Tarixdən sıfır bal toplayıb tarix müəllimi OLANLAR: Ölkəni gözləyən mütəxəssis qıtlığı - Ekspertdən XƏBƏRDARLIQ

19-03-2024, 07:53           
Tarixdən sıfır bal toplayıb tarix müəllimi OLANLAR:
“200 balla ali təhsil müəssisələrinin müəllimlik, mühəndislik ixtisasına qəbul olan mütəxəssislər gələcəkdə özləri həmin ixtisas üzrə mütəxəssis hazırlaya bilməyəcək”.

Bu fikirləri ali təhsil müəssisələrinə qəbul prosesində balı aşağı olan ixtisaslar və həmin ixtisaslarda təhsil alan şəxslərin daha sonra kadr hazırlığı prosesinə qatılmasında yarana biləcək çətinliklər barədə danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ixtisas üzrə minimal bilik və bacarıqlara malik olmayan şəxslər gələcəkdə peşəkar kadr yetişdirə bilməz:

“2024-cü ildə ali təhsil müəssisələrinin bakalavriat təhsil səviyyəsinə qəbul olmaq istəyən abituriyentlərin sayında kəskin artım müşahidə edirik. Bır sıra ixtisaslara aşağı balla qəbul olmaq mümkündür. Həmin ixtisaslara aşağı ballarla qəbulun həyata keçirilməsi gələcəkdə mütəxəssis hazırlığına öz mənfi təsirini göstərəcək. Xüsusilə, müəllimlik, mühəndislik kimi ixtisaslarda minimum bilik və bacarıqları olmayan şəxslər gələcəkdə peşəkar kadr kimi yetişdirə bilməz.

Bu gün Azərbaycanda 200 balla ali təhsil müəssisələrinin müəllimlik ixtisasına qəbul olan mütəxəssislər gələcəkdə özləri həmin ixtisas üzrə mütəxəssis hazırlaya bilməyəcəklər. Nəzərə alsaq ki, bu gün hər hansı abituriyentin riyaziyyat fənnindən, tarix fənnindən sıfır bal toplayaraq riyaziyyat, tarix müəllimi olması əsas məqamlardandır.

Üçüncü ixtisas qrupunda “Regionşünaslıq” ixtisasına hətta 2022-ci ildə 157 bal ilə dövlət universitetinə qəbul olmaq mümkün idi. Bu il də “Regionşünaslıq” ixtisasına qəbul 180-190 bal ətrafında formalaşıb. Plan yerlərinin artdığını nəzərə alsaq, bu ixtisasın balının yenə də 200 ətrafında olacağı proqnozlaşdırılır. Fikrimcə, bu, yaxşı hal deyil. Çünki regionşünaslar həmin region üzrə mütəxəssis kimi yetişir.

Etiraf edək ki, 190 bal toplayan abituriyent o qədər də yüksək səviyyədə mütəxəssis ola bilməz. Bu ixtisasa balın aşağı olması insanlarda həmin ixtisasın əhəmiyyətsiz olması ilə bağlı fikir formalaşdırır. Halbuki beynəlxalq münasibətlər sisteminin formalaşmasında regionşünas mütəxəssislərin böyük rolu var. Belə hallar gələcək kadr hazırlığı üçün ciddi problemdir”.

İsmayıl Bakuvi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.