Ancaq insan özü salıb sandıranda heç bir təəssüf hissi keçirmir. Özü sındırıb axı. Turgenev də buna görə tək yaşayıb. Mən də həmin fikri tutdum, bu yolu seçdim. Dahilərin bütün gözəl kəlamlarını nəvələrim üçün yazıb qoymuşam. Nəvələrim isə oxumur. İndiki nəsil kitaba qutuda ilan kimi baxır. Kitab insana mənalı həyat verir. Çox oxudum, amma mənimki də belə gətirdi. İnsanlar çox dəyişib, hamı yalan danışır, oğurluq edir. Belə insanlarla nə cəmiyyət qurmaq olar? Evimə bir qadın gəlirdi, yaraşıqlı qaşığımı evimdən oğurladı. Özü də yad deyil ha, özümünküdür. Çörəyin bol vaxtında oğurluq olar? Hamı bir-birini aldatmaq istəyir.

- Necə dolanırsınız, maddi çətinliyiniz yoxdur ki?

-190 manat pensiya alıram, 60 manat da əməkdar artist adına görə verirlər. İsrafil İsrafilov Akademik Milli Dram Teatrının direktoru olanda bədii şura “Qardaşlıq yardımı” deyilən yardım təyin etdi. Bu yardım mənə 2016-ci ilə kimi veriləcəkdi. Amma Azər Paşa Nemətov gələn kimi bu yardımı kəsdi. Çağırdılar teatra, mühasibatlıqda dedilər ki, teatrın sizə verməyə pulu yoxdur, Bədii Şura qərar verib ki, sənin pulunu kəsək. İstədim şikayət edəm, amma vaz keçdim. Onun qərarından belə çıxır ki, guya teatrın əlavə pulu yoxdur. Özümə də bir sənəd verdilər. Sənəddə yazılıb ki, teatrın imkanı yoxdur, çünki Teatra gələn yoxdur. Onda daha niyə işləyirsən, ərizə ver çıx da… Qoy başqası gəlsin. 200 manat yardım nə idi ki, onu da Azər Paşa mənə çox gördü? Heç kim də bu barədə ona nəsə deməyib. Kim öz yerini pis edər? İndi elə adamlar yoxdur. İnsanlar arasında münasibətlər yaxşı deyil. Necə olur ki, 4 il mən o yardımı aldım, amma siz gələn kimi onu kəsdiniz!?

- Sənət yoldaşlarınızdan sizə kim baş çəkir?

– Rəhmətlik İlham Əsgərov tez-tez gələrdi, heyif ondan. Çox gözəl yoldaşı var, qızının ad gününü bizdə keçirdik. Əli Nur, Hacı İsmayılov da gəlirdi, indi daha gəlmirlər…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.