Azərbaycanda ət çatışmazlığı yaranıb - MÜSAHİBƏ

21-03-2024, 15:28           
Azərbaycanda ət çatışmazlığı yaranıb - MÜSAHİBƏ
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 8 min 180 ton ət idxal edib.

“Cebhe.info” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 17 milyon 442 min ABŞ dolları olub.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 858 ton (11,7%), dəyər baxımından isə 5 milyon 450 min ABŞ dolları (45,4 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya müsahibə verib.


- Akif bəy, dünya bazarında ət bahalasıb ki, bizim xərcimiz belə artıb?

- Bilirsiniz, dünya bazarında ətin qiyməti o qədər də artmayıb. Bəzi hallarda bahalaşır, bəzi hallarda ucuzlaşır. Hardasa 8-10 faizə qədər artımın olduğu söylənilə bilər. Amma əsasən taxilın, buğdanın və digər yem məhsullarının qiyməti qalxdığına görə heyvanlara çəkilən xərclər artmağa başlayıb. Bu səbədən ətin qiyməti müəyyən qədər artıb. Ölkəmizdə isə yaxın 8 ildir ki, ət istehsalı ildən-ilə azalmağa başlayıb.

- Yerli ət tələbatımızı neçə faiz ödəyir?

- Əvvəllər yerli ət daxili bazarın 50 faizini ödəyirdisə, hazırda 25-30 qədər enib. Konkret rəqəmləri Dövlət Stastistika Komitəsindən əldə edə bilərsiniz. Lakin stastistik rəqəmlər çox zaman həqiqəti əks etdirmir. Həm də çox tez bir zamanda rəqəmlər dəyişgən olur. Əvvəllər ət xaricdən müəssisələr üçün alınırdısa, indi daxili bazarı təmin etmək üçün ölkəmizə ət idxalı olunur

- Ətə olan tələbatımız artıb deyə daha çox ət idxal etməli olmuşuq?

- Ətə olan tələbat hər zaman ölkəmizdə çox olub. Azərbaycanda ət istehsalı dediyim kimi, hər il azalır. Bu ilin əvvəlindən isə daxili bazarda hətta çox ciddi ət çatışmalığı müşahidə olunur. Keçən ilin yanvar ayı ilə müqayisədə bu il 2 dəfə daha çox ət idxal etmişik. Keçən ilin yanvar ayında 200 min ton ət idxal etmişiksə, bu il 450 min ton ət idxal etmişik.

- Yerli bazarda nə baş verdi ki, biz ət idxalından belə asılı bir hala gəldik?

- Son bir neçə ildə kənd təsərrüfatı sahəsində gözlənilən ciddi islahatlar aparılmadı. Aparılsa da özünü doğrulda bilmədi. Heyvandarlığın inkişafı üçün gərək müəyyən şərait yaradılaydı. Heyvan üçün də ən gözəl şərait örüş yerlərinin çox olması ola bilər. Bunu etməklə heyvanlara çəkilən xərcləri azaltmaq olar. Lakin heyvandarlıq üçün ölkəmizdə örüş yerləri çox olsa da, praktikada istifadəsinə çox rast gəlinmir. Bu səbədən heyvanların qidalanması -taxıl, arpa, ot və digər qidalanma məhsulları fermerlərə baha başa gəlir.

- İşğaldan azad olunmuş ərazilərdə heyvandarlıq üçün şərait yaradıla bilər?

- Əlbəttə, yaradıla bilər. Hətta heyvandarlığın inkişafı üçün ən böyük fürsətlərdən biri məhz elə Qarabağ zonasıdır. Orada kifayət qədər geniş olan örüş sahələri var. Sadəcə olaraq minalanmış sahələrin təmizlənməsini gözləmək lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.