“13 yaşlı uşaqlara qadağan olunmuş iynə vururlar” - Federasiyaya ağır ittihamlar

13-08-2016, 13:54           

“İCTİMAİ TV NİCAT RƏHİMOVUN MÜKAFATLANDIRILMASINI GÖSTƏRMƏDİ, KƏSDİ”

Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası, hakimlər kollegiyasının üzvü Vahid Nəzərov müsahibə verib.

O, həm olimpiadada Qazaxıstan milli komandası adından qızıl medal qazanmış Nicat Rəhimov haqqında danışıb, həm də federasiyadakı qayda pozuntularından söhbət açıb.

- Vahid müəllim, ağır atletika üzrə milli komandamızın keçmiş üzvü Nicat Rəhimov Qazaxıstan üçün Olimpiya oyunlarının qızıl medalını qazandı. Onun Azərbaycandan getməsi, federasiya və baş məşqçi tərəfindən loru dillə desək yola verilməməsi ciddi müzakirələrə səbəb olub. Bu haqda nə düşünürsünüz?

- Nicat mənim məşqçilik etdiyim komandanın tərkibində olub. Öz üzərində işləyən, zəhmətinin bəhrəsini görmək istəyən idmançı olub. Federasiyaya əcnəbi məşqçilər gətiriləndən sonra AAAF-da təlim-tərbiyə pozuldu.

Daha sonra İsgəndər Əsgərovu gətirib icraçı direktor qoydular. Bütün işləri ona tapşırdılar. Mən görürdüm ki, milli komandada təlim-tərbiyə qalmayıb, dəfələrlə öz iradımı bildirmişdim. Hətta bu barədə bir çox idmançılar şikayət edirdilər.

Bu barədə idmançının özü də demişdi ki, yığmada içki içirlər, siqaret çəkirlər. Hətta mən də, Nicatın atası Əli Rəhimov da kanallara çıxıb dedik ki, belə olmaz, milli komanda uçuruma gedir. Amma elə oldu ki, bıçaq sümüyə dirənən bir vəziyyətə gəlib çıxdılar.

O zaman nazirliyin rəhbər işçiləri deyirdilər ki, Zlatan Vanev yüksək səviyyəli mütəxəssisdir. Guya Nicat yalan danışır və tərbiyyəssiz uşaqdır. Narazılıq edirdim ki, o cür idmançını əldən verməyək. Amma nə federasiya rəhbərliyi, nə də Gənclər və İdman Nazirliyindən buna reaksiya verildi. Federasiyanın baş katibi Yavər Hacıyevlə də söhbət etdim, bildirdim ki, onu ölkədə saxlamaq lazımdır. O zaman onu Gürcüstana aparmaq istəyirdilər. Həmi gün qaytarıldı, amma 3-4 gün sonra eşitdim ki, Nicatı yenidən küsdürüblər, gedib.

Amma o gedəndən sonra çox gözəl nəticələr verdi.

Atası ilə də söhbət etmişdim. Bildirmişdim ki, bu, müvəqqəti çətinlikdir, uşağı göndərmə.

Amma özü də mətbuata çıxışında bildirmişdi ki, oğlua dopinq verirlər, iynə vururlar, qadağan olunmuş preparatlardan istifadəyə məcbur edirlər.

- Onun getməyində birinci səbəb nə idi?

- Birinci səbəb federasiyadakı hərc-mərclik, nizam-intizamsızlıq. Ona deyirdilər ki, dərman at, bəzi preparatları qəbul et, Nicat da etirazını bildirirdi.

Spirtli içkilər içirdilər, nizamsızlıq edirdilər. O da namaz qılan uşaqdır, belə şeyləri xoşlamırdı.

- Doğrudan da milli komandada içki içib, siqaret çəkənlər çox idi?

- Əlbəttə ki, var idi. Mən öz gözümlə görürdüm ki, Zlatan Vanev (keçmiş baş məşqçi) oturub məşq prosesində idmançılarla siqaret çəkir. Buna görə etirazımı da bildirirdim ki, bu nədir, bu necə təlim-tərbiyədir.

Narazılığıma təəssüf ki, fikir vermirdilər.

Amma artıq qatar getdi, Nicat Rəhimov kimi idmançı əldən çıxdı.

Mən 2010-cu ildə federasiyadan çıxıb getdim. Görün 2010-2016-cı ildən federasiyada hansı uğur olub. Qazanılan medallar da dopinqə düşdüklərinə görə geri qaytarılır.

Mənim dediyim odur ki, heç olmasa gəlin indi yeniyetmələri, gəncləri milli ruhda, düzgün yetişdirə bilək. Bizim vətəni, torpağı sevsinlər. Medalı qazanan qoy özümüzünkü olsun, hansısa əcnəbi yox. Kimə lazımdır onun qazandığı medal? Milyonlarla pullar gedir. 2010-2016-cı illərdə dövlətdən görün nə qədər maliyyə ayrılıb onlara... Hamısı məhv oldu.

Bir çox güclü gənc idmançılarımız var idi, finala gedə bilən atletlər idi. Onları qoruya bilmədik. Çünki əsl mütəxəssislər federasiyadan uzaqlaşdırılıb.

Deyirlər federasiyaya yeni postlara adamlar təyin olunub. Ancaq bilməlidirlər ki, milli federasiyalara təyinat olmur, seçim yoluyla gəlirlər. Hər tsiklın sonunda milli federasiyalar hesabat-seçki konfransı keçirməldir.

- Axı yeni təyinatlar olarkən iclas keçirilirildi...

- Xeyr, eyni şey deyil. Bu iclas 4 ildən bir keçirilməldir. Heç kimin ixtiyarı yoxdur ki, kimisə qeyri-qanuni şəkildə işdən kənarlaşdırsın.

AZAL-ın rəhbəri Cahangir Əsgərov da neçə illərdir ki, orada oturub.

- Sizcə, federasiyada baş verənlərə Cahangir Əsgərov niyə reaksiya vermir?

- Cahangir müəllim dövlət məmurudur, federasiyanın rəhbəridir. O, maliyyə baxımından yardım edə bilər. Ancaq onun ətrafında olanlar mütəxəssis deyillər. Mən rəhbərəmsə, xoşum gələn adamı yuxarı başa keçirib vitse-prezident etməli deyiləm.

- O zaman federasiyadakı bu yeniliklərin yaxşılığa doğru bir dəyişiklik etməyəcəyini düşünürsünüz?

- Xeyr, dedim axı orada çalışanlar qeyri-peşəkarlardır. Onlar hamısı qeyri-qanunidir. Federasiyaların nizamnaməsi ciddi şəkildə pozulursa, orada təlim-tərbiyədən, qanundan danışa bilməzlər.

Qanun pozulanda orada dopinq də olacaq, xuliqanlıq da. Ancaq qanun çərçivəsində işimizi görsək, belə olmazdı. Heç bölgələrdəkilərin xəbəri yoxdur ki, əsas federasiyaya kim gəlib, kimi seçiblər.

Onu da deyim ki, içərdəki bəzi halları ört-basdır etmək üçün məni və bəzi mütəxəssisləri uzaqlaşdırıblar.

- Tofiq Heydərov federasiyaya gəldi. Onun gəlişi də nəyisə dəyişməyəcək?

- Nə Tofiq müəllim, nə mən, nə bir digəri... Qayda pozuntusu varsa, nə edə bilərik?
Əgər bir dövlətdə 5 idmançıdan artıq idmançı dopinqə düşürsə, narazılıq varsa, hesabat-seçki konfransı mütləqdir. Araşdırılmalıdır ki, bizim 20-25 nəfərimiz niyə dopinqə düşüb?

- Vahid müəllim, milli komandamız hələ də yığılmayıb?

- Bunun üçün öncə ölkə çempionatları keçirilməlidir. Bilirsiniz, planlar yerinə yetirilmir. Federasiya tərəfindən il ərzində nazirliyə təqvim planı təqdim olunmur. Çünki bütün hər kəs nəzarətsizdir.

11, 12, 13 yaşlı idmançı uşaqlara iynə vururlar. O yaşda uşaqlara dərman verərlər? Kim öz övladına qadağan olunmuş preparatlardan verilməsinə razı olar? Onlar da bizim balalarımızdır.

Çöldə kiminsə əlində narkotik vasitə görən kimi ona həbs cəzası verirlər. Dopinq də qadağan olunub, nəyə görə idmançılarımız ondan istifadə etməldirilər? Gənc idmançılarımıza bu dərmanları verənlər əcnəbi mütəxəssislərdir.

Onun nəyinə lazım, öz milləti deyil ki... Gəlib zəhərləyir idmançıları... Bolqarıstan idmançıları olimpiya oyunlarına buraxılmır. Dopinqə görə.... Amma baş bilənlərimiz oradan mütəxəssis gətirirlər.

- Sizcə Nicatın millidən getməyinə federasiyada peşman olublar?

- Onu deyə bilmərəm. Amma o gün İctimai Televiziyada Nicat Rəhimovun Olimpiya oyunlarında mükafatlandırılma mərasimini kəsdilər. Göstərmədilər. Çünki o, bizdən gedib başqa ölkə adına medal qazanıb.

- Kanallar da onun göstərilməsini istəmir?

- Əlbəttə, bu problem aşağı səviyyəli bir şey deyil. Kimə sərf etmir, icazə vermir.
Ölkə prezidenti idmana o cür maliyyə buraxır, o qədər diqqət, qayğı göstərir, amma bəzi adamlar bizi biabır edirlər.

- Olimpiya dərəcəli hakimsiniz. Nəyə görə Rioya təyinat almadınız?

- Mənim sənədlərimi ora göndərmirlər. Beynəlxalq federasiyanın Prezidenti Tomas Ayana zəng etdim ki, nəyə görə məni çağırmayıblar. Dedi ki, “sənin sənədlərin gəlsəydi, çağırardıq”.

Bunun da səbəbi odur ki, mən mətbuatla dostam. Həmçinin, onların dediyi kimi ağa qara demirəm. Ağa ağ deyib düz danışıram.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.