“Əsgərov oğluma dopinq verdirirdi” - Nicat Rəhimovun atası dəhşətli faktlar açıqladı
16-08-2016, 22:43
Rioda keçirilən yay Olimpiya Oyunlarında Qazaxıstan adına qızıl medal qazanan azərbaycanlı ağır atlet Nicat Rəhimovun atası, mətbuatda qalmaqallı açıqlamalarla çıxış edən Əli Rəhimovun AzNews.az-a müsahibəsi:
Yarışdan 1 həftə əvvəl gələn mesaj
- Əli müəllim, çempion atası olmaq neçə hissdir?
- Hər bir valideyn övladının uğuruna sevindiyi kimi təbii ki, mən də sevinirəm. İstədiyim, məqsədim nə idisə, ona da çatdım. Dünya çempionu və olimpiya çempionunun atası oldum.
İdmanda bundan böyük nailiyyət yoxdur.
- Nicat olimpiadaya gedəndə onun medal gətirəcəyinə inanırdınız?
- O, 2013-cü ildə Azərbaycan yığmasından uzaqlaşanda demişdim ki, Nicat gələcəyin olimpiya və dünya çempionudur.
Bəzi mətbuat orqanlarına da bu barədə açıqlama vermişdim. İnanmaya bilərlər, amma mesajı sizə göstərə bilərəm: 5 avqust tarixində Qazaxıstan milli komandasının baş məşqçisi mənə mesaj yazıb. Mesajında olimpiya çempionunun atası kimi Almatı hava limanında olmağımı rica edir. Yəni hamı Nicata inanırdı.
Qazaxıstanda Nicatın potensialını görürdülər, elə buna görə də milliyə qəbul etdilər. Onlar da inanırdı ki, Nicat Rəhimov olimpiya çempionu olacaq. Qazaxıstanın ağır atletika yığma komandası elə-belə komanda deyil. Dünyada tanınmış, seçilmiş komandadır.
Amma burada bir sual yarana bilər ki, qazaxıstanlıların özündə güclü idmançılar var idisə, bəs niyə Nicatı yığmaya götürürdülər?
- Niyə?
- Mən onları axtardım. Əlaqələrim var idi, bilirsiniz ki, mən özüm də ağır atlet olmuşam. Dünyaca tanınmış məşqçi Enver Türkilərinə zəng etdim. Enver Türkiləri Türkiyənin 3 qat olimpiya çempionu Halil Mutlunun, əfsanəvi Naim Süleymanoğlunun və bir çox dünya rekordçularının məşqçisi olub.
Ona zəng edən kimi dedi ki, buyur gətir.
- Nicatı ilk görəndə nə dedilər? Onun üçün sınaq məşqi keçirildi?
- Bəli. Qazaxıstanın baş məşqçisi ilə də danışdım. O da dedi, gətir Enver Türkileri bir dəfə baxsın, qərar verəcək.
Düzdür, Nicatı tanıyırdılar, çünki Azərbaycanda olarkən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, İspaniyanın Valensiya şəhərində keçirilən Avropa çempionatının qızıl medalçısı olub.
Mən də Nicatı apardım onların yanına…
Enver Türkileri maşından düşüb əlini kürəyimə qoyub dedi ki, “mən Almatıdan getmək, Türkiyəyə qayıtmaq istəyirdim. Amma mən sırf Nicat üçün burada qalıram, müqaviləmi uzadıram”.
- Əli müəllim, sizcə Nicat burada qalsaydı, çempion ola bilərdimi?
- Xeyr, desəm ki, çempion olardı, həmin nailiyyətləri verərdi, yalan olar. Burada qalsaydı, nəinki olimpiya çempionu olardı, bəlkə idman aləmindən də uzaq düşərdi. Çünki Azərbaycan ağır atletikasının hazırki vəziyyəti göz önündədir. Biz 3 il bundan qabaq demişdik ki, ağır atletikamız uçuruma gedir. Nicat da, mən də müsahibələrimizdə bu problemdən danışmışdıq. Demişdik ki, Azərbaycan ağır atletikası sıfıra enəcək.
Bu səbəbdən də mən övladımı götürüb perspektivi olan yerə apardım. Bizim idmana dövlət tərəfindən, prezident tərəfindən qayğı böyükdür. Amma buna baxmayaraq, bəzi məmurların şəxsi mənafeyi üzündən bu qayğı nəticəsiz qalır, biabırçı hallar olur.
“Nicatın getməsinə şərait yaratdıqları üçün onlara təşəkkür etdim”
- Nicatı Qazaxıstana aparmazdan öncə iradlarınızı rəhbərliyə kimi çatdırmışdımız?
- Federasiyanın rəhbəri Cahangir Əsgərovun özü ilə görüşə bilməsəm də, onun quruma icraçı direktor təyin etdiyi İsgəndər Əsgərova öz sözümü demişdim (İsgəndər Əsgərov Cahangir Əsgərovun qardaşı oğludur - red.)
İndi isə elə ilk növbədə İsgəndər Əsgərova təşəkkür edirəm ki, Nicatı Qazaxıstana aparmağıma səbəb oldu.
Çünki federasiya bizə o “şəraiti” yaratdı, Nicat da Azərbaycandan çıxıb getdi.
- Lakin Nicatın qələbəsindən sonra İsgəndər Əsgərov özü heç bir açıqlama vermədi...
- Çünki onun üzü yoxdur nəsə desin. Hansı üzlə danışa bilər!?
- Əli müəllim, bu gün AAAF Nicatı yenidən geri istəyə bilərmi?
- Nicatı istəməklə deyil, gərək Nicatın özü istəsin. Qayıdıb, qayıtmayacağını isə gələcək göstərər. Nicat azərbaycanlıdır, azərbaycanlı olaraq da qalır. Onun vətəni, torpağı Azərbaycandır. O, Azərbaycan məktəbinin yetirməsidir, bizim dövlət başçısının qayğısı nəticəsində yetişib. Nicat yeniyetmələrin olimpiya çempionu olanda prezidentin ona ev mükafatı verərkən çəkilmiş şəkli var. Mən fəxr edirəm ki, oğlum Azərbaycan prezidenti ilə yan-yanadır.
Bəzi mətbuat orqanları Nicatın müsahibəsindən bir sözü bayraq ediblər ki, “Azərbaycana qonaq kimi gələ bilərəm”.
Niyə qayıtmır?! Burada doğulub, buranın qayğısı nəticəsində idmana addım atıb. Amma indi tale elə gətirib ki, Nicat Qazaxıstandadır.
Bunun nəyi pisdir? Qazaxıstan prezidenti Nicatı təbrik edərkən deyib ki, “Qazaxıstan xalqı səninlə qürur duyur”. O zaman biz niyə qürur duymayaq?
- Bilirsiniz ki, bir müddət əvvəl ağır atletlərlə bağlı dopinq qalmaqalı yaşandı. Məlum oldu ki, məşqçilər idmançılara qadağan olunmuş dərman preparatları veriblər. Nicat burada olarkən onu da qadağan olunmuş dərmanlardan istifadəyə məcbur edirdilər?
- Bəli, ağır atletika millimizin keçmiş baş məşqçisi Zlatan Vanev şəxsən məni Şeraton otelə çağırıb, bu barədə deyib. Onda razılaşmamışam. Sonra İsgəndər Əsgərov özü mənə neçə dəfə zəng edib deyib, razılaşmamışam. Demişəm olmaz. Mən hətta Zlatan Vanevə tapşırıq vermişdim ki, əgər oğluma qanunsuz dərmanlar versəniz, məndən inciməyin.
Bundan sonra Nicatgil İsmayıllıda olarkən ona dərman veriblər. Onu da Nicat özü mənə dedi. Oğluma 2-3 gün vitamin adı ilə dərman veriblər. Bununla da Nicat bir dəfə dopinqdə tutuldu.
“İndi də deyirlər vəhhabidir”
- Amma Nicat gedəndən sonra haqqında xoş olmayan söhbətlər dolaşmağa başladı...
- Biz öyrənmişik yıxılana balta vurmağa. İndi də bəzi “ağzıgöyçəklər” Nicata saqqalına görə vəhhabi adı qoyublar. Onun saqqalının dinlə, yaxud vəhhabiliklə əlaqəsi qətiyyən yoxdur.
Nicat burada olanda da saqqalı var idi, onun üzündən tük çıxan vaxtdan saqqal saxlayır. Burada olanda niyə demirdilər?
Ona vəhhabi adı qoyanlar finalda Nicatın zəfər rəqsini izləmədi? Vəhhabilər üçün musiqi haram hesab edilir. Vəhhabidirsə sonda etdiyi rəqs nə deməkdir? Vəhhabilik hara, bu “ləzginka” hara? Oğlumu qaralamaq üçün indi də belə şeylərə əl atırlar…
- Məlumat yayıldı ki, İsgəndər Əsgərov o vaxt deyib ki, “Nicatın atası çörəkçidir, o da çörəkçilik etsin”… Bunu sizə demişdi?
- Bəli. Əvvəlcə onu deyim ki, mən ağır atletikada olmuşam. Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişəm. Amma bu sahədə işləyə bilməyəcəyimi bilirdim. Savadım o dərəcədə deyildi ki, mən gedib tarix müəllimi işləyim. Oranı da idmanın sayəsində bitirmişəm. Hərə bir şeylə çörək pulunu qazanırdı, mən də 1998-ci ildən çörək işinə baxıram. Bunun nəyi pisdir? İsgəndər kimi haram çörək yemirəm, kiminsə puluna “hoppanıb, tullanmıram”.
- Bəs onun bu məsələni qabartmaqda məqsədi nə ola bilərdi?
- Özünü təmizə çıxartmaq, indi danışsın da… Niyə mətbuatdan qaçır? Nə deyə bilər axı?
“Baş məşqçi oğlumu və komandanı bara aparmışdı”
- İsgəndər Əsgərovu haradasa görsəniz, ona nə deyərdiniz?
- Heç nə, sadəcə təşəkkür edərəm. Bir az öncə də dediyim kimi, o dönəmdə bu həngamələri çıxartmasaydılar, Nicatı götürüb aparmazdım.
Sizə bir şeyi də deyim. Nicatı aparmazdan qabaq Gənclər və İdman Nazirliyində oldum.
Rəhmətlik Mirkamil müəllim var idi, onun qəbulunda olub söhbət etdim. Məndən soruşmuşdu ki, “Əli, niyə bir tək sən edirsən bunu? Axı o biri idmançıların da valideynləri nə isə deyə bilərdi? Nəyə görə bir tək sən şikayətini dilə gətirirsən?” Dedim çünki mən idmançı olmuşam, görürəm oradakıları. O birilərinin valideynləri rayondadılar, uşaqlarını göndəriblər, arxayındırlar.
İsgəndər müəllim bilmirdi ki, mən “Spartak”ın baş məşqçisi olmuşam, Azərbaycan yığma komandasında, Keçmiş SSRİ-də çıxış etmişəm.
Bir dəfə gecə saat 2-də mənə zəng gəldi ki, oğlun Şüvəlanda komanda ilə birgə bardadır, yeyib-içir. Həmin dəqiqə İsgəndər Əsgərova zəng etdim ki, “İsgəndər müəllim, mənim bir oğlum var. Onu da Azərbaycan Ağır Atletika Federasiyasına əmanət etmişəm. Mənim oğlumun gecə saat 2-də barda nə işi var?!”
Cavabı nə olsa yaxşıdır? “Bunlar həftədə bir-iki dəfə dincəlmək üçün bara gedirlər”. O zaman dedim ki, mən oğluma icazə vermirəm.
Baş məşqçi də onlarla idi. Hamısını yığıb aparırdı bara, restorana. Həftədə 4 dəfə oğlumun məşqinə gedirdim. Nə vaxt otağına gedirdin, görürdün ki, baş məşqçi qızları, oğlanları otağına yığıb, viski içir, siqaret çəkir. Bunu mən dəfələrlə dedim, amma görünən odur ki, onlara belə sərf edirmiş. Mən onlara lazım deyildim.
- Əli müəllim, Nicatın məşqçiləri kimlər olub?
- Nicatın buradakı məşqçisi özüm olmuşam, bir də Nizami Paşayev. Başqa heç kim “Nicat mənim tələbəmdir” deyə bilməz.
- Peşəkar idmanda zədə qaçılmazdır. Bəs ağır atletlərimiz zədə alanda xərcləri AAAF qarşılayırdı, ya özünüz ödəyirdiniz?
- İsgəndər müəllim mənə deyib ki, müalicə və müayinəsinə biz pul verə bilmərik, get özün elətdir. Düzdür, Nicatın zədəsi olmayıb, sadəcə dizində ağrılar olub. Bir ağrı olan kimi mən onu həmin an həkimə aparmışam. MRT - yə saldırmışam. Bir ayağın MRT-si 148 manat idi. Gömrük Hospitalında həkim müayinəsinə öz hesabıma aparırdım. Sadəcə bir dəfə federasiya ona həmin pulu vermişdi. Sonradan Zlatan Vanev deyirdi ki, federasiya onun müalicəsi üçün pul ayırdı. Bir dəfə etdilər, onu da başımıza qaxdılar.
Ondan sonra nə olubsa, özüm etmişəm. Mən federasiya pul ayırmayıb demirəm. Ola bilər ki, Cahangir müəllimdən bu işlər üçün pul alıb, nəyəsə xərcləyiblər, orasını artıq mən bilmirəm.