Amerikanın Qarabağla bağlı gizlin planı üzə çıxdı – İlginc faktlar

19-03-2024, 10:41           
Amerikanın Qarabağla bağlı gizlin planı üzə çıxdı – İlginc faktlar
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi növbəti dəfə bölgədə müharibə riskinin olduğunu, Azərbaycanın Zəngəzur istiqamətində həmlə edəcəyini açıqlayıb. Sizcə, bu məlumatlar nəyə əsaslanır? Amerika bu kimi hesabatları yaymaqla nə məqsəd güdür?

- Amerika vətəndaşlarını hansısa bölgədən kənar durmağa çağırırsa, orada təxribat törədəcəyi bəlli olur. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin tarixini araşdırdıqda da bunu görmək olur. Amerika sanki Hollivud filmi çəkir. Öncədən ssenari qurur, daha sonra isə insanları qorxudur. İndiki halda Amerika Azərbaycanla Ermənistanı yeni qarşıdurmaya çəkir. Məqsəd bununla bölgədəki vəziyyətdən faydalanmaqdır. Azərbaycan isə buna imkan verməyəcək. Çünki Azərbaycanın Ermənistanla silahlı müstəvidə görəcəyi bir iş qalmayıb. Hələ Ermənistanın işğalında qalmış 8 kəndlə bağlı isə vəziyyət tamam fərqlidir. Həmin 8 kənddən dördü Azərbaycan sərhədlərinə bitişikdir. Qazax istiqamətində 3, Naxçıvanda isə bir kənd anklavdır. Bu kəndlərin azad edilməsi üçün isə yeni silahlı qarşıdurma aparmaq ehtimalları çox azdır.

- Sizcə, davamlı olaraq yeni müharibə təhdidlərini dövriyyəyə buraxmaq hansı məqsədlərə xidmət edir?

- Onlar Azərbaycanı dünyaya işğalçı kimi tanıtmaq istəyir. Amerikanın bölgə ilə bağlı layihəsi pozulub. Ona görə də, ABŞ Azərbaycan əleyhinə işlər aparır. “Toplum” TV, “Abzas” media ilə bağlı məsələlər üzə çıxdıqdan sonra vəziyyət bir qədər də gərginləşib. MKİ indi çox çaşqın bir vəziyyətə düşüb. Çünki Azərbaycanın təhlükəsizlik orqanları ABŞ-nin bölgədə aparmağı planlaşdırdıqları layihələri üzə çıxarır. Bu hələlik onlara sirr olaraq qalır. Onlar Azərbaycan dövlətinin bu cür məlumatları əldə etmək imkanlarına malik olacağını gözləmirdilər. Daxildən Azərbaycanı dağıtmaq planları alınmadı.

- Azərbaycanla bağlı rəsmi Vaşinqtonun aqressiv yanaşmasının kökündə nə dayanır?

- 120 ildir ki, ABŞ milli təhlükəsizlik adı ilə dünyanın hər yerində öz siyasətini yürüdür. İstədikləri yerdə işğal, çökdürmə siyasəti aparan Amerika kim onların maraqlarına toxunursa, onu hörmətdən salmağa çalışır. Azərbaycan ABŞ-nin yeni Qafqaz maraqlarını suya saldı. Çünki Amerikanın “priston” layihəsinə görə, keçmiş Dağlıq Qarabağ müstəqil respublika kimi tanınmalı idi. Azərbaycan Qarabağı geri qaytarmaqla yanaşı onun qondarma statusunu da ləğv etdi. Ona görə də, Amerikanın indiki halda yaydığı yalan məlumatlardan narahat olmağa dəyməz.

- Bu yaxınlarda İranın Zəngəzurda hərbi baza açacağı ilə bağlı xəbərlər yayılmışdı. ABŞ-nin bu gedişinin Tehranın niyyətinə qarşı olması ehtimalını necə dəyərləndirirsiniz?

- İranın Zəngəzurda hərbi baza açmaq imkanları yoxdur. İranın bir kilometr eni olan əraziyə girməsi ABŞ-ni qəti narahat etmir. Amerikanın burada marağı başqadır. Vaşinqton maksimum dərəcədə Azərbaycanın Rusiya ilə münasibətlərini korlamaqda maraqlıdır. Eyni zamanda Bakı ilə Pekinin münasibətlərinə zərbə vurmaq, Türk Dövlətləri Təşkilatının formalaşmasının qarşısını almaq Amerikanın əsas hədəflərindən biridir. Onun Rusiyaya gücü çatmır deyə belə hərəkətlər edir. Ukrayna, Gürcüstan qurban verildi. Növbəti qurbanları Moldovadır. Növbə Ermənistana çatır. Azərbaycan isə bu oyunlarda yer almır. Amerikanı da narahat edən odur ki, Azərbaycan niyə bu tələyə düşmür? Eyni zamanda Ermənistanın özü də İrana ərazisində hərbi baza açmağa imkan verməyəcək. Rusiyanı satan Ermənistan İrana da xəyanət edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.